XİN 2009-cu ilin yekunları ilə bağlı hesabat yayıb
14 yanvar 2010 21:45 (UTC +04:00)

XİN 2009-cu ilin yekunları ilə bağlı hesabat yayıb

"2009-cu ildə Azərbaycan ətrafındakı geosiyasi durum ciddi çağırışlara məruz qalıb”


Xarici İşlər Nazirliyi 2009-cu ilin yekunlarına dair hesabat hazırlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hesabatda qeyd olunur ki, 2009-cu ildə baş verən beynəlxalq proseslər yüksək dinamikliyi və qloballaşma çağırışlarının kəskinləşməsi ilə səciyyələnib, dünya siyasətinin ümumi vəziyyəti qeyri-sabitliyi ilə xarakterizə olunub.


Bu zaman kəsiyində qlobal maliyyə-iqtisadi böhranın ən yüksək fazası qeydə alınıb, həmçinin ötən ildə beynəlxalq aləmdə güc və təsir mərkəzlərinin yenidən qruplaşmasına yönələn tendensiyalar özünü daha qabarıq şəkildə büruzə verib.


Maraqların nisbi balansını təmin edən Azərbaycan ətrafındakı geosiyasi durum ciddi çağırışlara məruz qalıb. Belə bir şəraitdə Azərbaycan mənfi xarici təsirlərin kifayət qədər azaldılmasına şərait yaradan çevik praqmatik davranış modelinə üstünlük verib. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaradıb.


Əsas etibarilə milli maraqlarımızın təmininə söykənmiş balanslaşdırılmış xarici siyasət kursumuz yaxın və uzaq ölkələrlə bərabərhüquqlu, mehriban və qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı və dərinləşməsinə xidmət göstərib. Çoxtərəfli müstəvidə xüsusilə ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə prinsiplərinin hüquqi tətbiq edilməsində kolliziyanın aradan qaldırılması məsələsində taktiki hücum fəaliyyətinə keçid əldə olunub.

Ənənəvi yanaşma və situativ maraqları özündə əks etdirən praqmatizm əməkdaşlıq və çevik ixrac siyasətinin həyata keçirilməsi xətti yürüdən Azərbaycanın enerji-nəqliyyat daşımalarında aparıcı regional rolunun daha da möhkəmlənməsinə imkan yaradıb. Avropa İttifaqı və Şimali Atlantika Alyansı ilə tərəfdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi, habelə bu strukturlara gələcək inteqrasiya üçün mövcud əsaslar möhkəmləndirilib.


Sivilizasiyalararası dialoq, mədəniyyətlərarası münasibətlər və qeyri-maddi irs sahəsində fəaliyyət əhəmiyyətli dərəcədə aktivləşib. 2009-cu il ərzində Azərbaycanın bu sahədə irəli sürdüyü yeni təşəbbüslər geniş beynəlxalq dəstək qazanıb.


2009-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlar intensivliyi ilə səciyyələnib. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında il ərzində altı, xarici işlər nazirləri arasında isə bir neçə dəfə görüşün keçirilməsi buna dəlalət edir. Beynəlxalq birlik münaqişədə status-quo-nun saxlanılmasının yolverilməzliyini və münaqişənin tezliklə həllinin zəruriliyini dərk edir. Bu xüsusda cari ilin 10 iyul tarixində “Böyük Səkkizliy”in İtaliyanın LAkuila şəhərində keçirilmiş sammitində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatının, 1 dekabr tarixində ATƏT-in Afina Nazirlər Şurası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri olan Rusiya və Fransa xarici işlər nazirləri və ABŞ dövlət katibinin müavininin, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin birgə bəyanatının qəbul olunması münaqişənin nizamlanmasına münasibətdə ən yüksək səviyyədə diqqətin olduğunu göstərir.


Münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Münaqişə yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz həllini tapmalıdır. Bu Münaqişənin sülh yolu ilə tənzimlənməsi üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəlib.


Azərbaycan nümayəndələri BMT-nin Miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsi, İnsan Hüquqları Şurasının Məşvərətçi Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun Regional Komissiyasının Daimi Komitəsinin üzvlüyünə seçilib, ölkənin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına irəli sürülüb. Azərbaycanın irəli sürdüyü Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) təşəbbüsünə dair qətnamə layihəsi BMT Baş Assambleyasında yekdilliklə qəbul edilib.


Terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, insan alveri və digər qeyri-qanuni fəaliyyətə qarşı beynəlxalq mübarizəyə töhfə çərçivəsində Azərbaycan göstərilən məsələlər üzrə İslam ölkələri arasında müvafiq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu kontekstdə İKT çərçivəsində ilk dəfə keçirilmiş və qeyd olunan sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsinə dair Bakı Bəyannaməsinin qəbul edildiyi İKT üzv dövlətlərinin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransına Azərbaycan tərəfinin ev sahiblik etdiyini qeyd etmək olar.


Ötən illərdə olduğu kimi, Avropa və Avro-Atlantik ölçüsü Azərbaycan xarici siyasətinin mühüm istiqamətini təşkil edib. İl ərzində Avropa İttifaqı ilə münasibətlər keyfiyyətcə yeni müstəviyə çıxıb, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının ikinci mərhələsi uğurla başa çatıb. Şərq Tərəfdaşlığı üzrə Praqa Zirvə görüşünün Birgə Bəyannaməsinin imzalanması Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək yaxınlaşma və əməkdaşlığın inkişafına yeni təkan verib. Bəyannamə dörd əsas platforma üzrə qarşılıqlı fəaliyyəti nəzərdə tutur: demokratiya, məsuliyyətli idarəetmə və sabitlik; iqtisadi inteqrasiya və siyasətin sektor elementləri ilə konvergensiya; enerji təhlükəsizliyi; insanlar arasında təmaslar. Burada zirvə görüşü çərçivəsində trans-Xəzər enerji daşıyıcıları layihələrini dəstəkləyən və dövlətimizin enerji təhlükəsizliyinin təminatına yönələn maraqları əks etdirən “Cənubi Dəhliz – Yeni İpək Yolu” Bəyannaməsinin qəbul edilməsini qeyd etmək lazımdır.

Azərbaycanın NATO-nun Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkibindəki hərbçilərinin sayının iki dəfə artırması ilə 90 nəfərə çatdırması onun Avro-Atlantik məkanında təhlükəsizlik və sabitliyin əldə edilməsi sahəsində daha böyük məsuliyyəti öz üzərinə götürmək əzmindən irəli gəlir. NATO ilə fəal siyasi dialoq qarşılaşdığımız birgə çağırışlar üzrə ortaq anlayışın yaradılması və möhkəmləndirilməsinə imkan yaradır.


Azərbaycan Respublikası silahlara nəzarət, tərksilah və yayılmama sahəsində həm çoxtərəfli və beynəlxalq, həm də regional və ikitərəfli əsasda əməkdaşlığını intensiv qaydada davam etdirib. Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Müdirlər Şurasına üzv seçilməsi bu istiqamətdə aparılan uğurlu fəaliyyətin təzahürü olub.


Prezident İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici dövlət başçılarının Azərbaycana rəsmi səfərləri zamanı siyasi, iqtisadi, rabitə, nəqliyyat, humanitar, turizm elm və mədəniyyət sahələrinə dair 90-a yaxın ikitərəfli beynəlxalq sənəd imzalanıb. İl ərzində 15-ə yaxın birgə hökumətlərarası komissiyanın və işçi qrupunun iclasları keçirilib. 2009-cu ildə Meksikada səfirliyimiz, Yekaterinburqda baş konsulluğumuz fəaliyyətə başlamış, Estoniya, Oman, Livan, Liviya, Serbiyada səfirliklərimizin və Batumidə isə baş konsulluğumuzun təsis edilməsi barədə qərarlar qəbul olunub. Habelə, 2009-cu il ərzində Braziliya, Niderland, Çexiya, Mərakeş, Avstriyanın Azərbaycanda diplomatik nümayəndəlikləri açılıb.

Azərbaycan öz geosiyasi və geoiqtisadi xüsusiyyətlərini nəzərə alaraq, əsas diqqətini transregional layihələrin həyata keçirilməsində əməkdaşlıq etdiyi Avropa, Yaxın və Mərkəzi Asiya dövlətləri üzərində cəmləşdirib. Göstərilən ölkələrlə yüksək səviyyədə səmərəli təmaslar və imzalanmış müqavilələr siyasi, ticari-iqtisadi, enerji-daşınma və mədəni-humanitar sahələrdə Azərbaycanın ikitərəfli beynəlxalq əməkdaşlıq bazasını möhkəmləndirib.

Azərbaycan regional və qlobal səviyyələrdə gözə çarpacaq dərəcədə mövqelərini möhkəmləndirib, milli maraqlarının irəliləməsi və müdafiə olunmasında hücum vurğusunu gücləndirib, ənənəvi və yeni təhdidlərə qarşı mübarizədə rolunun artmasına nail olub, əməkdaşlıq coğrafiyasını genişləndirib, regionlararası iqtisadi əlaqələr və sivilizasiyalararası dialoqun inkişafında özünün əhəmiyyətli rolunu təsdiq edib.


Ötən il üzrə diplomatiyamızın nəticələri bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrə əsaslanan konstruktiv beynəlxalq əməkdaşlığın gələcək inkişafı, həmçinin sülh, təhlükəsizlik və mehriban qonşuluq strategiyasına yönəlmiş milli xarici siyasət vəzifələrinin 2010-cu il və daha uzaq perspektivdə həllinə zəmin yaradıb. Əsas vəzifə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması və dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsidir. Azərbaycanın Cənubi Qafqazda lider rolunun gücləndirilməsi, bərabər və sabit ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi, Avro-Atlantik inteqrasiya proseslərində iştirak və dünyanın enerji bazarlarında ixracat və tranzit imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər də prioritet olaraq qalır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar