Elmar Məmmədyarov: “Ermənilər Azərbaycana aid bütün tarixi-mədəniyyət abidələrini məhv edib”
29 sentyabr 2012 15:27 (UTC +04:00)

Elmar Məmmədyarov: “Ermənilər Azərbaycana aid bütün tarixi-mədəniyyət abidələrini məhv edib”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının sentyabrın 29-da Nyu-Yorkda keçirilən illik koordinasiya toplantısında çıxış edib. APA-nın xəbərinə görə, nazir çıxışında İƏT məkanında təhlükəsizlik problemlərinə toxunub. O xatırladıb ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir, bunun nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıda bilmir: “Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycana aid bir tarixi-mədəniyyət abidəsi belə salamat qalmayıb, məscidlər və digər müqəddəs məkanlar dağıdılıb. Azərbaycan xalqına qarşı soyqırımlar da daxil olmaqla, insanlığa qarşı cinayət törədənlər nəinki cəzasız qalır, hətta onlara Ermənistan qəhrəmanı adı verilir”.

E. Məmmədyarov İƏT ölkələrinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək verdikləri və Ermənistanın təcavüzünü pislədikləri üçün təşəkkür edib.

Nazir Fələstin və Suriya problemlərinə də toxunub. O bəyan edib ki, Azərbaycan qardaş Fələstin xalqına və onun sülh, sabitlik və paytaxtı Qüds olmaqla müstəqil Fələstin dövləti yaratmaq istiqamətində səylərinə dəstəyini təsdiqləyir. E. Məmmədyarov Fələstinin BMT-yə üzv olmasını dəstəklədiklərini də vurğulayıb.

Suriya hadisələrindən danışan nazir qeyd edib ki, Azərbaycan bu ölkədə çoxlu sayda insanın ölümünə səbəb olan və regional təhlükəsizliyi təhdid edən zorakılığın artmasından narahatdır.

İƏT-in baş katibi Ekmələddin İhsanoğlu E. Məmmədyarovun çıxışından sonra təşkilat daxilindəki fəaliyyətinə və quruma maliyyə töhfəsinə görə Azərbaycana minnətdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar