Misirdəki səfirliyimiz: Vətəndaşlarımızın vəziyyəti diqqətimizdədir
12 fevral 2011 14:03 (UTC +04:00)

Misirdəki səfirliyimiz: Vətəndaşlarımızın vəziyyəti diqqətimizdədir

“Misirdəki hazırkı vəziyyətə dair hər hansı proqnoz vermək çox çətindir. Prezident Mübarək fevralın 11-də səlahiyyətlərini Silahlı Qüvvələrin Ali Şurasına ötürərək istefa verib.

Güman ki, yaxın 1-2 ay ərzində Misirdə prezident seçkiləri keçiriləcək”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Misirdəki səfirliyinin 1-ci katibi Elnur İsmayılov deyib.

E. İsmayılovun sözlərinə görə, H. Mübarəkin istefası ilə əlaqədar milyonlarla adam gecəni Qahirənin Təhrir meydanında keçirib, bu hadisəni bayram edib.

Qahirədə hazırkı vəziyyətə toxunan diplomat bildirib ki, bir müddət əvvəl kütləvi hal almış talanlar artıq səngiyib. Səfirlikdə yaradılmış “Qaynar xətt” isə fəaliyyətini davam etdirir. Lakin son 2-3 gündə “Qaynar xətt”ə müraciət olmayıb.

“Bununla belə, biz buradakı vətəndaşlarımızın vəziyyətini diqqətdə saxlamaqda davam edir, Qahirədə olan üç azərbaycanlı tələbə ilə daim əlaqə saxlayırıq”, - deyə diplomat bildirib.

Qeyd edək ki, Misirdə etiraz aksiyaları yanvarın 25-də başlanıb. Baş verən toqquşmalarda azı 300 nəfər həlak olub, 5 mindən çox insan yaralanıb. Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Nicat Qocayev də iğtişaşlarda aldığı güllə yarasından ölüb.

Prezident İlham Əliyevin göstərişi ilə yanvarın 30-dan Azərbaycan vətəndaşlarının Qahirədən xüsusi təyyarələrlə evakuasiyasına başlanılıb. İndiyədək ümumilikdə Misirdən 163 Azərbaycan vətəndaşı çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar