“Dövlətə xəyanətə və casusluğa görə 12 nəfər ifşa olunub”
28 mart 2011 18:51 (UTC +04:00)

“Dövlətə xəyanətə və casusluğa görə 12 nəfər ifşa olunub”

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranmasından 92 il ötür.

Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, peşə bayramı münasibətlə milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla, nazirliyin şəxsi heyəti Fəxri Xiyabana gəlib, Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstəsi düzülüb. Sonra Şəhidlər Xiyabanına gələn Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları şəhidlərin məzarları üstünə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi yad edilib.

Bayram mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib, Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Eldar Mahmudov Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının 92-ci ildönümü münasibətilə təbrik edib, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, gənc zabit korpusunun yetişdirilməsi üçün maddi-texniki imkanları ildən-ilə artan Akademiyada hər cür şərait yaradılıb. Eldar Mahmudov milli təhlükəsizlik orqanlarına, onun şəxsi heyətinə göstərdiyi gündəlik diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Nazir deyib ki, bu gün Azərbaycanın dinamik inkişaf edir, ölkədə hərtərəfli islahatlar aparılır, yeni iqtisadi layihələrin həyata keçirilir, uğurlu dövlət quruculuğu siyasəti nəticəsində respublika dünyanın aparıcı dövlətləri sırasında yerini ildən-ilə möhkəmləndirir: “Ancaq inkişafımızı gözü götürməyən qüvvələr də var. Əminəm ki, gənclərimiz, o cümlədən kursantlarımız yad təsirlərdən uzaq durmağı, pisi yaxşıdan seçməyi bacarırlar. Onlar ölkənin tərəqqisi, öz gələcəkləri naminə aparılan siyasətə dəstək verirlər. Son vaxtlar bütün ölkə miqyasında neqativ hallara, xüsusilə korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi ümumən insanların öz sabahlarına olan inamlarını daha da artırır. Bu mühüm tədbirlərin uğurla həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyinin də üzərinə böyük vəzifələr qoyulub. Ümumi məqsəd ölkənin iqtisadi inkişafına yönəlmiş bütün səylər və islahatlar üçün əlverişli şərait yaratmaqdır”.

Eldar Mahmudov vurğulayıb ki, ən mühüm vəzifə düşmən işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır: “Milli Təhlükəsizlik Nazirliyi ölkə rəhbəri tərəfindən həyata keçirilən çoxsahəli fəaliyyətlərdə, o cümlədən informasiya mübarizəsində yaxından iştirak edir. Bu təhsil ocağının üzərinə Azərbaycanın təhlükəsizliyinə cavabdehlik daşımağa qadir gənc kadrların yetişdirilməsi kimi mühüm vəzifə düşür.

Milli təhlükəsizlik naziri Azərbaycan xalqının mənafelərinin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərildiyini, vaxtında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində ekstremist-terrorçu niyyətlərin və konkret cinayətkar hərəkətlərin qarşısının qətiyyətlə alındığını söyləyib. Sonda kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

Budan sonra Milli Təhlükəsizlik Nazirliyində Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə geniş təntənəli mərasim keçirilib. Əvvəlcə mərasim iştirakşıları Milli Təhlükəsizlik Nazirliyinin ən müasir tələblərə cavab verən yeni inşa olunmuş inzibati binasının açılışında iştirak ediblər. İlk öncə binanın foyesində Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin tanınmış heykəltəraş Fuad Salayev tərəfindən hazırlanmış büstü önünə əklil qoyulmuş və xatirəsi ehtiramla yad edilib. Qonaqlar onun zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar. Sonra tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə tarixə qəhrəmanlıq salnaməsi yazmış milli təhlükəsizlik orqanlarının əməkdaşları olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının xatirəsinə yaradılmış guşəyə baxıblar.

Təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin akt zalında davam etdirilib. Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib. Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibəti ilə təbrik edib. Nazir vurğulayıb ki, Azərbaycanın əlverişli geosiyasi mövqeyi, iqtisadi və tranzit potensialı, eləcə də digər müsbət amillər xarici xüsusi xidmət orqanları və kriminal elementləri üçün cəlbedici görünür. Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat sahəsi üzrə fəaliyyətində bu amillərə xüsusi fikir verilir. Vaxtında görülmüş tədbirlər sayəsində xarici xüsusi xidmət orqanlarının və digər subyektlərin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qabaqlanması və ifşa edilməsi istiqamətində işlər uğurla davam etdirilib. Əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat tədbirləri nəticəsində dövlətə xəyanətə və casusluğa görə 12 nəfər ifşa olunub.


Milli Təhlükəsizlik Nazirliyinin çox mühüm bir fəaliyyət istiqamətini terrorçuluğa qarşı mübarizə təşkil etdiyini bildirən nazir Eldar Mahmudov 2010-cu ildən hazırkı dövrədək antiterror xətti ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9 cinayət işinin başlandığını, 29 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd edib. Eldar Mahmudov korrupsiya probleminə ayrıca toxunub və bildirib ki, bu, Azərbaycan Prezidentini və cəmiyyətini narahat edən bir məsələdir. Ötən dövr ərzində korrupsiya faktları üzrə ümumən 8 cinayət işi başlanıb, 12 nəfər məsuliyyətə cəlb olunub.

Nazirliyin funksional vəzifələri arasında informasiya təhlükəsizliyinin təmini xüsusi önəm daşıyır. İnformasiya texnologiyaları sahəsində cinayətlərlə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyətin müasir tələblərə uyğun qurulmasına ciddi fikir verilir. Təcrübə göstərir ki, açıq qaynaqlar bir sıra ölkələrdə sabitliyin total surətdə pozulması üçün vasitə rolunu oynayır. Xüsusən təbii sərvətlərlə zəngin, həssas dini mühiti və çoxmillətli olan ölkələr hədəfə alınır. Təsir altına yetkin siyasi şüura malik olmayan gənclər düşür. Bu vəziyyətdən xarici qüvvələr, həm də daxildəki müəyyən ünsürlər faydalanmağa çalışırlar. Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə keçirilən səmərəli əməliyyat-axtarış tədbirləri nəticəsində ötən dövr ərzində ümumən 24 cinayət işi başlanmış, 44 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Ötən müddət ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri çərçivəsində 30 transmilli qrup zərərsizləşdirilmiş, 1 ton 550 kiloqram narkotik müsadirə olunub, həmin faktlarla bağlı 44 cinayət işi başlanıb. İstintaq fəaliyyətinin səmərəli aparıldığını, cinayətlərin açılmasına, cinayətkarların ifşa olunmasına dəyərli töhfələr verildiyini qeyd edən Eldar Mahmudov ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyində 147 cinayət işinin istintaqının başa çatdırıldığını nəzərə çatdırıb.

Qeyd olunub ki, peşə bayramı ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin ən yüksək standartlara malik yeni inzibati binasının istifadəyə verilməsi xüsusilə əlamətdardır. Bundan əlavə, ötən il ərzində Nazirliyin qapalı idman kompleksi istifadəyə verilmiş, Hərbi Hospitalda və İstirahət evində tikinti işləri isə plan üzrə aparılır. Mühüm sahələrdən olan beynəlxalq əlaqələrin daim diqqət mərkəzində saxlanıldığını və tərəfdaşlıq münasibətlərinin müsbət dinamikada inkişaf etdiyini vurğulayan nazir Eldar Mahmudov, hazırda Milli Təhlükəsizlik Nazirliyinin 60-a yaxın xarici xüsusi xidmət orqanı və beynəlxalq təşkilatla əməkdaşlıq etdiyini söyləyib.

Ermənistanın terror siyasətini ifşa edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran müxtəlif sənədli filmlər, 25 mindən çox kitab və digər vəsait hazırlanmış, xarici dillərə tərcümə edilmiş və yayılmışdır. Bütün bu işlərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının xüsusi rolu olub.

Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edib, MTN tərəfindən həyata keçirilən tədbirlərin, əldə olunan uğurların cəmiyyətdə rəğbətlə qarşılandığını dilə gətirib, Akademiyada aparılan təlim-tədris prosesi barədə danışıb. Sonra təbrik sözü ilə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının da şəxsi heyətə təbriklərini çatdırıb, dövlətçiliyimizin və milli maraqlarımızın təhlükəsizliyinin təmin olunmasında MTN-in rolunun yüksək qiymətləndirildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Mərasimdə MTN əməkdaşlarına ali hərbi rütbə və təltiflərin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli sərəncamları elan olunub. Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə Eldar Mahmudovun əmrləri elan olunub, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib.

Tədbirin sonunda Milli Təhlükəsizlik Nazirliyinin arxiv materialları əsasında tanınmış kinorejissor Vaqif Mustafayevin hazırladığı “Təxribat” sənədli filmi nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1643

Oxşar yazılar