ADMAA: Ermənistan hava məkanını bağlasa, alternativ marşrutlardan istifadə edəcəyik
28 mart 2011 17:04 (UTC +04:00)

ADMAA: Ermənistan hava məkanını bağlasa, alternativ marşrutlardan istifadə edəcəyik

Ermənistan hava məkanını bağlasa, Azərbaycan alternativ marşrutlardan istifadə edəcək. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktor müavini Hacıağa Əliyev bildirib.

H. Əliyevin sözlərinə görə, Ermənistan tərəfinin bununla bağlı hədələyici bəyanatlarının Azərbaycan üçün heç bir mənfi təsiri yoxdur: “Onlar belə bəyanatlar verməklə nəyə nail olacaqlar, deyə bilmərəm. Xankəndi Azərbaycan ərazisidir və ora uçuşlar üçün Azərbaycanın icazəsi lazımdır. Biz bununla bağlı dəfələrlə Beynəlxalq Mülki Aviasiya Təşkilatına da müraciət etmişik. Ermənistan üzərindən uçuşları dayandırsa, yaxud xoşagəlməz addım atsa, buna müqabil olaraq biz də gərəkli tədbirlər görəcəyik”.

ADMAA rəsmisi Azərbaycanın alternativ marşrut olaraq Türkiyəyə uçuşlarda Gürcüstan, Naxçıvan Muxtar Respublikasına uçuşlarda isə İranın hava məkanından istifadə edə biləcəyini söyləyib.

Qeyd edək ki, Azərbaycanın işğal altında olan Xankəndi şəhərində inşa edilən yeni hava limanına Ermənistandan mayın 9-dan sərnişin təyyarələrinin uçuşlarına başlanacaq. ADMAA direktoru Arif Məmmədov jurnalistlərə açıqlamasında Azərbaycan tərəfinin buna qarşı adekvat addımlar atacağını, hətta fiziki məhvetmə tədbirləri görəcəyini, bununla bağlı artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatını (İCAO) məlumatlandırdığını bildirib. Ermənistan tərəfi isə bu addım müqabilində ölkə üzərindəki hava məkanını Azərbaycan təyyarələri üçün qapadacağını bəyan edib. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə tərəfləri bu məsələdə təmkinli olmağa, mülki təyyarələrə qarşı güc tətbiqinə yol verməməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar