Pakistandan Azərbaycana təşəkkür - FOTO
27 sentyabr 2012 12:48 (UTC +04:00)

Pakistandan Azərbaycana təşəkkür - FOTO

Sentyabrın 26-da Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Senatının Daxili İşlər üzrə Komitəsinin sədri senator Məhəmməd Talha Mahmudla görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, Daşqın Şikarov görüşdə iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən danışıb.

O, bu il fevralın 1-də Pakistan Senatı tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsində fəallıq göstərdiyinə görə Məhəmməd Talha Mahmud minnətdarlığını bildirib. Görüşdə Azərbaycan və Pakistan daxili işlər orqanları arasında əməkdaşlığın hər iki ölkə üçün önəmli olduğu, Azərbaycan daxili işlər naziri Ramil Usubovun İslamabada səfərinin gündəmdə olduğu qeyd edilib. ASALA terror təşkilatı tərəfindən Azərbaycan diplomatlarına qarşı təhdidlərin olduğunu da Məhəmməd Talha Mahmudun diqqətinə çatdırılıb.

Məhəmməd Talha Mahmud iki ölkə və xalqlar arasında münasibətlərin səmimi dostluğa əsaslandığı, strateji xarakter daşıdığını, bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb. O, Pakistan Senatının nümayəndə heyətinin tərkibində 2008-ci ildə Bakıya səfərini xatırladıb, Azərbaycan xalqının qonaqpərvərlik və səmimiyyətindən danışıb. Əfqanıstandakı qeyri stabil vəziyyətin bütün region ölkələrinə mənfi təsir göstərdiyini qeyd edən Məhəmməd Talha Mahmud terrorla mübarizədə Pakistanın 44 min insan qurban verdiyini, ölkəsinə 100 milyard dollar həcmində maddi ziyan dəydiyini nəzərə çatdırıb. Senator son illərdə regionda heroinin istehsalının kəskin dərəcədə artmasından narahatlığını dilə gətirib. Məhəmməd Talha Mahmud iki ölkənin daxili işlər orqanlarının terrorla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə daha sıx əməkdaşlıq etməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, Pakistanda fəaliyyət göstərən Azərbaycan diplomatlarının təhlükəsizliyi Pakistan dövləti tərəfindən tam təmin olunacaq və bütün təhdidlərin qarşısının alınacaq.

Məhəmməd Talha Mahmud Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunacağına qədər davam edəcəyini vurğulayıb. O, 2005, 2010 və 2011-ci illərdə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan hökumətinin Pakistana etdiyi yardımlara, Heydər Əliyev Fondu tərəfindən ölkəsində həyata keçirilən humanitar layihələrə görə dövlət başçısı İlham Əliyeva və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167

Oxşar yazılar