Qazaxıstanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
31 mart 2011 17:22 (UTC +04:00)

Qazaxıstanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Martın 31-də Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu və Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq Milli-Mədəni Cəmiyyəti 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirib.

Baş konsulluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərasimdə “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, Aktau şəhər ictimaiyyətinin, digər diaspora təşkilatlarının və yerli kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Mərasim keçirilən zalda ermənilərin azərbaycanlılara qarşı soyqırımı əks etdirən foto sərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Qarabağ həqiqətləri” və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilib. Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Aktau şəhərindəki konsulu Elxan Zeynalov XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırım hadisələri ilə bağlı məlumat verib, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra törədilmiş bu cinayətlərin uzun illər boyu gizli saxlanılması siyasəti yeridildiyini bildirib. Elxan Zeynalov hazırda Qubada soyqırım qurbanlarının aşkar olunduğu kütləvi məzarlıqda Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə xatirə kompleksinin yaradılması haqqında məlumat verib. Konsul qeyd edib ki, 1905-1907-ci və 1918-ci illərdə erməni daşnakları tərəfindən Bakı, Şamaxı, Quba, Göyçə Zəngəzur və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilmiş qırğınlarla bağlı arxivlərdə olan materialların araşdırılması və həmin materialların tərcümə olunaraq beynəlxalq təşkilatlara və qurumlara göndərilməsi istiqamətində iş aparılır.

Daha sonra Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, professor Yusif Quliyev, istefada olan mayor Bəxtiyar Məsimov çıxış ediblər. Onlar ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində xaricdə yaşayan Azərbaycan diaspora təşkilatlarının aktivləşməsini vacib sayıblar. Tədbirin sonunda 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar