“Tələbimiz odur ki, ATƏT PA qurumun bir institutu kimi münaqişənin həlli prosesinə qoşulsun” - MÜSAHİBƏ
12 iyul 2011 17:57 (UTC +04:00)

“Tələbimiz odur ki, ATƏT PA qurumun bir institutu kimi münaqişənin həlli prosesinə qoşulsun” - MÜSAHİBƏ

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın ATƏT Parlament Assambleyasında (ATƏT PA) nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradovanın APA-ya müsahibəsi

- ATƏT PA-nın yay sessiyasında hansı məsələlər müzakirə olundu? Azərbaycan nümayəndə heyətinin sessiyanın gedişində hansı məsələləri qaldırdı?

- ATƏT PA-nın Belqradda keçirilən 20-ci yay sessiyası “ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni start” mövzusu ətrafında idi. Bütün komitələrdə, plenar iclaslarda bu mövzu ətrafında fikir mübadiləsi aparıldı. Demək istəyirəm ki, bizim əvvəlki sessiyalarda qaldırdığımız bir neçə məsələ bu sessiyada əksini tapdı. Bunlardan birincisi ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin təyin olunması idi. Bu məsələ həllini tapdı. İkinci məsələ münaqişənin həlli ilə bilavasitə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə ATƏT PA-da dinləmə keçirilməsidir. Biz istəyirik ki, ATƏT üzvü olan ölkələrin parlamentariləri Dağlıq Qarabağ münaqişəsinin həll variantı, həll prosesi barədə obyektiv məlumat alsınlar. Artıq bu sahədə də müəyyən səylər göstərilməkdədir. Parlament Assambleyasının prezidenti Petros Eftimiu bizə məlumat verdi ki, o, artıq həmsədrlərə bununla bağlı yazılı məktub ünvanlayıb, telefon danışıqları olub. Sessiyanın gedişində də amerikalı həmsədr Robert Bradtke ilə telefon danışığı oldu. Böyük ehtimalla ATƏT PA-nın payız sessiyasında belə bir dinləmənin təşkili mümkündür. Əgər həmsədrlərin özlərindən asılı olmayan səbəblərdən bu alınmazsa, o zaman ATƏT PA-nın qış sessiyasında belə bir hesabat dinlənilə bilər. Yəni bu istiqamətdə müəyyən addımlar var. Əslində, bu məsələdə bizim tələbimiz ondan ibarətdir ki, ATƏT Parlament Assambleyası ATƏT-in bir institutu kimi münaqişənin həlli prosesinə qoşulsun. Başqa bir məsələni - yay sessiyasında siyasi komitədə xorvatiyalı məruzəçi tərəfindən hazırlanan məruzəyə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı müddəa salınmasını biz qış sessiyasında qaldırmışdıq. Artıq siyasi komitədə qəbul edilmiş qətnamədə və yekun bəyannamənin 14-cü bəndində bu məsələ əksini tapdı. Yekun bəyannamədə qeyd olunub ki, ATƏT PA Dağlıq Qarabağ ətrafında gərginliyin artmasından ciddi narahatlığını ifadə edir. Eyni zamanda qətiyyətlə çağırır ki, ATƏT çərçivəsində uzadılmış münaqişələrin həlli ilə bağlı fəal siyasi addımlar həyata keçirilməlidir. Düzdür, indiyədək bu kimi məsələlərə toxunulub, təəssüflər ifadə olunub. Amma indiki məruzədə həm buna xüsusi abzas həsr olunub, həm də yekun qətnamədə belə bir müddəa var. Bu, çox ciddi çağırışdır. Hesab edirəm ki, artan intensiv danışıqlara ATƏT PA-nın bu şəkildə qoşulmasının özü vəziyyəti az da olsa dəyişəcək.

Sessiyanın iqtisadi komitəsində «Nüvə təhlükəsi və ətraf mühitin qorunması» adlı qətnamənin müzakirəsi zamanı nümayəndə heyətimizin üzvü Eldar İbrahimov Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı məsələ qaldırdı. Bu tip stansiyalara ciddi nəzarətin edilməsinin vacibliyi vurğulandı və Metsamorun Çernobıl qədər təhlükəli stansiya olduğu vurğulandı. Həm məruzədə, həm də çıxışlarda bununla bağlı narahatlıqlar ifadə olundu.

- Joao Suareşin ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi təyinatını Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq necə qarşılayırsınız?

- Azərbaycan tərəfi olaraq biz bu təyinatı müsbət qarşılayırıq. Qoran Lenmarkerin səlahiyyət müddəti başa çatdıqda Azərbaycan nümayəndə heyəti olaraq bizim mövqeyimiz ondan ibarət idi ki, ATƏT PA-da bu məsələ ilə bağlı Lenmarkeri əvəz edə biləcək iki və ya maksimum üç nəfərdən biri və birincisi Joao Suareş ola bilər. Suareşin Assambleyada və ATƏT regionunda olan nüfuzunu, eləcə də onun özünün həlli uzanmış məsələlərin tezliklə həllini tapmasına töhfəsini vermək iqtidarında olduğunu nəzərə alırdıq. O, iki il ATƏT PA-ya rəhbərlik edib, ondan əvvəl də vitse-prezident olub. Dəfələrlə Azərbaycana, Ermənistana və Qafqaz regionuna səfərlər edib. Parlament Assambleyasının sədri kimi Dağlıq Qarabağ məsələsi ilə bağlı gedən danışıqlar, proseslərin gedişi, tərəflərin mövqeyi ilə kifayət qədər tanışdır və məsələni bilir. Bundan əlavə, Suareş hər zaman məsələlərə münasibətdə obyektiv mövqe sərgiləyib. Bu nöqteyi-nəzərdən onun təyinatı tərəfimizdən müsbət qarşılandı. Biz bununla bağlı fikrimizi Petros Eftimiunun iyulun 8-də, sessiya çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə keçirdiyi görüşdə bildirdik.

- Bu təyinata ermənilərin münasibəti necə oldu?

- Ermənilər də təyinatı müsbət qarşıladılar. Çünki bu insan haqqında ATƏT PA üzvlərinin demək olar ki, əksəriyyəti eyni fikirdədir. Ermənilər də Sureşin təyinatına heç bir mənfi münasibət bildirmədilər. Əksinə, alqışladılar ki, onun imkanlarından savadından, konfliktlərin həllinə xidmət edə biləcək istəyindən istifadə olunacaq.

- Sureşin özü Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı hansı təkliflərlə çıxış etmək istəyir?

- Sureşlə təyinatdan sonra görüşümüz oldu. O, hər şeydən əvvəl səlahiyyətli şəxs kimi proseslərə daxil olmalıdır. Bunun üçün ona bir qədər vaxt lazımdır. Onun ilk olaraq söylədiyi budur ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. Bunun üçün ATƏT və onun bütün institutları lazımi səyləri göstərməlidir. ATƏT PA çərçivəsində bu məsələyə diqqət artırılmalıdır. Suareş ilk andan məsələyə fəal şəkildə qoşulub. Artıq sessiyanın gedişində onun tövsiyəsi ilə bir neçə ölkənin nümayəndələri bizə yaxınlaşaraq bu mövzuda ölkələrinin, ictimai-siyasi xadimlərinin, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə tədbirlərin keçirilməsi, bu və ya digər müzakirələrin aparılması təkliflərini irəli sürdülər.

- Sureşin bölgəyə səfəri gözlənilirmi?

- Səfərin dəqiq tarixi bəlli olmasa da, Suareş söylədi ki, yaxın zamanlarda bölgəyə səfər etmək istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607

Oxşar yazılar