Urmiya gölü: Vətən parçasında mədəni soyqırım, ekoloji fəlakət
12 may 2010 14:30 (UTC +04:00)

Urmiya gölü: Vətən parçasında mədəni soyqırım, ekoloji fəlakət

Dərd bir olsa nə var ki... Üstündə gəzdiyi vətən torpaqlarına yiyə olmadığından, Güney Azərbaycan türkləri onun təbiətini də qoruya bilmir, yaxud buna cəhd etdikdə hakimiyyətin odlu silahı ilə üz-üzə qalırlar. Dünyada ətraf mühiti qoruyanların addımları bir qayda olaraq, təqdir olunur. Ancaq Tehran rəsmiləri ölkə vətəndaşlarının hər bir etirazına siyasi don geyindirirlər…

İran İslam Respublikası rəhbərliyi Güney Azərbaycanın təbiətinə qarşı laqeyd siyasəti davam edir. Bu siyasət ucbatından Urmiya gölü qurumaqdadır. Mütəxəssislərin bildirdiyinə görə, hazırda gölün səviyyəsi 1272 sm-dir, halbuki bu rəqəm 1284 sm-dən az olmamalıdır.

Bu münasibətin ucbatından Urmiya gölü 8 milyard tonluq “duz anbarı”na çevrilə, bu azmış kimi, su hövzəsinin quruması həm də bölgənin iqliminə mənfi təsir göstərə bilər. Ekspertlər bildirib ki, gölün məhv olmasının qarşısını almaq üçün onun səviyyəsi indikindən ən az 0,5 metr yüksəlməlidir. Yay mövsümü ilə əlaqədar gölə tökülən çayların çoxu suvarma üçün kanallarla başqa istiqamətə axıdılacaq. Bu isə göldəki suyun səviyyəsinin artırılmasını əngəlləyir. Belə bir hal göldə duzun həcminin artmasına səbəb ola bilər. Hazırda gölün bir litr suyunda 300 qramdan artıq duz olduğu bildirilir.

Xatırladaq ki, ötən ay Güney Azərbaycan futbolsevərlərinin qüruruna çevrilmiş Təbrizin “Traktorquraşdırma” futbol klubunun oyunçularının qatıldığı, Urmiya gölünün ekoloji vəziyyətinə bu su hövzəsinin yaxınlığında etiraz aksiyası keçirilmişdilər. Aksiyaçılar “Urmiya gölünün qurudulması cinayətdir!” kimi şüarlar səsləndiriblər.

Bu su hövzəsinin quruması Güney Azərbaycan üçün ciddi fəsadlar yaradacaq. Gölə axan 20-yə yaxın çayın qarşısı alınaraq, bənd salınıb.

Həmişə olduğu kimi, İran İslam Respublikası rəsmiləri məsələyə aydınlıq gətirməkdənsə, etiraz aksiyası iştirakçılarını gülləbaran edib, tədbirə qatılanları həbs edib. Bütün baş verənlərlə bağlı fotoşəkillər və görüntülər çeşidli informasiya vasitələrində yayılıb.

Şorabil taleyi

Urmiya gölünün taleyini Ərdəbildəki Şorabil gölü də yaşamaqdadır.

Bir müddət öncə mühacir hüquqçu Baybək Təbrizli Şorabilin vəziyyətinə toxunaraq, yazıb: “Azərbaycan ən əski mədəniyyətlərin düşərgəsidir. Bu ərazi abidələrin, daş kitabələrin, kurqanların sahibidir. Ölkəmizin həm də zəngin təbiəti var. Belə yerlərdən biri də Şorabil gölüdür. Bu su hövzəsi qışın ən soyuq çağlarında belə buz bağlamır. Donmamalıdır da, çünki suyu adından göründüyü kimi şordur. Belə su isə donmaz”.

Müəllif ürək ağrısı ilə bildirir ki, fars şovinistlərinin istəyinə uyğun olaraq, nəinki şor su, duz belə buz bağlayacaq.

“Ərdəbil şəhərindəki min illərlə yaşı olan Şorabil gölü dünyanın tanınmış şor göllərindəndir. Bu göl Azərbaycanın Urmiya gölü kimi artemiyanın yaşadığı suya sahibdir. Bu heyvanlar yalnız şor sularda yaşayır, eyni zamanda köçəri quşlar üçün yem sayılır.

Amma Tehranın göstərişi ilə bu gölün tərkibi dəyişdirilir. Hakimiyyət bu su hövzəsində balıq yetişdirməyə başlayıb. Balıqları isə adətən şirin sularda yetişdirirlər. Belə bir vəziyyətdə Şorabilin tərkibinin də dəyişərək, “Dadlıbil” olacağı gözlənilir” - deyə, yazan B.Təbrizlinin məlumatına görə, illər uzunudur bu gölün təbiiliyini dəyişmək üçün çeşidli fəaliyyət göstərilib.

“Bu gölə çirkab suları axıdılaraq, kanalizasiya quyusu kimi istifadə olundu. Azərbaycanın susuz qalan başqa yerlərinə su verməyi çox görən İran hakimiyyəti başlanğıcını Savalan dağından götürən Balıqlı çayının şirin suyunu kanal çəkərək, Şorabilə axıdır. Azərbaycan ziyalılarının, yerli əhalinin çoxsaylı etirazına məhəl qoymayan hakimiyyət təmsilçiləri bu istiqamətdə gördükləri işdən əl çəkmir.

Ərdəbilin 50 dərəcə şaxtasında buz bağlamayan bu duzlu gölü üstündə indi -15 dərəcədə belə xizək və konki sürmək mümkündür.

Urmiya gölü bir əsrə yaxındır Tehrandakı hakimiyyətlərin zülmünə dözür. Amma bu müqavimət bir gün tükənəcək. Şorabilin aqibətini bir gün Urmiya gölü təkrarlayacaq. Bu hadisədən sonra göldəki artemiyalar yoxa çıxıb. Şorabil ətrafındakı müalicəvi palçıq da tapılmır. Artemiya yemək üçün gölə gələn köçəri quşlar da artıq buralardan uçmurlar. Hakimiyyət Azərbaycanın təbiətindən qəribəliyi və zənginliyi ilə seçilən göllərdən birini –Şorabili xəritəmizdən silməkdədir.

İbtidai haqqı, ana dilində təhsil almaq hüququ təmin olunmayan Azərbaycan türkü dədə-baba torpaqlarının da tam hüquqlu yiyəsi deyil. Əks halda, onun milli-tarixi abidələri dağıdılmaz, təbii sərvətləri talan olunmazdı…

Azərbaycan təbiətinin bu gözəllik simvolu, Urmiya gölü məhv olmaq təhlükəsi ilə üz-üzədir. Mütəxəssislərin fikrincə, vaxtında tədbir görülməzsə, yaxın gələcəkdə bu su hövzəsindən əsər-əlamət qalmayacaq. Belə bir şəraitdə isə bütünlükdə məntəqə səhraya çevriləcək. Bu, həm də gölün ətrafında minlərlə kənd, qəsəbə və şəhərlərin əhalisi üçün əsl fəlakət deməkdir. Hazırda gölün 150 hektarı səhraya çevrilib. Bunun nəticəsində ətraf kəndlərin torpaqları duzlaşaraq, yararsız hala düşüb.

Yeri gəlmişkən, 1980-ci illərdə Orta Asiyadakı Aral gölünün quruyacağı ilə bağlı çeşidli xəbərlər yayılırdı. O zaman keçmiş SSRİ-dəki bütün məsələlərə Moskva nəzarət etdiyindən bu su hövzəsinin qurumasına Kreml barmaqarası yanaşdı. Sovet İttifaqı dağılan ərəfədə bu göl də qurdu. Əslində Aralın quruması Moskvanın müttəfiq, özəlliklə türk respublikalarının təbiətinə etinasız baxmasının nəticəsi idi.

Statistik məlumatlara əsasən, son 50 ildə göl quruyaraq, suyu 90 faiz azalıb. Bu günlərdə BMT-nin baş katibi Pan Gi Mun bunu “Aralın quruması dünyanın ən böyük fəlakətlərindəndir” - kimi dəyərləndirib. O, dünya liderlərini bu gölün qurumasının qarşısını almağa çağırıb.

Xatırladaq ki, bir vaxtlar Aral gölü dünyada 4-cü idi.

Hakimiyyətdən cavab

İran hökumətinin iclaslarından birində Mahmud Əhmədinijatın başçılığı altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradılıb. Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhiminin dediyinə görə, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır: “Yaranan komissiya tarixi gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün əlimizdən gələni edəcəyik”.

GünAzTv-nin yaydığı məlumata görə, Şərqi Azərbaycandakı kənd təsərrüfatı idarəsinin təmsilçisi Mənuçehr Bağbani gölün qurumasına istehza ilə yanaşıb: “Urmiya gölü qurusaydı, burada dəvə saxlayardıq. Buranın havası və iqlimi dəvə saxlamaq üçün əlverişlidir”.

Bu azmış kimi, Tehran hakimiyyətinin yerli rəsmisi əlavə edib: “Dəvə çətin şəraitə, aclığa dözümlü heyvandır. Urmiya gölü quruyandan sonra orada çıxacaq tikanlarla çoxlu sayda dəvə yetişdirmək olar”.

Yerli müşahidəçilərin fikrincə, Mənuçehr Bağbani bu istehzanı azərbaycanlıların Urmiya gölünün qurudulmasına qarşı keçirdiyi toplantıdan iki həftə sonra söyləməsi hakimiyyətin bu məsələyə münasibətinin açıq-aşkar örnəyidir. Bu isə gölün qurudulması ilə bağlı hakimiyyətin planından əl çəkmədiyini göstərir.

Çoxsaylı etirazlara baxmayaraq, bu günə qədər Urmiyanın qurumasının qarşısının alınması istiqamətində heç bir əməli tədbir görülməyib.

Urmiya gölü haqda qısa məlumat

Ş.Tağıyeva, Ə. Rəhimli, S.Bayramzadənin birgə hazırladığı “Güney Azərbaycan” (sorğu kitabı) kitabında yazılıb ki, bu su hövzəsi həcminə görə, İranda ən böyük göl hesab olunur. Onun sahəsi təqribən 5000-6000 kv.km-dir. Göldəki suyun həcmi isə 20-24 milyard kub metr idi. Gölün eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşir. Qədim türk dilində bu gölün adının mənası “suda yaşayış yeri” anlamını verir. Başqa sözlə türklər bu gölün ətrafındakı həmişə yaşadığından Urmiya şəhərinin adına uyğun olaraq, ona bu sayaq ad veriblər.

Azərbaycanını başqa coğrafi adlarının başına açılan oyunlar Urmiya gölündən də yan ötməyib. Rza şahın dövründə, 1937-ci ildə gölün adı onun şərəfinə “Rzaiyyə” adlandırılıb. 1946-cı ildə Azərbaycan Milli Hökuməti bu adı dəyişdirsə də oğlu Məhəmmərza Pəhləvinin dövründə bu gölə “Rzaiyyə”, “Rzaiyyə gölü”, “Kəbudan”, “Çiçsit” və sair qondarma adlar verilib. İndikilər hakimiyyətə gələndən sonra şahla bağlı adları dəyişdirdiklərindən Urmiyanın da adını əvvəlki kimi adlandırdılar.

Bu gölə Azərbaycanın çeşidli bölgələrindən çaylar axır. Onlardan Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay və b. adlarını çəkmək olar.

Qışın ən sərt vaxtlarında belə buranın suyu donmur. Çünki su şordur. Bu cəhətinə görə, Urmiya gölü müalicəvi əhəmiyyətə malikdir. Orada boğulmaq təhlükəsi də yox dərəcəsindədir.

Urmiya gölündə irili-xırdalı 102 ada var. Adaların ümumi sahəsi 33,640 hektardır. Şahi, Qoyundağı, Əşkdağı, Arzu qismən böyük quru sahələr sayılır. Şahının sahəsi 3525 ha-dır. Əvvəllər burada Saray, Gəmiçi, Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri olub. Şahiyə aid məlumatlarda bildirilir Ki, 1979-cu il inqilabına qədər burada 1170 ailə yaşayıb. Hazırda adada yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlərlə məşğul olurlar. Şərfəxana və Gülməxana limanlarında çalışanların çoxunun da Şahidən oduğu haqda məlumat verilir.

Bu adada iki dağ və Keçiçay adlı çay, şirin sulu 54 bulaq var.

Çoxsaylı köçəri quş növləri bu adanın bəzəyi sayılır.

İkinci böyük ada Qoyundağdır. Onun uzunluğu 9 km, eni isə 4 km-dir. Sahəsi 3175 kv km-dir. Burada daimi axarı olan iki bulaq var. Şirin su, bol otlaq, münasib hava şəraiti burada heyvandarlığın inkişafı üçün əlverişlidir. Bununla yanaşı, həmin adalarda turizm üçün də şərait mövcuddur.

Göldə çeşidil köçəri quşlarla yanaşı, ördək, kəklik, yaşılbaş sona, qaz, ağbaş ördək, habelə dağ keçisi, maral da var. Yadellilərin özbaşına ovçuluğu adanın faunasına çox ciddi zərbə vurub.

Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin dərmanı sayılır. Buranın suyu və palçığı da nəzarətsizlik ucbatından talan edilir.

Azərbaycanın bu bənzərsiz su hövzəsi təbii gözəlliyi, şəfalı suyu, saf iqlimi və müalicəvi palçığı ilə yanaşı, başqa təbii sərvətlərlə də zəngindir.

1967-ci ildə Urmiya gölü qoruq elan olunub. Bundan başqa, YUNESKO bu gölü qorunan təbii ərazilər sırasına daxil edib. Amma təəssüf ki, Tehran hakimiyyəti kimi, BMT-nin bu qurumu da vədinə əməl etmir…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar