Bu gündən sürücülər cərimələri banklara ödəyəcək - YENİLİK
08 avqust 2011 14:58 (UTC +04:00)

Bu gündən sürücülər cərimələri banklara ödəyəcək - YENİLİK

0
Mərkəzi bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) daxili informasiya sisteminin Mərkəzi Bank tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) inteqrasiya olunması üzrə işlər başa çatdırılıb.

Bu işlər prezident İlham Əliyevin 14 fevral 2011-ci il tarixli “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında” və 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanlarında verilmiş tapşırıqların icrası çərçivəsində həyata keçirilib.

Beləliklə, respublika əhalisinə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin ən müasir ödəniş mexanizmlərindən istifadə edilməklə rahat ödənilməsi imkanı yaradılıb.

Respublikada fəaliyyət göstərən KÖMİS-ə qoşulmuş 37 bankın və “Azərpoçt” MMC-nin toplam olaraq 1000-ə yaxın ödəniş məntəqəsində, eyni zamanda sistemin internet səhifəsində (www.apus.az) cərimələr haqqında məlumat almaq və ödəniş aparmaq mümkündür.

Bank və poçt şöbələrinin sistemə qoşulmuş iş yerlərində, həmçinin KÖMİS-in internet səhifəsində (www.apus.az) yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin ödənilməsi üçün müvafiq istifadəçi interfeysində təşkilatın adı seçilməklə abonent hesabı sahəsində ödəyicinin sürücülük vəsiqəsinin seriya və nömrəsi boşluq buraxılmadan birlikdə (misal: AB346672) daxil edilməlidir. Eyni zamanda sürücülük vəsiqəsi olmayan ödəyicilərdən ödənişlərin qəbul edilməsi üçün inzibati xəta üzrə tərtib olunmuş protokolun nömrəsini (misal: DYP123456 və ya YPİ/III125651) daxil etməklə də ödənişlərin qəbul edilməsi imkanı yaradılıb.

Aparılan hər bir ödəniş haqqında ödəyiciyə müvafiq qəbz təqdim edilir və ödəniş haqqında məlumat real rejimdə dərhal BDYPİ-nin daxili informasiya sisteminə ötürülür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 971

Oxşar yazılar