“Dini-ekstremist qüvvələrə meydan verməyin!”
28 mart 2011 15:54 (UTC +04:00)

“Dini-ekstremist qüvvələrə meydan verməyin!”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ ayrı-ayrı bayramlarda qeyri-iş günlərinin bir neçə gün davam etməsi və bunun ölkə həyatının müxtəlif sahələrində durğunluq yaratması ilə bağlı olub.

Qeyd olunub ki, az qala ikinci məzuniyyət xarakteri daşıyan bayram tətilləri bir çox hallarda əhalinin böyük əksəriyyətinin narahatlığına səbəb olur. BAXCP hesab edir ki, Azərbaycanda istisnasız olaraq, bütün dövlət bayramlarında yalnız bir gün qeyri-iş günü elan olunmalı, insanların peşə vərdişlərinə, dövlət və qeyri-dövlət qurumlarının, həmçinin vətəndaşların işgüzar həyatına neqativ təsir göstərən uzunmüddətli tətil ənənəsinə son qoyulmalıdır.

BAXCP İdarə Heyətinin müzakirə etdiyi digər məsələ ermənilərin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan Elnur Məmmədovla bağlı olub. BAXCP İdarə Heyətinin iclasında ölkədə baş verən ictimai-siyasi proseslərə də münasibət bildirilib. İdarə Heyətinin bununla bağlı rəsmi açıqlamasında bildirilir ki, son günlər ərəb dünyasında baş verməkdə davam edən qanlı inqilablardan ruhlanan Azərbaycandakı bəzi barışmaz siyasi qüvvələrin iqtidarla qarşıdurmaya getmək niyyəti təəssüf və narahatlıq doğurur: “Qarşıdurma yaratmaq üçün kifayət qədər tərəfdar toplaya bilməyən bu qüvvələr niyyətlərini gerçəkləşdirməyin yolunu İranın öz xalqına qənim kəsilmiş dövlət orqanları ilə əlaqələrini etiraf etmiş dini qüvvələrlə iş birliyində görürlər”.


BAXCP bəyan edir ki, jurnalistin döyülməsini etirazları gücləndirmək üçün təxribatçı qüvvələrin təşkil etməsi ehtimalı istisna olunmadığı kimi, qarşıdurma zamanı bəzi ölkələrdə rast gəlinən naməlum qüvvələr tərəfindən aksiyaçılara atəş açıla bilməsi ehtimalı da istisna olunmamalıdır. BAXCP bütün siyasi qüvvələri və ölkə vətəndaşlarını nəticələrinin proqnozlaşdırılması mümkün olmayan qarşıdurmadan çəkinməyə, ölkədə dini-ekstremist qüvvələrə meydan verməməyə çağırır. BAXCP iqtidarı siyasi islahatların tərkib hissəsi kimi partiyaların siyasi həyatdakı rolunun artırılması istiqamətində addımlar atmağa, sərbəst toplaşmaq hüququnun təmin olunması üçün müvafiq yer ayırmağa, parlament müxalifətinin yazılı müraciətinə cavab verməyə çağırır.

Partiya eyni zamanda hüquq-mühafizə orqanlarından jurnalist Seymur Həziyevlə bağlı olaya qısa müddətdə aydınlıq gətirilməsi üçün təcili tədbirlər görməyi tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar