Aqşin Mehdiyev BMT baş katibinə müraciət edib
18 mart 2011 11:58 (UTC +04:00)

Aqşin Mehdiyev BMT baş katibinə müraciət edib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Ermənistanın qurumdakı daimi nümayəndəsinə cavab olaraq BMT baş katibinə müraciət edib. Bu barədə APA-nın Vaşinqtondakı müxbirinə BMT Xəbər Mərkəzindən məlumat verilib.


Məktub bu sözlərlə başlayır: “Hökumətimdən aldığım təlimata əsasən, Ermənistanın daimi nümayəndəsinin 2011-ci il 28 fevral tarixli məktubu ilə bağlı Sizə müraciət edirəm. Həmin məktub Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində erməni silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə və şəhərin müdafiəçilərinə qarşı törətdiyi qətliamın 19-cu ildönümü ilə bağlı Sizə ünvanladığım məktuba cavab vermək üçün yersiz bir cəhddir”.


Səfir qeyd edir ki, Ermənistan tərəfinin məktubu ermənilərin Xocalıda törədilən cinayətlərə görə onların məsuliyyət daşıdığını təsdiqləyən danılmaz faktları inadla inkar edərək, hay-küyçü saxtakarlığa əl atdıqlarını bir daha təsdiqləyir: “Azərbaycanı “anti-Ermənistan təbliğatında” və “ermənilərə qarşı nifrətdə” günahlandırmağa cəhd və Xocalı hadisələrini ikimənalı, siyasi motivli və əsassız şəkildə interpretasiya etməklə, Ermənistanın daimi nümayəndəsi təkcə Avropa İnsan Haqları Məhkəməsinin və nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarının fikirləri ilə bağlı şərh verməkdən boyun qaçırmır, həm də ölkəsinin yüksək vəzifəli rəsmiləri və cinayətin birbaşa iştirakçılarının Xocalı sakinlərinə və müdafiəçilərinə qarşı amansızlıqları etiraf edən açıqlamalarına aydınlıq gətirməkdən çəkinir”.


Səfir xatırladır ki, Ermənistanın indiki prezident Serj Sərkisyan da vicdanı sızlamadan etiraf edib ki, “Xocalıdan əvvəl azərbaycanlılar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi yox etməyə müvəffəq olduq” (Thomas de Waal, Black Garden: Armenia and Azerbaijan through Peace and War (New York and London, New York University Press, 2003), p. 172).


“Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan Respublikasının indiki prezidenti Xocalı hadisələrinin baş verdiyi dövrdə qanunsuz separatçı rejimin “Özünü Müdafiə Qüvvələri Komitəsi”nin rəhbəri və şəhərin işğalı üçün məsuliyyət daşıyanlardan biri idi. Erməni müəllif Markar Melkonyan Xocalı qətliamını törədənlərdən biri olan qardaşına həsr etdiyi kitabında erməni əsgərlərin Xocalının mülki sakinlərini necə öldürdüyünü ətraflı təsvir edir”, - deyə səfir daha sonra bildirib.


Diplomat daha sonra yazır: “Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin səbəblərinin və faciəli nəticələrinin qiymətləndirilməsi göstərir ki, Xocalı şəhərinin dinc sakinlərinin və müdafiəçilərinin məqsədli şəkildə qətlə yetirilməsi qəfil bir akt deyildi, bu, rəsmi İrəvanın sistemli siyasətinin və amansızlıq praktikasının bir hissəsi idi və bu siyasətin kökündə irqi üstünlük, etnik ayrı-seçkilik və nifrət kimi çirkin ideyalar durur”.



A. Mehdiyev xatırladır ki, beynəlxalq səviyyədə görülmüş ardıcıl tədbirlər, həmçinin beynəlxalq cinayətkarların mövcud hüquqi çərçivədə mühakimə olunması və cəzalandırılması praktikası Azərbaycanda belə bir əminlik yaradır ki, gələcəkdə Xocalı qətliamı və Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilən digər ağır cinayətlər cəzasız qalmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar