Mirşahin video qalmaqalından danışdı
01 oktyabr 2012 09:27 (UTC +04:00)

Mirşahin video qalmaqalından danışdı

Dostlar və düşmənlər! Gözləməyin, yeni nəsə deməyəcəyik. Biz ANS olaraq rüşvəti onsuz da həmişə haram və murdar saymışıq. Kimə məxsus olmasından asılı olmayaraq rüşvətə uzanan əli əyri hesab etmişik. Korrupsiya ilə mübarizədən, onun verdiyi və ya lazıminca vermədiyi effektdən də danışmaq niyyətimiz yoxdur. Olanı budur ki, xalqımıza pis, xəcalət dolu bir hadisə üz verib. Azərbaycanın Milli Mənəvi dəyərlər sisteminə ciddi zərbə dəyib. Mən bu saat hamının danışdıqları barədə yox, tamamilə ayrı mətləblərdən danışmaq istəyirəm.

Tutaq ki, gizli lentə alınmış və sosial şəbəkələrə buraxılmış videoyazı saxta deyil, doğrudan da qadın millət vəkili kişi millət vəkili olmaq istəyən birisi ilə Milli Mənəvi dəyərlərimizi vurub dağıdan əməldə əlbir olub, ortada hansısa sövdələşmə cəhdinin olduğuna da inanaq. Və hesab edək ki, qadın millət vəkili ya nəfsi, ya da bir başqa cazibə qarşısında duruş gətirə bilməyib, bunu da qadının təbiətən zərif və zəif məxluq olmasına yazaq. Tutaq ki və tutaq ki… Amma mən heç bir halda o qadının adını çəkməyəcək, o deputat qadınla alver edərək kişi deputat olmaq istəyən erkəyin də adına ağzımı vurmayacam. Mən bir qədər əvvəl danışdığım, getdikcə Balaxanı zibilliyinin təkinə gömülən Milli Mənəvi Dəyərlər Sistemi üzərində dayanacam. Xədicə boyda çılpaq həqiqət bizim zəif nöqtələrimizi açıq göstərdi. Bəlli oldu ki, hər bir şəxsin toxunulmaz həyatı əslində toxunulmaz deyil. Hətta xüsusi xidmət orqanları belə kiminsə telefon danışığını yazırsa, mütləq qanunla bunu icazə ilə etməlidir. Bu, baş vermir. Artıq ikinci qadın qurşaqdan aşağı zərbənin qurbanı olur. Bir güclü kişi bir zəif qadını gizli şəkildə lentə alır və onun görüntülərini bütün dünyanın ixtiyarına verir. Sonra da bu kişi, kənardan ləzzətlə qurbanının özünü necə aparmasına kişi-kişi baxır. Şəstlə, qürurla. Hamı eyforiyadadır, köhnə çörəyin yerinə dövriyyəyə buraxılmaş təzə tamaşa millətin diqqətini məşğul etməkdədir. Amma bir şey unudulur ki, bu kişi deputat olmaq istəyən şəxs qadın millət vəkili ilə apardığı söhbəti heç də Azərbaycanın rüşvətsiz, korrupsiyasız gələcəyi naminə lentə almıyıb, uca amallar üçün sosial şəbəkələrə buraxmayıb. Bu kişi deputat olmaq istəyən erkək bu addımı sövdələşməsi alınmadığından atıb. Alınsaydı, biz Milli Məclisin oturacaqlarını Vətənimizin işıqlı gələcəyinə nağıllar oxuyan bir kişi deputat olmaq istəyən şəxsin kürsüsü hesabına artmış görəcəkdik. Seçicilərlə görüşə, cəbhə bölgələrinə, hansısa parlamentlərarası assambleyaya gedəcək, ya iqtidlara söykənib müxalifəti, ya da müxalifətə söykənib iqtidarı söyən birisinin hesabına. Öz aləmində Azərbaycanı ləyaqətlə təmsil etdiyini düşünəcək bir psevdodeputat. Amma bu baş vermədi. Nə qədər qəribə və bəlkə də əcayib səslənsə də yaxşı ki, qadın millət vəkili kişi millət vəkili olmaq istəyən şəxsə qiymətdə güzəştə getmədi və şükürlər olsun ki, biz belə bir deputata malik olmadıq.

Oğruların dili ilə desək, yasamallı qadın həmin “razborka”da özünü əsl yaxşı oğlan kimi aparır, kimsəni satmır, hər şeyi öz üzərinə götürür. Gizli lentə alan kişi deputat olmaq istəyəndən fərqli olaraq.

Bu hadisənin göründüyünlən daha dəhşətli tərəfi var. İndi gizli çəkilişlərin gücünü və effektini görən fürsətcillər daha təhlükəli olacaqlar. Onlar görəcəklər ki, bu yolla hətta deputatı kürsüdən kənarlaşdırmaq da olar. Onlar daha böyük nəticələr uğrunda yarışa çıxa bilərlər. Bu qeyri-qanunilərdən törənəcək qanunlardan yaxşı heç nə gözləməyək. Azərbaycana piştaxta altından daxil olan yeni siyasi texnologiyalar dəsti milli-mənəvi dəyərlərə sarsıdıcı zərbə vurur. Kişi qadına əl qaldırmaz dövrü çoxdan aşıb. Sosial şəbəkələrə anonim ad altında şərhlər yazan özü, atası naməlumlar bəlkə də öz aləmlərində qəhrəmanlıq etdiklərini düşünür. Amma eybəcər səslənsə də deməliyəm: qadın millət vəkili burada istinad etdiyi məntiqlə, dayandığı dəyərlərlə daha ləyaqətlidir, nəinki onu təhqir edən anonimlər.

Ömür uzundur və o qədər uzun ki, səhvsiz sadəcə mümkün deyil. Səhv çox ağır da, hətta cinayət səviyyəsində də ola bilər. Kimsə 70 nəfəri güllələyər hərəsinə görə 3 ay alar, kimsə yatmış düşməni baltalayar ömürlük həbs cəzasına layiq görülər, kimisə Peyğəmbəri alçaldan film çəkər içəri atılar, amma öldürülməsin deyə. Rastlaşdığımız son hadisə bunlardan dəhşəti deyil. Sadəcə sakitləşmək, soyuqqanlı şəkildə araşdırmaq lazımdır. Məncə bu hadisədə rüşvət vermək istəyənin günahı ikiqat artıqdır. Ona görə ki, o həm də şantaja hazırlaşır. O ki qaldı qadın millət vəkilinə, İsa peyğəmbəri də ara bir yada salmaq lazımdır: “İlk daşı qoy günahı olmayan atsın!” Amin!

ANSPRESS
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3957

Oxşar yazılar