Azərbaycan Prezidenti İlham Əliyev gənclərlə görüşüb - FOTO
22 aprel 2011 10:51 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev gənclərlə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edib.

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı gənclərlə görüşdə deyib ki, ki həftə bundan əvvəl “Azərbaycan gəncliyi Dövlət Proqramı haqqında” sərəncam imzalayıb

Azərbaycan Prezidenti sərəncamda Prezident Administrasiyasına iki ay müddətində Dövlət Proqramının layihəsi hazırlanması və ona təqdim edilməsi tapşırığının verildiyini bildirib. Proqramın hazırlanması ilə bağlı işçi qrupu yaradılıb: “Proqram 2011-2015-ci illəri əhatə etməlidir. Proqram çox konkret olmalı, çox dəqiq vəzifələr qoyulmalıdır. Əlbəttə, orada icra mexanizmləri göstərilməlidir ki, sadəcə olaraq hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarsın. Eyni zamanda proqram elə olmalıdır ki, orada gəncləri hazırda narahat edən məsələlər öz əksini və həllini tapsın.
Proqramda ilk növbədə gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır. Son illərdə ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər görülmüşdür, yüz minlərlə yeni iş yeri açılmışdır, yeni müəssisələr açılmışdır. Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir. Biz elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq”.

Azərbaycan gənclərinin ölkənin ictimai, siyasi, iqtisadi həyatında fəal rol oynadığını, dövlətçiliyə sadiq olduqlarını söyləyən dövlət başçısı gənclərin vətənpərvərlik ruhunda tərbiyə aldıqlarını vurğulayıb. Prezident İlham Əliyev gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atıldığını qeyd edib. Azərbaycanda ipoteka kreditləşməsinə toxunan dövlət başçısının sözlərinə görə, güzəştli şərtlər daha məqbul olmalı, layihənin əhatə dairəsi genişlənməli və bütün bunlar gənclərə yaxşı şərait yaradılması işinə xidmət etməlidir. O, gənclərin peşə hazırlığının daha aktual və qarşıda duran ciddi məsələlərdən biri olduğunu, Azərbaycanın artan iqtisadi potensialının və yeni müəssisələrin yaradılmasının peşəkar kadrlar tələb etdiyini diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı böyük işlər görməyi zəruri sayıb.

Prezident İlham Əliyev orta və ali təhsillə bağlı məsələlərin həlli istiqamətində ölkəmizdə irəliyə doğru addımlar atıldığını, ancaq bu sahədə görüləsi işlərin hələ çox olduğunu söyləyib: “Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması üçün əlavə konkret addımlar atılmalıdır. Hesab edirəm ki, bu məsələlər proqramda da öz əksini tapmalıdır. Baxmayaraq ki, bu məsələlər təhsil sahəsinə aiddir. Amma təhsil sahəsi ilk növbədə gənclərlə bağlıdır və gənclərimizin xaricdə təhsil alması üçün əlavə tədbirlər görüləcəkdir. Biz ölkəmizin inkişaf perspektivlərini yaxşı bilirik. Biz ölkə iqtisadiyyatının inkişaf istiqamətlərini bilirik. Kadrların hazırlanması ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır”.

Dövlətimizin başçısı gənclərin fiziki hazırlığı ilə bağlı məsələlərə də toxunub: “Proqramda gənclərin fiziki sağlamlığını da yaddan çıxarmamalıyıq. İndi bütün bölgələrdə idmanla məşğul olmaq üçün şərait yaradılır. İdmançılarımıza dövlət tərəfindən qayğı göstərilir. İdmançıların fəaliyyəti üçün bütün tədbirlər görülür və biz burada iki məqsədi güdürük. İlk növbədə, idmanın kütləviliyini təmin etməliyik. Bu, birinci məsələdir. İkincisi, Azərbaycanın idman şöhrətinin qaldırılması üçün biz peşəkar idmançıları da hazırlamalıyıq. Bu istiqamətdə böyük uğurlar əldə edilib. Eyni zamanda bu, gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə də xidmət göstərir. Hər bir beynəlxalq yarışda, hər bir mötəbər yarışda Azərbaycan bayrağının qaldırılması bizdə haqlı olaraq qürur hissi oyadır. Biz fəxr edirik ki, idmançılarımız, yığma komandalarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar”.

Prezident İlham Əliyev hərbi hazırlıqla bağlı məsələlərin də proqramda yer alacağını da qeyd edib: “Proqramda hərbi hazırlıqla bağlı mütləq xüsusi yer ayrılmalıdır. Bu, bizim üçün çox vacib məsələdir. Biz müharibə şəraitində yaşayırıq və torpaqlarımız işğal altındadır. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək, ərazi bütövlüyümüzü bərpa edək. Biz bu məsələni diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq bununla bərabər, hərbi potensialımız, o cümlədən diplomatik danışıqlara da müsbət təsir göstərir və biz artıq bunun şahidiyik”.

Görüşdə çıxış edənlər “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı verdiyi sərəncama və gənclərlə belə bir görüşün keçirilməsinə görə dövlət başçısına minnətdarlıq ediblər. Gənclər Dövlət Proqramının hazırlanması ilə bağlı təkliflərini irəli sürüblər.

Gəncləri dinləyən dövlət başçısı deyib ki, görüşdə səslənən təkliflərin hamısı Dövlət Proqramının hazırlanmasında nəzərə alınacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində gənclərin rolu məsələsinə toxunan Prezident İlham Əliyev bildirib ki, cəmiyyətin bütün üzvləri kimi Azərbaycan gəncləri də ölkəmizin gücləndirilməsi işinə xidmət etməli, hər bir gənc öz imkanı daxilində Qarabağ problemi ilə əlaqədar təbliğat işlərini artırmalıdır. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin dəyişməz mövqeyini bir daha bəyan edib. O, münaqişənin yalnız beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa biləcəyini vurğulayıb.

Görüşdən sonra xatirə şəkli çəkdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965

Oxşar yazılar