Valeri Çeçelaşvili: “GUAM sülhməramlı kontingenti yaratmayacaq” – MÜSAHİBƏ
22 aprel 2011 11:14 (UTC +04:00)

Valeri Çeçelaşvili: “GUAM sülhməramlı kontingenti yaratmayacaq” – MÜSAHİBƏ

GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin APA-ya müsahibəsi

- Cənab baş katib, Azərbaycanın GUAM çərçivəsində rol və fəaliyyətini neçə qiymətləndirirsiniz?

- Azərbaycan təşkilatımızın təsisçisidir və digər regional əməkdaşlıq qurumlarında olduğu kimi burada da fəaldır. Bu mənada Azərbaycanın 2007-ci ildə təşkilatda sədrliyi əyani örnək oldu. O zaman bütün əməkdaşlıq sisteminə təkan verilmiş, bir sıra mühüm beynəlxalq konfrans və tədbirlər keçirilmiş, həmçinin vacib sənədlər, o cümlədən Bakı Bəyannaməsi, GUAM-ın sahə əməkdaşlığı strategiyası, yüklərin daşınması barədə sənədlər qəbul edilmişdi.

Bu gün mühüm cəhət odur ki, Azərbaycan qurumun işçi qurumlarında fəal iştirak edir. Məsələn, Azərbaycanın əlaqələndiricisi olduğu nəqliyyat və informasiya texnologiyaları üzrə işçi qrupunda. Nəqliyyat üzrə işçi qrupunun Kiyevdə baş tutmuş son iclasında Azərbaycan tərəfindən nəqliyyat dəhlizi üzrə konsepsiyanın razılaşdırılmış variantı təqdim edilib. Bu sənəd bu il təsdiq ediləcək və heç şübhəsiz GUAM məkanında nəqliyyat və tranzit imkanlarının effektiv inkişafına töhfə verəcək.
Eyni zamanda ötən il Azərbaycanın əlaqələndiricisi olduğu GUAM-ın turizm üzrə işçi qrupunun şəksiz uğurlarını qeyd etmək olar. 25 iyun 2010-cu ilə aid müştərək turizm məhsulunun inkişafı barədə Bakı Bəyannaməsi və müvafiq hərəkət planı GUAM çərçivəsində bu sahədə əməkdaşlığın əsasını qoyub. Azərbaycan bu ilin 14 aprel tarixində Tiflisdə baş tutmuş turizm üzrə işçi qrupunun 9-cu iclasında da fəal iştirak edib. Tədbirdə turizm sahəsinə məsul şəxslər tərəfindən Tiflis Bəyannaməsi qəbul edilib. Eyni zamanda GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində müştərək turizm məhsulunun inkişafına dair yeni hərəkət planı təsdiq edilib.

- Gələn il GUAM-a sədrlik Azərbaycana keçəcək. Siz bu sədrlikdən nə gözləyirsiniz?

- Əminəm ki, bu dinamik və məzmunlu sədrlik olacaq. Həmçinin əminəm ki, Azərbaycanın sədrliyi dövründə biz siyasi əməkdaşlığın yeni səviyyəsinə nail olacağıq, GUAM işçi qurumlarının dinamik fəaliyyəti davam edəcək, habelə GUAM və “GUAM+” çərçivəsində yeni layihə və proqramların icrası davam edəcək. Öz növbəsində Azərbaycanın sədrlik proqramının tam icrası üçün qurumun Katibliyi əlindən gələni edəcək.

- Yaxın zamanlarda Bakıya səfəriniz gözlənilirmi?

- Şübhəsiz. Məsləhətləşmələr keçirmək məqsədi ilə mən mütəmadi şəkildə GUAM-a üzv ölkələrə səfərlər edirəm. Bu mənə işimdə kömək edir, bir çox layihə və ideyalar məhz bu cür təmaslar zamanı ilham alır. Yaxın zamanlarda gözəl və dinamik inkişaf edən və mənim üçün özəl anlam daşıyan Bakıya gələcəyimə ümid edərəm.

- Bu il GUAM-ın sammiti gözlənilir. Zirvə görüşünün gündəliyi bəllidirmi?

- Cari ilin 24 fevral tarixində Kiyevdə GUAM XİN rəhbərləri Şurasının 14-cü iclasında təşkilatda sədrlik hüququ Moldovaya keçdi. Hazırda Moldovada prezident seçkisi prosesi başa çatmayıb. Müvafiq olaraq sizin suala cavab da bundan asılıdır.

- Son illər GUAM ölkələri BMT-də GUAM məkanında işğal olunmuş ərazilər problemini müzakirəyə çıxarmaq istiqamətində səylər göstərirlər. BMT Baş Assambleyasının cari sessiyası zamanı müvafiq sənədin müzakirəsi və qəbulu gözlənilirmi?

- Qeyd olunmalıdır ki, bu , bizim üçün son dərəcədə mühüm bir layihədir və biz ərazilərimizdə həlli uzanmış münaqişələrin çözümünə dair mövqeyimizin dəstəklənməsi üçün ictimai rəyin konsolidasiyası naminə səylərimizi davam etdiririk. Bizim mövqe açıq və aydındır və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu sənədin BMT Baş Assambleyası tərəfindən qəbulu üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyik.

- Bu yaxınlarda bəyan etmişdiniz ki, Moldova neytral ölkə olduğuna görə, GUAM sülhməramlı qüvvələrinin yaradılması mümkün olmayıb. Çünki GUAM-da qərarlar ümumi razılıq əsasında qəbul olunur. Bu o deməkdirmi ki, hazırda GUAM sülhməramlı kontingentinin yaradılması aktual deyil?

- Yaranmış vəziyyəti düzgün təsvir etdiniz. Hazırda GUAM hərbi-siyasi əməkdaşlıqla məşğul olmur. Müvafiq olaraq bizim GUAM-ın sülhməramlı kontingentini yaratmaq niyyətimiz də yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800

Oxşar yazılar