YAP ermənilərin 9 yaşlı azərbaycanlını öldürməsini pisləyən bəyanat yayıb
APA-nın məlumatına görə, bəyanatda bu ilin mart ayının 8-də işğal altındakı Ağdam rayonunun Şıxlar kəndi istiqamətindən açılan snayper atəşi nəticəsində Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunun qətlə yetirildiyi bildirilir: “Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirdikləri görüşdən və imzalanan bəyannamədən cəmi üç gün sonra erməni tərəfin atəşkəs rejimini pozaraq belə vəhşi aksiyanı həyata keçirməsi əslində onların sülh danışıqlarındakı qeyri-səmimiliyinin, xalqımıza qarşı yüz illərlə davam edən və son iyirmi üç ildə daha da şiddətlənən vəhşi nifrətinin və soyqırımı siyasətinin ən bariz nümunəsidir. Bu hadisə erməni silahlı ordusunun uşaq qatili damğasını bir daha möhkəmləndirdi. Təəssüflər olsun ki, Azərbaycan xalqı öz yaxın tarixində erməni tərəfin bu tip insanlıq əleyhinə cinayətlərini onlarla körpənin qətlə yetirildiyi Xocalı faciəsi zamanı yaşamaq məcburiyyətində qalıb. 9 yaşlı uşağın hərbçilər tərəfindən qətlə yetirilməsi Ermənistanda ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir. Yeni Azərbaycan Partiyası erməni tərəfin belə qanlı əməllərini qətiyyətlə pisləyir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərini, dünya ictimaiyyətini bu hadisəyə obyektiv münasibət bildirməyə, erməni təcavüzünə və uşaq qatillərinə “dur” deməyə çağırır”.
510