Bakıda hərbi parad keçirildi
26 iyun 2011 12:40 (UTC +04:00)

Bakıda hərbi parad keçirildi

APA-nın məlumatına görə, paytaxtın “Azadlıq” meydanında keçirilən paradı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul edib. Paradı dövlət və hökumət rəsmiləri, qonaqlar, diplomatik korpusun təmsilçiləri, müharibə veteranları, istefada olan yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri də izləyiblər.

Paradın açılış mərasimində bildirilib ki, 6 min şəxsi heyət, 400-ə qədər hərbi texnika, Azərbaycanda istehsal olunmuş 60-a yaxın silah, 14 yerli istehsal olan texnika, 22 təyyarə çoxlu sayda helikopter, hərbi gəmilər iştirak edir.

Meydana gələn prezidentə müdafiə naziri, general-polkovnik Səfər Əbiyev qoşunların hazır olması barədə raport verib. Daha sonra Azərbaycanın Dövlət Himni oxunub, dövlət başçısı nitq söyləyib. Bunun ardınca parada start verilib.

Öncə tribunanın önündən Azərbaycanın dövlət bayrağı və Silahlı Qüvvələrin - Azərbaycan Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin döyüş bayraqları keçirilib.

Bayraqların ardınca, hər birində 80 nəfər olmaqla, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin kursantları, Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələrini, Silahlı Qüvvələrin 5 ordu korpusunun hərbçiləri keçid edib.

Sonra xüsusi təqdimatla Azərbaycan Sülhməramlıları, Milli Qvardiya, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları, Dövlət Sərhəd Xidməti və bu qurumun xüsusi təyinatlıları, Daxili İşlər Nazirliyi Daxili Qoşunların və Hərbi Dəniz Qüvvələrinin qara geyimli dəniz piyadaları keçiblər.

Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunları isə 4 “kolon” şəklində keçiblər. Şəxsi heyətin keçidinə Silahlı Qüvvələrin birləşmiş orkestri yekun vurub.

Daha sonra hərbi texnikanın keçidi başlayıb. Texnika keçidinin önündə üzərində PK markalı pulemyotla silahlanmış əsgərlərin olduğu motosiklet qrupu hərəkət edib. Üzəri açıq avtomobillərdə qoşun birləşmələrinin bayraqları aparılıb.

Sıra ardıcıllığı ilə paradda müxtəlif markalı - «Mercedes Benz», «Hummer», UAZ, «Land Rover Defender» kimi hərbi nəqliyyat vasitələri keçib. İlk dəfə olaraq paradda Azərbaycanın Türkiyədən aldığı müxtəlif model «Land Rover Defender» nəqliyyat vasitələri (üzərinə tank əleyhinə raketlər qurulmuş vəziyyətdə) və «Cobra» markalı zirehli transportyorlar da tribuna önündən keçib. Həmçinin Azərbaycan istehsalı olan «İstiqlal» snayper tüfəngi texnikaların üzərində nümayiş etdirilib.

Bundan başqa, müxtəlif nəqliyyat vasitələrinə qoşulmuş haubitsalar, reaktiv yaylım atəş sistemləri, həmçinin üzərində Azərbaycan Ordusunun pilotsuz təyyarələri və onların mobil komanda-idarəetmə aparatları (Azərbaycan istehsalı) keçid edib.

Paradda əsas diqqət cəlb edən Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) arsenalında olan zenit-raket kompleksləridir. Tribunanın önündən S-125 «Peçora», S-200, həmçinin ilk dəfə olaraq S-300 PMU2 «Favorit» kompleksləri, onun idarəetmə maşınları da keçib.

Azərbaycan artilleriyası da paradda keçid edib. Artilleriya “kolon”una müxtəlif çaplı haubitsalarla yanaşı, BM-21 «Qrad», İsrail istehsalı olan «Lynx LAR», «Lynx Extra», Ukraynadan alınmış «Toçka-U» taktiki raketləri, «Smerch» reaktiv yaylım atəş sistemləri daxildir.

Quru Qoşunlarının hərbi texnikası da paradda nizamla keçib. Öncə ordunun arsenalındakı modernləşdirilmiş BTR, BRDM transportyorları, daha sonra xüsusi təqdimatla Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının «Paramount Group» şirkəti ilə birgə istehsal etdiyi «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı transportyorlar keçid edib. Parada 6 ədəd «Marauder» və 6 ədəd «Matador» transportyoru çıxarılıb. Bu nəqliyyat vasitələrindən bir neçəsi yerli istehsal olan silahlarla silahlandırılıb. Hərbi texnika keçidinə BMP markalı piyadaların döyüş maşınları, özüyeriyən haubitsalar və “T-72” tankları yekun vurub.

Bundan sonra hərbi aviasiyanın nümunəvi uçuşları başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25 markalı təyyarələri, Mi-8, modernləşdirilmiş olunmuş Mi-24, yeni alınmış Mi-35 helikopterləri, həmçinin Fövqəladə Hallar Nazirliyinin Mi-171 və Ka-32 markalı helikopterləri «Azadlıq» meydanının üzərindən uçub. Hərbi təyyarələr mürəkkəb aviaşouları yerinə yetiriblər.

Parada dənizdən Bakı buxtasına lövbər salmış hərbi gəmilər dəstək verib. 16 gəmidən ibarət qrupun mərkəzində HDQ-nin flaqmanı olan «Bakılı» freqatı dayanıb. Flaqmanı HDQ-nin tral, artilleriya və desant gəmiləri, həmçinin DSX Sahil Mühafizəsinin «Stenka» tipli hərbi gəmiləri və Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1419

Oxşar yazılar