Şeyx Əhmədinejadla görüşdü - FOTO
16 oktyabr 2012 14:49 (UTC +04:00)

Şeyx Əhmədinejadla görüşdü - FOTO

Oktyabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla onun üçün ayrılmış iqamətgahda görüşüb. İdarənin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, səmimi şəraitdə keçən görüşdə Azərbaycan və İran arasında tarixi mənəvi əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, xalqlarımız və dövlətlərimiz arasında ünsiyyətin daha da dərinləşdirilməsinin vacibliyi önə çəkilib. Şeyxülislam xüsusi vurğulayıb ki, dost və qardaş dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də əlaqələrin yüksək səviyyəsinin bərqərar edilməsi olduqca mühümdür və bu xalqlarımızın rifah və səadətinə xidmət edir.
Şeyxülislam M. Əhmədinejadı, İranın Ali Dini lideri Ayətullah-üzma Xameneyi başda olmaqla bütün İran xalqını müsəlman dünyasının qarşıdan gələn böyük bayramı - Eydül-Əzha münasibətilə ürəkdən təbrik edib, Qurban bayramının fəzilət və nurunun bütün İslam dünyasına əmniyyət və rifah bəxş etməsini diləyib, həmçinin, ali dini liderə dərin ehtiram və salam-dualarını yetirməyi rica edib.

Əhmədinejad, öz növbəsində, Azərbaycan müsəlmanlarına xoş arzularını dilə gətirib. Şeyxülislam A. Paşazadənin müsəlman həmrəyliyinə dəlalət edən əməl və səylərini yüksək dəyərləndirdiyini bildirən İranın dövlət başçısı İran və Azərbaycan xalqları arasında dini-mənəvi əlaqələrin möhkəmlənməsinə rəvac olaraq,A. Paşazadəni İran İslam Respublikasına qonağı olaraq səfər etməyə dəvət edib.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2376

Oxşar yazılar