Nothing şirkəti Nothing Phone (3) subflaqman smartfonunu təqdim edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nothing-in bu yeni smartfonu daha əvvəlki Nothing Phone modelləri ilə müqayisədə bir qədər dizayn dəyişikliyi əldə edib. Belə ki, Nothing Phone (3)-də Glyph adlı ənənəvi işıqlandırma sistemi reallaşdırılmayıb. Bunun əvəzinə şirkət yeni smartfonunu Glyph Matrix adlı yeni sistem ilə təchiz edib. Bu, smartfonun arxa panelinin yuxarı hissəsində yerləşən dairəvi formalı bir növ ekrandır. O, vaxtı, enerji miqdarını, kompası, saniyəölçəni və s. məlumatları əks etdirə bilir. Bununla yanaşı smartfonun arxa panelində kameralar da bir qədər fərqli mövqelərdə yerləşiblər.
Smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Bununla yanaşı ekran Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Üstəlik cihazın gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
Smartfon Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Nothing Phone (3) özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 65 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkət bildirib ki, Nothing Phone (3) 5 il ərzində Android dəstəyini və 7 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Nothing Phone (3) 15 iyul tarixində satışa çıxacaq və onun qiyməti 799$-dan start götürəcək.