Spiker: “Avropanın anlaşılmaz addımları ilə üzləşirik”
02 oktyabr 2012 21:32 (UTC +04:00)

Spiker: “Avropanın anlaşılmaz addımları ilə üzləşirik”

Milli Məclisin (MM) sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Fransa senatorlarından ibarət nümayəndə heyətini qəbul edib.

MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O.Əsədov bildirib ki, bu günədək Azərbaycan ilə Fransa arasında 42 hüquqi sənəd imzalanıb, bunlar da iki ölkə arasında münasibətlərin etibarlı hüquqi bazasını təşkil edir.

O. Əsədov Azərbaycan prezidenti İlham Əliyevin cari ilin sentyabrında Fransaya işgüzar səfərini xatırladaraq deyib ki, bu gün təkcə siyasi deyil, iqtisadi sahədə də ikitərəfli əlaqələr günbəgün dərinləşir: “Azərbaycanda bir çox fransız şirkətləri təqdirəlayiq fəaliyyət göstərirlər. Onlardan “Total” və “Gaz de France”nin ölkəmizin enerji sahəsindəki inkişafında rolunu yüksək qiymətləndiririk. Adı çəkilən şirkətlər bu yaxınlarda Azərbaycan ərazisində yeni qaz yatağı aşkarlayıblar. Bu yatağın ehtiyatları ilə birlikdə Azərbaycanın qaz potensialı 2,6 trilyon kubmetrə çatıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Avropanın enerji təhlükəsizliyi sistemində mühüm rol oynayır”.

O.Əsədov bildirib ki, istər Azərbaycan, istərsə də Fransa parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir: “Biz ümid edirik ki, gələcəkdə Fransa parlamentində bütövlükdə Cənubi Qafqaz üzrə dostluq qrupu deyil, Azərbaycan üzrə ayrıca belə bir qrup fəaliyyət göstərəcək”.

Spiker Azərbaycanın Dağlıq Qarabağ kimi problemi olduğunu söyləyib. O bildirib ki, münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olsa da, ötən dövr ərzində problem öz məntiqi həllini tapmayıb: “Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıyıq. Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşmaqdadır ki, problemin həllinə təsir göstərə biləcək dövlətlər bəzən erməni diasporunun mövqeyi ilə hesablaşmalı olurlar. Azərbaycan Avropa dəyərlərinə sadiq qaldığını, Avropa strukturlarına inteqrasiya yolu tutduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, bəzən Avropa qurumları tərəfindən anlaşılmaz addımlarla üzləşir. Əlbəttə ki, bu kimi hallar bizi narahat edir. Bütün çətinliklərə baxmayaraq, biz bölgənin inkişafına böyük maneçilik törədən, regionun təhlükəsizliyini təhdid edən Dağlıq Qarabağ probleminin beynəlxalq birliyin səyi nəticəsində sülh yolu ilə tezliklə aradan qaldırılacağına ümid edirik”.

Senator Ladislas Poniatovski Azərbaycana səfərindən və burada keçirilən görüşlərdən məmnun qaldığını söyləyib. O, başçılıq etdiyi nümayəndə heyətinin tərkibində energetika sahəsində böyük təcrübəyə malik senatorların olduğunu qeyd edib. Qonaq vurğulayıb ki, iki ölkə arasında neft-qaz, energetikanın digər sahələrində əlaqələrin dərinləşməsi münasibətlərimizin hərtərəfli inkişafına öz müsbət təsirini göstərəcək.

Fransalı senator parlamentlər səviyyəsində dostluq qruplarının fəaliyyətini təcrübə və informasiya mübadiləsi baxımından önəmli hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar