Beynəlxalq media mükafatının seçimi Azərbaycana həvalə edilib
10 mart 2011 13:44 (UTC +04:00)

Beynəlxalq media mükafatının seçimi Azərbaycana həvalə edilib

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) özünün ən ali mükafatı - 2011-ci ilin “Azad Media Öncülü” üçün təkliflərin qəbulunu elan edib. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu Lent.az-a bildirib ki, bu dəfə “Azad Media Öncülü” seçiminin Azərbaycan tərəfindən koordinasiya olunması barədə qərar qəbul edilib. Belə ki, BMİ rəhbərliyinin tövsiyəsi ilə prosesin idarə olunmasının Azərbaycanda, eləcə də dünyada tanınan media mütəxəssisi Azər Həsrətə həvalə edilib: “Bu məsuliyyətli işin obyektiv və səmərəli şəkildə həyata keçirilməsi üçün BMİ və onun Azərbaycan Milli Komitəsi olaraq, Azərbaycanda və dünyada tanınan media mütəxəssisi, bu mükafatın 2004-cü ildəki qalibi Azər Həsrətə həvalə etmişik. Düşünürəm ki, Azər bəy bu işin öhdəsindən layiqincə gələcək”.


Xatırladaq ki, qalib 24-27 sentyabrda Tayvanın paytaxtı Taybeydə təşkil olunacaq BMİ Dünya Qurultayı və Baş Məclisi zamanı xüsusi törənlə bu mükafatı alacaq.


Dünyanın ən böyük jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutunun “Azad Media Öncülü” mükafatı öz ölkələrində medianın azadlığı və müstəqilliyi üçün mübarizə aparan media orqanlarının, jurnalistlərin və ya jurnalist qurumlarının təltif edilməsi üçün 1996-cı ildə təsis edilib. Mükafatı bu günə qədər dünyanın ən nüfuzlu media qurumları və jurnalistləri alıb. Qaliblər arasında Azərbaycan jurnalistikasının tanınmış nümayəndəsi Azər Həsrətin başçılıq etdiyi qurum da var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar