Xankəndi hava limanından İrəvana ilk sınaq uçuşu hazırlanır
29 sentyabr 2012 19:44 (UTC +04:00)

Xankəndi hava limanından İrəvana ilk sınaq uçuşu hazırlanır

APA-nın xəbərinə görə, bu barədə Ermənistan mediası Dağlıq Qarabağdakı separatçı rejimin “mülki aviasiya idarəsi”nin rəisi Dmitri Adbaşyana istinadən məlumat yayıb. D. Adbaşyan bildirib ki, uçuşun dəqiq tarixi texniki səbəblərə və hava şəraitinin dəyişkənliyinə görə bildirilmir, sınaq uçuşundan sonra müntəzəm reyslərin həyata keçirilməsinə başlanacaq. O, uçuşları yerinə yetirəcək aviaşirkət barədə bilgi verməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə APA-ya açıqlamasında bəyan edib ki, Ermənistanın bu cəhdi danışıqlar prosesinə böyük zərbə vurmuş olacaq. O deyib ki, Ermənistan belə addımları ilə münaqişənin nizamlanmasına dair sülh danışıqları aparmaq niyyətində olmadığını göstərir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından (ADMAA) isə APA-ya bildirilib ki, Azərbaycan tərəfi ermənilərin təxribat məqsədli bu addımı barədə İCAO və ECAC kimi beynəlxalq aviasiya təşkilatlarını məlumatlandırıb. Həmin təşkilatlar bu addımı pisləyiblər. Azərbaycan tərəfi hava məkanının pozulacağı təqdirdə mövcud qanunvericiliyə uyğun tədbirlər görəcəyini bəyan edib.

Qeyd edək ki, bir müddət əvvəl rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirləri görəcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1405

Oxşar yazılar