Mübariz Qurbanlı: “Gülər Əhmədovanın cəzasının vaxtı çatıb”-AÇIQLAMA
10 oktyabr 2012 00:24 (UTC +04:00)

Mübariz Qurbanlı: “Gülər Əhmədovanın cəzasının vaxtı çatıb”-AÇIQLAMA

"Müxalifət mətbuatı və müxalifətin təsir dairəsində olan Kütləvi İnformasiya Vasitələri (KİV) Azərbaycandakı vəziyyəti hansısa formada qarışdıraraq ictimai fikri çaşdırmaq, baş vermiş müəyyən hadisələrdən sui-istifadə edərək, hakimiyyətə qarşı qara piar kompaniyası aparmaq üçün hər cür vasitəyə əl atırlar”.

Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, müxalifətin təsir dairəsində olan KİV istənilən mövzunu Azərbaycan hakimiyyətinə və YAP-a qarşı yönəltmək istəyir: “Müxalifətin yazdığı yazılar tamamilə şər və böhtandır. Eyni zamanda, onlar YAP-a və onun rəhbər kadrlarına qarşı dedi-qodu xarakterli yazılar yayımlayır, bununla da ictimai rəyə təsir göstərməyə çalışırlar. Onların bu hərəkətinin heç bir əsası yoxdur. Keçmis deputat Gülər Əhmədova ilə bağlı hadisədən də bunlar sui- istifadə etməyə çalışırlar. Onlar Gülər Əhmədovanın istefa ərizəsi verməsindən sonra da bu mövzunu gündəmdə saxlamaq üçün bütün vasitələrə əl atırlar”.

M.Qurbanlı bildirdi ki, Gülər Əhmədovanın əməllərinə YAP öz qiymətini artıq verib: “Partiyanın sədr müavini, icra katibi Əli Əhmədovun açıqlamasında da bu məsələ birmənalı şəkildə vurğulanıb. Gülər Əhmədova partiyanın adına layiq olmayan hərəkətlər etdiyini anladığına görə, öz səhvini başa düşərək istefa verib. Bu gün həmin hadisə prokurorluq tərəfindən araşdırılır və istintaq materialları toplanılır. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin əməlləri ilə bağlı da materiallar toplanılır. Yəni bu iki şəxsin hər ikisi biri digərini aldatmaqla vəsait əldə etmək digəri isə vəsait hesabına hansısa bir məqama çatmaq istəyini ortaya qoyub. Lakin heç birinin istəyi baş tutmayıb. Birincinin aldığı vəsait nəticəsində cəzasının vaxtı çatıb. İkinci isə verdiyi vəsait nəticəsində istədiyi məqama nail ola bilməyib. Hər iki şəxsin fəaliyyəti prokurorluqda istintaqdadır”.

Millət vəkilinin sözlərinə görə, Gülər Əhmədovanın əməlində partiyanın nizamnaməsinə uyğun olmayan hərəkətləri onun üzvü olduğu YAP Yasamal rayon təşkilatında müzakirə olunaraq müvafiq qərar qəbul edilə bilər: “Bizim partiya açıq demokratik partiyadır. Onun öz Nizamnaməsi var. Qanunlar bu nizamnamə əsasında formalaşır. Mövzunu xüsusiləşdirməyə ehtiyac yoxdur. Çünki, hər il partiyanın sıralarına 25 min üzv daxil olur. Əgər onlardan hər hansısa biri partiyanın nizamnaməsinə uyğun olmayan hərəkətlərə yol versə, sadəcə olaraq partiya sıralarından çıxarılmaqla cəzalandırıla bilər. Kimlərsə istəyir ki, bu mövzu daima gündəmdə qalsın. Təbii ki, Gülər Əhmədovanın özü də müəyyən mənada mövzunun gündəmdə qalmasında maraqlıdır. Məsələnin gündəmdə qalmasını qəsdən və yaxud təsadüfən istəyənlər var. Radikal müxalifət bu məsələni gündəmdə saxlamaqla ictimai rəydə hakimiyyət əleyhinə qara piar kompaniyası aparmaq istəyir. Lakin onlar bunu bacarmayacaq”.

YAP icra katibinin müavini dedi ki, bu gün müxalifət mətbuatı hansısa bir formada sensasiya yaratmaq məqsədi ilə hər şeydən istifadə edir: “Sosial şəbəkələrdə müxtəlif mövzularda müxtəlif fikirlər səsləndirilir. Onlar Gülər Əhmədovanın “Facebook”dakı səhifəsində yazdığı yazının hər birini digər səhifələrdə paylaşmaqla bulvar mətbuatından uzağa gedə bilmirlər. Biz hər bir məsələyə hüquq çərçivəsində qiymət verməyi bacarmalıyıq. Biz hüquq-mühafizə orqanlarına imkan verməliyik ki, məsələni tamamilə araşdıra bilsinlər. Gülər Əhmədova ilə bağlı məsələnin xarici dillərə tərcümə edilərək yayılması göstərir ki, məsələnin düzgün təhlilinə çalışılmır. Burada məqsəd şou düzəldib kiməsə qarşı yönəltməkdir. Buna görə də partiyanın mövqeyi belədir ki, biz öz sözümüzü demişik, öz fikrimizi bildirmişik. Qalan məsələlərlə bağlı hüquq mühafizə orqanları öz mövqelərini bildirəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3892

Oxşar yazılar