Böyük Manipulyator
1-ci hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
PREZİDENT ZƏHƏRİ
2018-ci ilin yazında, hələ “Benalla məsələsindən” əvvəl, Yelisey sarayındakı murdar və üzücü ab-havadan şikayətlənən məsləhətçilərindən birinə Emmanuel Makron belə cavab verir: “Sən də Brijit kimi birdəfəlik başa düş ki, respublika prezidentinin ətrafı həmişə zəhərli olur”.
Həm qəribə, həm aydın, həm də fatalizmlə dolu bir həqiqət... Sanki V Respublikanın ən gənc prezidenti seçki kampaniyasında özünü “yeni dünya”nın daşıyıcısı kimi təqdim edən bu adam, gücü tükənmiş bir rejimi, eləcə də əvvəldən mövcud olan qanunları dəyişdirmək niyyətində deyilmiş. Onun cavabından təəccüblənən həmsöhbəti, prezidentdən bu zəhərə qarşı dərman olub-olmadığını soruşur. Dövlət başçısı bu sualı cavabsız qoyur.
Hər şey prezidentin seçki kampaniyasından başlandı. Şübhə yoxdur ki, bu iddialı adamın bəxti gətirir. Belə ki, heç bir siyasi karyerası olmayan, hətta heç bir partiyaya belə daxil olmayan Emmanuel Makron, ən yüksək pilləyə qalxmaq üçün bütün Respublika şəbəkələrindən məharətlə istifadə etdi. Düzdür, onun tərəfdarları Makronu mediada “yeni dünya yaradacaq, güclü potensialı olan, ölkəyə yeni siyasi və iqtisadi amillər gətirəcək bir namizəd” kimi təqdim etsələr də, bu adam hakimiyyətə gəlmək üçün əslində, “köhnə dünya”nın klassik kanallarından istifadə etdi. Heç kəsə heç nəyi sübut etmək niyyətində olmadığını iddia edən, öz sözlərinə görə “hər şeyi həmişə özü tək edən” gənc bankir, əslində, prezident kürsüsündə əyləşmək üçün min oyundan çıxdı, yüzlərlə adamı məharətlə manipulyasiya etdi, onlarla adama şirin vədlər verib, nəhayət, istədiyinə nail oldu.
ŞƏBƏKƏLƏR VƏ KÖLGƏDƏ OLAN ADAMLAR
Müxtəlif lobbilər, cəmiyyətə və ictimai fikrə təsir etməyi bacaran xüsusi agentlər, əyalət şəhərlərindəki baronlar, media kralları, hətta frank-mason lojaları... Hamısı ona öz köməklərini təklif etdilər. Makron onların hər birini böyük təbəssümlə qarşıladı, onlardan ustalıqla istifadə elədi, bəzilərini isə sadəcə olaraq manipulyasiya etdi. Bu siyasi hoqqalarda onun arvadı Brijit Makron mərkəzi rol oynadı, xüsusilə sağçılar partiyasının üzvlərini öz tərəflərinə çəkməkdə. Bütün təsir şəbəkələrindən səmərəli istifadə edən bu “həyasız” namizəd, rəqiblərini tamamilə zərərsizləşdirə bildi. Professional bir bankir kimi Makron insanlardan kapital kimi istifadə edir: kimləri harada və nə vaxt investisiya etməyi, kimlərdən harada və nə vaxt istifadə etməyi gözəl bacarır. Necə ki, vaxtilə Manuel Valls HAVAS şəbəkəsindən, Fransua Bayru Modem partiyasından, Fransua Hollandın keçmiş müdafiə naziri Jan-İv Lö Drian Sosialist Partiyasından istifadə etdiyi kimi. Hakimiyyətə gəlmək üçün Makron, demək olar ki, utanıb-qızarmadan hər şeydən və hamıdan sui-istifadə etdi. Vaxtilə onun prezident kampaniyası üçün vəsait toplayan yaxın bir adamı deyir ki, “prezident olmazdan əvvəl, Makron eynilə Don Juan kimi özünü bizim hamımıza sevdirdi, hamımıza şirin vədlər verdi, istədiyinə çatandan sonra isə hamımızı – katolikləri, müsəlmanları, milyonerləri, yüksək vəzifə sahiblərini, bir sözlə, ona kömək duranların hamısını tamamilə unutdu. Qısası, hamımızı yaxşıca doladı”.
2017-ci ildə gənc prezidentin qələbəsində, bütün bu şəbəkələr böyük rol oynadılar. Ortaya məntiqi bir sual çıxır: necə olur ki, Sarkozi sisteminə qarşı çıxmaqla prezident seçilən Fransua Hollanddan sonra siyasi kölgədə qalanlar, din xadimləri, iş adamları, mədəniyyət və incəsənət adamları, hətta cəmiyyətin böyük bir qismi, bu adamı hakimiyyətə gətirmək üçün dəridən-qabıqdan çıxdılar? Makronun keçmiş tələbə yoldaşlarından birinin sözlərinə görə “onlar Sarkozi ilə Dominik Stros Kanın əxlaqsızlıqlarını bir-biri ilə qarışdırıb ortaya bunu (Emmanuel Makron) çıxardılar”.
Yelisey sarayında, prezidentin ətrafındakılar bir ağızdan təsdiqləyirlər ki, “Makron öz xeyirləri üçün Fransadan istifadə edən bəzi ölkələr, xüsusilə bir sıra Afrika ölkələri ilə əlaqələri qırmaq istəyir. Əslində, onlar bu mifologiyanı, reallığı gizlətmək üçün yaradıblar. Özünün siyasi partiyası olmadığından, prezidentliyə namizədliyini irəli sürən Makron, əvvəllər yaxınlıq etdiyi iki böyük ənənəvi partiyadan kömək istəmişdi. Ancaq eyni zamanda hər yerdə təkrar edirdi ki, o, nə sağçı partiyası, nə də solçu partiyası ilə yaxınlıq etmək fi krində deyil. Etiraf etmək lazımdır ki, onu dəstəkləyən şəbəkələr genişdir: onların arasında böyük beynəlxalq ticarət orqanizmləri, Afrikanın bəzi fransızdilli ölkələri, silah sənayesi, gizli kəşfiyyat xidmətləri, xüsusi təhlükəsizlik servisləri, dövlət üçün işləyən tikinti, telekommunikasiya və kommunal şirkətləri var. Təbii ki, bunlardan geniş ictimaiyyətin xəbəri yoxdur, daha dəqiq desək, onların çoxunu heç ictimaiyyət tanımır. Bizim apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, yuxarıda adı çəkilən ölkə və şirkətlər Makronun prezident kampaniyasında maliyyə çətinliklərinin olduğu bir vaxta meydana çıxdılar. Rəsmi məlumata görə, prezidentliyə namizəd Makron, Yelisey sarayını fəth etmək üçün onun kampaniyasına lazım olan məbləğin xeyli hissəsini, özlərini “yeni iqtisadiyyatın” sütunları sayan məşhur iş adamlarının köməyi ilə topladı. Ancaq bu bəs eləmədi. Təbii ki, seçki kampaniyasına keçirilən pullar, Milli Kampaniya Hesab Komissiyası tərəfindən, eləcə də siyasi maliyyələşdirmə komitəsi tərəfindən təsdiq olunmuşdu. Ancaq 2018-ci ilin noyabr ayında onun seçki komissiyasının maliyyələşdirilməsində bir neçə qanun pozuntuları olduğunu sezən ədliyyə sistemi istintaq işi açdı. Məhkəmə bir il əvvəl prezidentliyə namizəd olan Makronun “Hərəkətdə!” hərəkatına keçirilən 144 000 avronun haradan gəldiyi ilə maraqlandı. Açığını deyək ki, bizim bu barədə verdiyimiz suallar, çox vaxt həmsöhbətlərimizi narahat etdi... Emmanuel Makron iqtisadiyyat naziri olan vaxt, onun kabinetinin keçmiş üzvlərindən biri bizə belə cavab verdi: “mən bu barədə danışmaq belə istəmirəm… çünki onların hamısı xəstədir!”.
Ardı var...