Konqresindəki seminarda Qarabağın işğalı faktı müzakirə edilib
26 mart 2011 13:29 (UTC +04:00)

Konqresindəki seminarda Qarabağın işğalı faktı müzakirə edilib

Azərbaycan diasporunun ABŞ Konqresində təşkil etdiyi seminarda ABŞ-Azərbaycan münasibətləri və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktı müzakirə edilib. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Azərbaycan parlamentinin üzvləri Asim Mollazadə, Rasim Musabəyov və Ceyhun Osmanlı, həmçinin diaspor liderləri Adil Bağırov və Bədir Məmmədli seminarda çıxış ediblər.

Analitiklər və rəsmilər regional sülh və sabitliyə təhlükə olan məsələlər barədə danışıblar.

Rasim Musabəyovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin hələ də sülh yolu ilə həlli perspektivi var.

“Biz inanmaq istəyirik ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən addımlar atacaq”, deyə Asim Mollazadə bu fikirlərə əlavə edib.

“Biz həmçinin ümid edirik ki, ABŞ, cinayət və terrorizm dünyası ilə sıx əlaqəsi olan erməni diasporunun maraqlarından daha çox öz milli maraqlarına xidmət edən siyasətini davam etdirəcək”, deyə azərbaycanlı millət vəkili bildirib.

Natiqlər cəbhə bölgəsində bu yaxınlarda baş verən faciəni – Ağdamın Orta Qərvənd kəndində 9 yaşlı uşağın erməni snayperi tərəfindən öldürülməsini də xatırladıblar.

“Mən istisna etmirəm ki, bu, erməni militaristlərinin məqsədli şəkildə həyata keçirdiyi bir aktdır. Onlar münaqişənin sülh yolu ilə həllini və işğal altında olan torpaqların azad edilməsini istəmir və açıq-aydın fitnəkarlıq edirlər” deyə, Musabəyov bildirib.

Millət vəkilləri martın 27-də Merilend Universitetində Azərbaycana həsr olunan konfransda da iştirak edəcəklər. Konfransda ABŞ-Azərbaycan əməkdaşlığı və dəyişən dünyada müttəfiqlik münasibətləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar