Prezident İlham Əliyev: “Özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik”
11 fevral 2011 10:19 (UTC +04:00)

Prezident İlham Əliyev: “Özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik”

“Samux rayonunda sənaye müəssisələri açılır. Mən meyvəqurutma müəssisəsinin açılışında iştirak etmişəm. Çox gözəl, keyfiyyətli məhsullar istehsal olunur. Mənə verilən məlumata görə, quşçuluq fabriki tikilib. Orada da həm iş yerləri açılır, həm də yerli istehsal yaradılır. Elə etməliyik ki, özümüzü maksimum dərəcədə yerli məhsullarla təmin edək. Xüsusilə quşçuluq sahəsində, çünki biz bu sahədə özümüzü hələ 70-75 faiz səviyyəsində təmin edirik. Ona görə quşçuluğun inkişafı indi prioritet xarakter daşıyır. İki-üç ilə biz tamamilə bu sahədə də öz istehsalımızı təmin edəcəyik”.



APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Samux rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, həyata keçirilən bütün layihələr, bütün proqramlar gələcəyə yönəldilib: “Həm bugünkü uğurlu dinamik inkişafımızı təmin edirik və ən əsası isə, bütün bu işlər uzunmüddətli inkişaf strategiyamız çərçivəsində görülür. İqtisadi inkişaf, sosial məsələlərin həlli, infrastruktur layihələri, abadlıq-quruculuq işləri, yeni müəssisələrin, iş yerlərinin yaradılması – bütün bunlar Azərbaycanda kompleks şəkildə və uğurla icra edilir”.


Prezident gələcək illərdə ölkə üçün lazım olan bütün layihələrin icra olunacağını bildirib: “Bir müddət əvvəl Şəmkirçay su anbarının tikintisinə başlamışdıq. Onun istifadəyə verilməsi nəticəsində minlərlə hektar sahə suvarılacaq. Təkcə Samux rayonunda 20 min hektardan artıq torpaq istifadəyə veriləcək. Qonşu rayonlarda – Şəmkirdə, digər rayonlarda da suvarılan torpaqların sahəsi artacaq, beləliklə, Azərbaycanda kənd təsərrüfatı daha çox inkişaf edəcək. Bu yaxınlarda verdiyim tapşırıqlar əsasında indi Azərbaycanda taxılçılığın inkişafı üçün böyük fermer təsərrüfatlarının yaradılmasından ötrü boş torpaq sahələri axtarılır. Yaxın vaxtlarda o torpaqlar müəyyən ediləcək və dövlət tərəfindən bütün infrastruktur təminatı - elektrik enerjisi, su təminatı təşkil ediləcək ki, Azərbaycanda kənd təsərrüfatı, xüsusilə taxılçılıq sahəsində daha da böyük uğurlara nail olaq. Biz elə etməliyik ki, özümüzü əsas ərzaq məhsulları ilə təmin edək. Artıq bu yolda çox böyük uğurlara nail olmuşuq. Hazırda bitkiçilik və quşçuluq sənayesində özümüzü təmin etmək imkanlarımız təxminən 70 faiz səviyyəsindədir. Ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsulları ilə demək olar ki, biz özümüzü 100 faiz, yaxud 90-95 faiz təmin edirik. Bu bizə nə verəcək? İlk növbədə, yerli istehsalın inkişafı daha da sürətlə gedəcək, digər tərəfdən, ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. İndi dünyada ərzaq təhlükəsizliyi haqqında ciddi söhbətlər gedir, müzakirələr aparılır. Çox böyük narahatlıq var ki, ərzaq təhlükəsizliyi məsələləri dünya miqyasında qabarıq şəkildə birinci plana çıxa bilər. Belə olan halda, əlbəttə ki, insanlar böyük çətinliklərlə üzləşə bilərlər. Biz elə etməliyik ki, Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100 faizi ölkəmizdə istehsal edilsin. Bundan əlavə, biz öz məhsullarımızla xarici bazarlara da çıxmalıyıq. Bizim məhsullarımız həm təbii, həm də keyfiyyətlidir. Azərbaycanda yeni texnologiyalar əsasında tikilmiş zavodlar, fabriklər dünya səviyyəli məhsul istehsalına şərait yaradır”.


Prezident İ. Əliyev Azərbaycanın hər bir rayonu üzrə konkret proqram, iş cədvəli olduğunu deyib: “Yerli icra orqanları bu işləri aparır və aparmalıdır. Mərkəzi orqanlar tərəfindən görülən işlər, verilən tövsiyələr, ayrılan vəsait isə əlbəttə ki, bu işlərin daha da səmərəli aparılmasına xidmət göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800

Oxşar yazılar