Fevral ayı Ukraynada “Xocalı ayı” elan edildi
03 fevral 2011 15:04 (UTC +04:00)

Fevral ayı Ukraynada “Xocalı ayı” elan edildi

Bu barədə APA-ya Ukrayna Azərbaycanlı Gənclər Birliyindən bildirilib. Bununla bağlı növbədənkənar toplantı keçirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyəti fevral ayında Ukraynanın bir çox vilayət və şəhərlərində Xocalı soyqırımı ilə bağlı həyata keçiriləcək tədbirlər planını təsdiqləyib. Toplantıda Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək 2008-ci ildən başlayaraq, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. A. Tahirov Xocalı faciəsinin 20-ci əsrin ən amansız faciəsi olduğunu deyib. Qeyd olunub ki, Ukraynada “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçiriləcək tədbirlərə Ukraynanın bir sıra yerli gənclər təşkilatları qatılacaq. Fevralın 10-dan başlayaraq, Ukraynanın bir çox vilayət və şəhərlərində silsilə tədbirlər keçiriləcək.



“Xocalıya ədalət!” kampaniyası çərçivəsində İslam Konfransı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ümumukrayna Gənclər Assambleyasının birgə təşəbbüsü ilə Ukraynanın Nikolayev, Simferopol, Donetsk, Dnepropetrovsk, Xarkov və Kiyev şəhərlərinin mərkəzi meydanlarında imza toplama aksiyası keçiriləcək. Fevralın 26-da Ukraynanın bir sıra şəhərlərdən gənclərin Kiyev şəhərinə üzərində “Xocalıya ədalət!” sözləri yazılmış avto-yürüşü olacaq .Yürüş iştirakçıları Ermənistanın Ukraynadakı səfirliyinin, ATƏT-in və BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyası keçirəcək, adı çəkilən qurumlara qətnamələr təqdim edəcəklər.
# 780

Oxşar yazılar