Ermənilərin Ramil Səfərovla bağlı növbəti təxribatının qarşısı alınıb
25 sentyabr 2012 12:12 (UTC +04:00)

Ermənilərin Ramil Səfərovla bağlı növbəti təxribatının qarşısı alınıb

0
Avropa Şurası tərəfindən Avstriya Hökuməti ilə birgə sentyabrın 19-21-də Vyanada Avropa ədliyyə nazirlərinin 31-ci konfransı keçirilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransda Azərbaycanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyət təmsil edib.

Avropa ədliyyə nazirlərinin və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etdiyi konfransda Avstriyanın ədliyyə naziri Beatriks Karl və Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni giriş sözü ilə çıxış ediblər. Zorakılığa qarşı ədliyyənin cavabları mövzusuna həsr olunmuş tədbirdə cinayətkarlığın qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkar qrupların yeni fəaliyyət növləri və şəhərlərdə baş verən zorakılıq ilə mübarizə, yuvenal ədliyyənin problemləri və digər aktual məsələlər müzakirə olunub. Müzakirələr zamanı çıxış edən Fikrət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, bu sahədə yeni qanunların qəbulu, insan hüquqlarının qorunması, yuvenal ədliyyənin tətbiqi, yeniyetmə məhkumların imtiyazlarının və tərbiyəvi tədbirlərin genişləndirilməsi barədə məlumat verib, konkret təkliflər irəli sürüb. Ədliyyə naziri çıxışında Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğalı edilməsi nəticəsində 1 milyon insanın, o cümlədən yüz minlərlə uşağın hüquqlarının kobud şəkildə pozulduğunu vurğulayıb.

Konfrans zamanı bütün Avropa dövlətlərinin məhkəmə sistemlərinin təhlili üzrə hazırlanmış hesabatın təqdimatı keçirilib. Hesabat Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən tərtib olunub. Azərbaycanın məhkəmə sisteminin müasirləşdirilməsində əldə etdiyi müsbət nəticələr və CEPEJ ilə səmərəli əməkdaşlığı nəzərə alınaraq, təşkilatçıların dəvəti ilə Avropa məkanından cəmi üç dövlətin – konfransa ev sahibliyi edən Avstriya ilə yanaşı, Fransa və Azərbaycanın ədliyyə nazirləri təqdimat mərasimində iştirak ediblər. Tədbirin açılışında çıxış edən Fikrət Məmmədov bu sahədə Avropa Şurasının fəaliyyətinin əhəmiyyətini qeyd edib, məhkəmə-hüquq islahatları üçün CEPEJ-in hesabatından üzv dövlətlərin bəhrələndiyini söyləyib və Azərbaycanın uğurları haqqında məlumat verib. Hesabatda Azərbaycanda genişmiqyaslı məhkəmə islahatı, bu sahənin maliyyələşməsinin yüksəldilməsi, hakimlərin sayının artırılması, modern məhkəmə infrastrukturunun yaradılması və müasir texnologiyaların tətbiqi təqdir olunub. Media nümayəndələri tərəfindən böyük marağa səbəb olan mərasimdən sonra nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib. Fikrət Məmmədov Türkiyənin KİV-lərinə ayrıca müsahibə verib.

Konfrans çərçivəsində bütün nazirlərin iştirakı ilə korrupsiya ilə mübarizəyə həsr olunmuş dəyirmi masa da keçirilib. Tədbirdə Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının direktoru çıxış edərək bu sosial bəla ilə bağlı aparılmış geniş təhlillərin təqdimatını keçirib, rəhbərlik etdiyi qurum haqqında məlumat vermiş, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə korrupsiyaya qarşı sərt mübarizənin aparılması, bu sahədə beynəlxalq əməkdaşlığa və tədrisə böyük əhəmiyyətin verilməsi nəzərə alınaraq, dövlətimiz Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə xüsusi qanunla yenicə qoşularaq onun tamhüquqlu üzvü olub. Səfər zamanı nümayəndə heyəti Akademiyaya baş çəkərək onun fəaliyyəti ilə tanış olunub, qurumun rəsmiləri ilə görüş keçirilib, konkret əməkdaşlıq məsələləri müzakirə olunub. Forumun yekununda müzakirə olunan məsələlərə dair qətnamə qəbul edilib.

Bu mötəbər Konfransın tribunasından öz çirkin niyyətləri üçün istifadə etmək istəyən Ermənistan tərəfi Ramil Səfərovun Azərbaycana verilməsi və əfvi ilə bağlı etirazını təkidlə gündəliyə salmağa, bu mövzu üzrə xüsusi çıxış etməyə və müzakirələrin aparılmasına cəhd göstərib. Lakin tədbirin mövzusuna heç bir aidiyyəti olmayan bu yersiz cəhdin qarşısı Azərbaycan nümayəndə heyətinin qəti və əsaslandırılmış etirazları nəticəsində alınıb. Öz məkrli cəhdinin puça uğradığını görən Ermənistan tərəfi iştirakçılar arasında Ramil Səfərovun əfv edilməsinin guya Avropa hüquq və dəyərlərinə zidd olması barədə bəyanat paylayıb. Lakin dərhal Azərbaycan nümayəndə heyəti tərəfindən məsələni hüquqi çərçivədə həqiqətə uyğun açıqlayan bəyanat yayılıb. Sənəddə məsələnin beynəlxalq konvensiya və ikitərəfli öhdəliklərə tam uyğun həll olunduğu qeyd edilib. Qəti tədbirlər nəticəsində ermənilər öz absurd məqsədlərinə nail olmamış, əksinə konfrans iştirakçılarının diqqəti erməni terrorizminə, xüsusilə də ASALA erməni terror təşkilatının azərbaycanlılara qarşı terror hədələrinə cəlb edilib.

Səfər çərçivəsində bir sıra dövlətlərin ədliyyə nazirləri, habelə Avropa Şurasının yüksək səviyyəli nümayəndələri ilə əməkdaşlığa dair danışıqlar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1865

Oxşar yazılar