Cəfəri Türklərinin dini lideri Azərbaycan üçün ölməyə hazır olduğunu bəyan etdi
26 sentyabr 2011 18:04 (UTC +04:00)

Cəfəri Türklərinin dini lideri Azərbaycan üçün ölməyə hazır olduğunu bəyan etdi

Türkiyənin İstanbul şəhərinin Kadıköy Xalq Təhsil Mərkəzində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin açılış mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, açılış mərasimində 500 nəfər iştirak edib.


Mərasimi giriş sözü ilə açan İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səftər Qaraqoyunlu dünyanın müxtəlif ölkələrində yaşayan eyni millətin övladlarını bir arada toplaşmasından qürur duyduğunu söyləyib. Onun sözlərinə görə, bu dərnəyin yaradılmasında məqsəd Türkiyə və Azərbaycan Türkləri arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik əlaqələrinin inkişaf etdirilməsidir: “Biz Azərbaycanın haqlı mübarizəsini dünya ictimaiyyətinə var gücümüzlə anlatmalıyıq. Biz İstanbul Türkiyə Azərbaycan Dərnəyi olaraq Azərbaycan və Türkiyənin dünyada səsi olacağıq. Azərbaycan türkləri və Türkiyə türkləri arasında möhkəm körpü funksiyasının yerinə yetirəcəyik”. Səftər Qaraqoyunlu nitqini “Yaşasın Türkiyə Azərbaycan dostluğu!”, “Yaşasın Türkiyə Azərbaycan qardaşlığı” şüarları ilə başa vurduqdan sonra İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin açılış rəmzi olan lent kəsilib.


Açılış mərasimində iştirak etmək üçün Ankaradan gəlmiş İsa Yaşar Tezel və Ənvər Türkoğlu yeni yaradılmış dərnəyə uğurlar arzulayıblar. Onlar ərəb ölkələrinin Qarabağ məsələsinə ikili standartlarla yanaşdıqlarını qeyd ediblər. Cəfəri Türklərinin dini lideri Səlahəddin Özgündüz öz çıxışında Azərbaycan üçün ölməyə hazır olduğunu qeyd edərək iki məsələdə Azərbaycanı sonsuz dəstəklədiklərini vurğulayıb: “Qarabağın alınması üçün hər cür dəstək verəcəyik. İkinci diləyimiz Azərbaycanda hazırda olduğu kimi gələcəkdə də dini azadlıq davam etməsidir”.


İstanbuldan millət vəkili seçilmiş CHP nümayəndəsi Ali Özgündüz təmsil etdiyi partiyanın Azərbaycanı daima dəstəklədiyini dilə gətirib və Qarabağ məsələsində daha güclü lobbi fəaliyyətinə ehtiyac olduğunu bildirib. Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Tahir Hacıyev Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq əlaqələrinin getdikcə inkişaf etdiyini, Diasporla İş üzrə Dövlət Komitəsinin hər zaman fəaliyyət göstərən dərnəklərin yanında olduğunu qeyd edib: “Dostluğumuzun, qardaşlığımızın möhkəmlənməsinə xidmət edən bu cür dərnəklərin fəaliyyət göstərməsinə hər zaman ehtiyac var. Çünki bu dərnəklərin vasitəsi ilə Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsini, işğalçı Ermənistanın iç üzünü dünyaya göstərə bilərik”.


İqdırdan millət vəkili seçilmiş MHP nümayəndəsi Sinan Oğan Türkiyənin mürəkkəb bir dövr yaşadığını, sıfır problem bəyan olunduğu halda hamı ilə problemlərin yaşandığını qeyd edərək ortaya iradə qoyulmalı olduğunu söyləyib: “Xocalıda törədilmiş soyqırımı kimsə görmək istəmir. İşğal olunan Azərbaycan torpaqları barədə heç kəs danışmır. Ağrı Dağını istəyən erməni ilə hansı qardaşlıqdan söhbət gedə bilər?”


Rəsmi hissə başa çatdıqdan sonra tədbir şer, musiqi və xalq oyunlarından ibarət bədii hissə ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar