Saakaşvili Azərbaycanın komitə sədrini “Şərəf” ordeni ilə təltif etdi
21 mart 2011 23:37 (UTC +04:00)

Saakaşvili Azərbaycanın komitə sədrini “Şərəf” ordeni ilə təltif etdi

Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilə keçirilən Novruz bayramı şənliyində iştirak edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, öncə Gürcüstan prezidenti Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla birlikdə Azərbaycanın Marneulidə inşa etdiyi “Çay Evi”nin təməlini qoyduqdan sonra idman kompleksini açıb.

Prezident Novruz şənliyi münasibəti ilə azərbaycanlıları təbrik edib O, Gürcüstanda yaşayan azərbaycanlılarla birlikdə Azərbaycan prezidenti İlham Əliyevi də təbrik etdiyini bildirib.

Gürcüstan prezidenti Novruz bayramını azərbaycanlılarla birgə qeyd etməyin ənənə halını aldığını, bunun bir həmrəylik simvolu olduğunu bildirib.

Tədbirdə Gürcüstan prezidenti Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrində xidmətlərinə görə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovu “Şərəf” ordeni ilə təltif edib. Ramiz Həsənov “Şərəf” ordeni ilə təltif olunmağı münasibəti ilə Gürcüstan prezidentinə təşəkkürünü bildirib. “Mənim üçün böyük şərəfdir ki, Gürcüstanın “Şərəf ordeninə layiq görülmüşəm. Gürcüstan prezidentinin öz əli ilə bu ordeni almaq isə ikiqat şərəfdir”.

Sonra Novruz bayramı münasibəti ilə Azərbaycan və gürcü müğənnilərinin iştirakı ilə geniş konsert proqramı keçirilib. Novruz bayramı şənliyində Marneulinin ətraf kəndlərindən, Tiflisdən, Bolnisidən, Dmanisidən, Qardabanidən, Tetri-Tskarodan gələn azərbaycanlılar və gürcülər qatılıblar.

Bayram tədbir çərçivəsində kənd təsərrüfatı sərgisi də keçirilib.

Bayram tədbirində Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, dövlət strukturlarının nümayəndələri, quberniya və rayonların rəhbərləri iştirak ediblər.

FaceBookda Paylas
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar