“Razılaşdırılmamış mitinqin qarşısı yenə alınacaq – MÜSAHİBƏ
05 aprel 2011 18:31 (UTC +04:00)

“Razılaşdırılmamış mitinqin qarşısı yenə alınacaq – MÜSAHİBƏ

Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi.


- Aprelin 2-də müxalifətin aksiya cəhdləri zamanı tutulan şəxslərlə bağlı müxtəlif məlumatlar yayılır, həmçinin onların siyasi məhbus olduğu iddia edilir...

- Müxalifətin 2 aprel aksiyası sanksiyalaşdırılmamış qeyri-qanuni cəhdlər idi. Onlar istəyirdilər ki, şəhərin mərkəzində qarışıqlıq yaratsınlar, ictimai asayişi, insanların istirahət hüququnu pozsunlar. Gördüyünüz kimi, mitinq cəhdi vətəndaşların, iş adamlarının əmlaklarının talan olunması, avtomobillərə, dükanlara ziyan vurulması ilə müşahidə olundu. Ona görə də polisin bu aksiya ilə bağlı qəbul etdiyi qərarın alternativi yoxdur. Polis ilk növbədə qeyri-qanuni aksiyanın qarşısını almalı idi və öz işini də gördü. Polis öz işini kifayət qədər peşəkarcasına, qanunlara müvafiq şəkildə həyata keçirdi. Digər tərəfdən, aksiyanı törədənlər, polisin çağırışlarına baxmayaraq, asayişi pozmağa cəhd göstərənlər müvafiq olaraq inzibati və digər məsuliyyətlərə cəlb olunublar. Bu məsələlər bundan sonra da belə olacaq. Kimsə hesab edirsə ki, bir-iki dəfə cəhd göstərməklə artıq polisi, hakimiyyət strukturlarını öz vəzifələrini icra etmək iradəsindən çəkindirəcəklər, bu, qətiyyən belə deyil.


- ATƏT-in fəaliyyətdə olan sədri, bu qurumun Bakı Ofisinin rəhbəri və ABŞ-ın Azərbaycandakı səfirliyi aprelin 2-də baş verənlərdən, həmçinin aksiya iştirakçılarının saxlanılmasından narahat olduqlarını bildiriblər. Bu bəyanatlara münasibətiniz necədir?

- Onların narahat olması üçün heç bir əsas yoxdur. Təkrar edirəm, Azərbaycan polisi öz vəzifəsini icra edib və polisin qəbul etdiyi qərarlarda qeyri-adi heç nə yoxdur. Polisin 2 aprel aksiyası ilə bağlı gördüyü tədbirlərin hamısı qanuna müvafiqdir və narahatlıq üçün də heç bir əsas yaratmayıb. Bu, Azərbaycanın daxilində bir qrup insanın ictimai asayişi pozmaq cəhdlərinin qarşısının alınmasıdır. Bütün dünya ölkələrində, o cümlədən ABŞ-da da, ATƏT üzvü olan digər ölkələrdə də belədir.


- Müxalifət, konkret olaraq İctimai Palata aprelin 16-na növbəti etiraz aksiyası təyin edib...

- Əgər bu aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış qaydada və İcra Hakimiyyətinin müəyyən etdiyi yerdə keçiriləcəksə, mitinq iştirakçılarının təhlükəsizliyinə təminat veriləcək, şərait yaradılacaq, mitinqin keçirilməsi ilə bağlı bütün lazımi tədbirlər görüləcək. Yox əgər, yenə əvvəlki kimi razılaşdırılmamış yerdə mitinq keçirilməsinə cəhd göstəriləcəksə, bunun qarşısı alınacaq, onun təşkilatçıları müvafiq olaraq yenə məsuliyyətə cəlb olunacaqlar.


- Sizcə, hazırkı situasiyada Azərbaycanda iqtidar-müxalifət dialoquna ehtiyac varmı? Yaxın müddətdə belə bir dialoqun baş tutması gözlənilirmi?

- Bu məsələ ilə bağlı dəfələrlə fikir bilirmişəm, bu gün də təkrarlayıram: dünyanın sivil ölkələrinin əksəriyyətində iqtidar və müxalifət arasında dialoq baş verir. Azərbaycanda da eynilə belədir. Biz normal müxalifət partiyaları, Azərbaycan ictimai-siyasi institutları ilə dialoq şəraitində ölkəni idarə edirik və onların dövlət-vətəndaş münasibətləri, dövlət idarəetməsi ilə bağlı proqressiv, daha cəlbedici təkliflərini də nəzərə alırıq. Amma ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətin bütün addımlarını, tədbirlərini, ictimai asayişi, ölkənin ahəngini pozmaq istəyən qüvvələrlə onların dilində danışmaq lazımdır.


- Bir müddət əvvəl parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı sənəd imzalaması xahişi ilə Azərbaycan prezidentinə müraciət edəcəklərini bildirirdilər. Prezident Administrasiyasına belə bir müraciət daxil olubmu?

- Parlamentdə təmsil olunan siyasi partiyalar Azərbaycan prezidentinə müraciət ediblər. Onlar 1992-ci ildə qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanuna yenidən baxılmasını təklif ediblər. Bu qanuna baxılması təşəbbüsü parlamentdə də ola, parlament komitələri tərəfindən irəli sürülə bilər. Sadəcə, onlar hakimiyyətin də buna münasibətini öyrənmək istəyirlər. Məktuba baxılır, düşünürəm ki, müvafiq cavab veriləcək.


- Cəlilabadda AXCP-nin təşkilat şöbəsinin sədri olan şəxsin məktəbli oğlunun başqa bir şagirdi öldürülməsi ilə bağlı rayonda aksiya keçirilib, siyasi şüarlar səsləndirilib...

- Bu, əlbəttə ki, yaxşı hadisə deyil. Mən bu məsələni siyasiləşdirmək istəməzdim. Hüquq-mühafizə orqanları yerində araşdırma aparır, hadisənin bütün təfərrüatları öyrənilir, müvafiq qiymət veriləcək və hadisənin təqsirkarları cəzasını alacaqlar.
# 412

Oxşar yazılar