Prezident İlham Əliyev Bakı Meriyasında müşavirə keçirib
09 mart 2011 19:20 (UTC +04:00)

Prezident İlham Əliyev Bakı Meriyasında müşavirə keçirib

APA-nın AzTV-yə istinadən verdiyi məlumata görə, müşavirədə prezident İ. Əliyev Bakıda konkret proqramlar əsasında ötən illərdə həyata keçirilən silsilə və kompleks tədbirləri xarakterizə edib. Bakının meqapolisə çevrilməsinin başlıca prioritet məqsədlərdən biri olduğunu vurğulayan dövlət başçısı ötən müddətdə paytaxtın yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi üçün hərtərəfli tədbirlərin reallaşdırıldığını bildirib.


Bakıda böyük abadlıq və yaşıllaşdırma işlərinin görüldüyünü, mədəniyyət ocaqlarının əsaslı təmir olunduğunu, İçərişəhərin YUNESKO-nun dünya mədəni irs siyahısına salındığını vurğulayan prezident paytaxtda Heydər Əliyev Mərkəzinin inşasının nəinki ölkəmizdə, o cümlədən beynəlxalq səviyyədə bənzərsiz layihələrdən olduğunu qeyd edib.


O, Bakı şəhəri və ətraf qəsəbələrdə aparılan yenidənqurma tədbirlərinin bundan sonra daha da vüsət alacağını, bu məqsədlə xüsusi dövlət proqramı üzərində iş getdiyini, müşavirənin də məhz bu məqsədə xidmət etdiyini deyib.

BŞİH başçısı Hacıbala Abutalıbov Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı əsasında ötən müddətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.


Çıxışlardan sonra prezident İ. Əliyev müşavirəyə yekun vurub. Dövlət başçısı müşavirədə irəli sürülən təkliflər də nəzərə alınmaqla Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanacaq yeni proqramda nəzərdə tutulacaq tədbirlərin 3 il ərzində icra olunması barədə tapşırıq verib.


Prezident İ. Əliyev elektrik enerjisi, qaz, içməli su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsi sahəsində işlərin bundan sonra daha da genişləndirilməsinin vacibliyini bildirib. Dövlət başçısı qısa müddətdə qəsəbələrarası və qəsəbədaxili yolların müasir səviyyəyə çatdırılması barədə göstəriş verib. Müşavirədə şəxsi evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələyə münasibətini bildirən prezident bu problemin heç bir neqativ hala yol verilmədən, konkret və şəffaf mexanizm əsasında tezliklə aradan qaldırılmasını tapşırıb. Dövlət başçısı ətraf qəsəbələrdə təhsil, səhiyyə və idman obyektlərinin tikintisini genişləndirilməsinin, həmçinin, mədəniyyət ocaqlarının və dini abidələrin yenidən qurulmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb. Ekoloji məsələlərin də xüsusi diqqət mərkəzində olduğu müşavirədə prezident yaxın illərdə paytaxt və ətraf qəsəbələrdə abadlıq və yaşıllaşdırma tədbirlərinin miqyasının əsaslı şəkildə artırılması, şəhərətrafı ərazilərdə meşə zolaqlarının salınması barədə də tapşırıqlar verib, “Ağ şəhər” kimi beynəlxalq səviyyəli layihələrin reallaşdırılacağını deyib.



Dövlət başçısı Bakının qəsəbələrində əhalinin məşğulluğunun artırılması və iqtisadiyyatın ənənəvi sahələrinin dirçəldilməsi, kiçik və orta sahibkarlığın köklü şəkildə inkişafı üçün güzəştli kreditlərin verilməsi mexanizminin müəyyənləşdirilməsi, bu işlərə xarici investorların cəlb edilməsi və həmin tədbirlərdə Azərbaycan İnvestisiya Şirkətinin yaxından iştirakı ilə bağlı fikirlərini bildirib. Prezident İlham Əliyev respublikada istehsal edilən məhsulların süni qiymət artımı ilə bağlı ciddi tədbirlərin həyata keçirildiyini vurğulayıb. Müşavirənin yekununda dövlət başçısı Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının qısa müddətdə hazırlanmasını tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar