Prezident: «Heç bir beynəlxalq təşkilat bizə şərt qoya bilməz»
22 sentyabr 2012 00:50 (UTC +04:00)

Prezident: «Heç bir beynəlxalq təşkilat bizə şərt qoya bilməz»

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində nitqində bu barədə bəyan edib.

Prezident Azərbaycanın xarici siyasətinin çox çevik, dinamik olduğunu, sürətlə inkişaf etdiyini və ölkəyə böyük uğurlar gətirdiyini vurğulayıb: “Səfirlərin arasında gənclər də kifayət qədər çoxdur, təcrübəli diplomatlar da var. Onlar öz vəzifə borclarını yaxşı bilirlər və hesab edirəm ki, bütövlükdə öz vəzifə borclarını yaxşı yerinə yetirirlər. Səfirlərin qarşısında duran vəzifələr bəllidir, aydındır. Ancaq yenə də deyirəm, həyat sürətlə inkişaf edir, beynəlxalq münasibətlər dəyişir və beynəlxalq aləmdə yeni məsələlər, yeni çağırışlar ortaya çıxır. Əlbəttə ki, biz xarici siyasətimizə mütəmadi qaydada müəyyən düzəlişlər etməliyik. Nəzərə almalıyıq ki, strateji xəttimiz dəyişməz olaraq qalır”.

Dövlət başçısı xarici siyasətin konkret məsələlərinə də toxunub: “Biz ikitərəfli formatı gücləndirməliyik. İkitərəfli format bizə böyük uğurlar gətirir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan ilə daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı artır, bizim xarici diplomatiyamız çox fəaldır. Mənim çoxsaylı xarici səfərlərim bu gözəl bazanı möhkəmləndirir və ölkəmizə mənim həmkarlarımın səfərləri və aparılan danışıqlar ikitərəfli formatı gücləndirir. Yəni, bizim xarici siyasətdəki əsas istiqamətimiz ikitərəfli əlaqələrdir. Deyə bilərəm ki, ikitərəfli əlaqələrdə tərəfdaş ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, biz bərabərhüquqlu münasibətlər formalaşdıra bilmişik. Bu, çox vacibdir. Bu, belə də olmalıdır. Çünki ikitərəfli formatda bərabərhüquqlu münasibətlər yeganə mümkün olan münasibətlərdir. Bizim yanaşmamız ondan ibarətdir ki, siyasətimiz xoşniyyətlidir, əməkdaşlığa, bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə yönəldilibdir. Əlbəttə ki, bu münasibətlər qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulmalıdır. Deyə bilərəm ki, bütün ölkələrlə, - bunu diplomatlar bilir, ictimaiyyət də bilsin, - münasibətlərimiz bax, bu müstəvidə qurulubdur. Ona görə gələcəkdə səfirliklərin sayı artacaq və beləliklə, ikitərəfli format daha da geniş olacaqdır. BMT Təhlükəsizlik Şurasındakı səsvermədə bizi dəstəkləyən 155 ölkə ilə əlbəttə ki, daha da fəal əlaqələr qurmalıyıq. Deyə bilərəm ki, 155 ölkənin heç də hər biri ilə bizim fəal münasibətlərimiz yoxdur, yəni onların bizə dəstək verməsi bir avans idi, biz indi bu münasibətləri möhkəmləndirməliyik”.

Prezidentin sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatında fəaliyyəti daha da fəal olacaq: “Biz bu təşkilata təzə üzv olmuşuq və əgər Qoşulmama təşkilatının qətnaməsinə 120 ölkənin dəstəyini, NATO kimi mötəbər təşkilatın qətnaməsini nəzərə alsaq, - orada da münaqişənin həlli ərazi bütövlüyü prinsipləri əsasında nəzərdə tutulub, - görərik ki, dünya birliyinin ən azı dörddə üç hissəsi münaqişənin həllini ərazi bütövlüyü və yalnız ərazi bütövlüyü prinsipləri əsasında görür.

Biz ikitərəfli formatda iqtisadi mövzuları artıq daha da qabağa çəkməliyik. Azərbaycan indi öz investisiya siyasətində, - əlbəttə ki, yenə də deyirəm, həyat yerində durmur, - düzəlişlər edir. Biz indi xaricə investisiyalar qoymağa başlamışıq. Əlbəttə, bu proses region ölkələrindən başlanıb. Ancaq bizim investisiyalara dünyada tələbat artır. Xüsusilə, böhrana düçar olmuş ölkələrin maliyyə resurslarına böyük ehtiyacı var. Biz bu maliyyə resurslarını məqbul olan şərtlərlə təqdim edə bilərik. Beləliklə, investisiyalar, kreditlər və iqtisadi sahədə yeni formalar artıq tətbiq edilir. Səfirlər də bu sahədə daha da fəal olmalıdırlar. Biz Azərbaycan şirkətlərinin xaricdəki fəaliyyətini stimullaşdırırıq. Sahibkarlarla keçirdiyim son müşavirədə bu məsələ ilə bağlı konkret tapşırıqlar vermişəm, təkrar etmək istəmirəm. Ancaq Azərbaycan şirkətləri – istər dövlət, istər özəl investor və podratçı, kontraktor kimi xarici bazarlara çıxmalıdır. Səfirlər də Azərbaycan şirkətlərinin fəaliyyətini təmin etməlidirlər. Bu, belə olmalıdır. İnkişaf etmiş ölkələr daim öz şirkətlərinə başqa ölkələrdə yaxşı vəziyyətin yaradılması üçün səylər göstərirlər. Biz də bu yolla getməliyik və gedirik. Ona görə iqtisadi istiqamət nisbətən yeni bir istiqamətdir və səfirlər buna daim diqqət göstərməlidirlər”.

Dövlət başçısı Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətindən razılıq edib: “Dünyada vaxtaşırı keçirilən nümayişlər, etiraz piketləri, tədbirlər, konfranslar göstərir ki, biz doğrudan da güclü diaspor təşkilatları yarada bilmişik və səfirliklər də diaspor təşkilatları ilə sıx əlaqədə olmalıdırlar. Əksər hallarda bu, belədir, istərdim ki, hər bir yerdə belə olsun. Çünki bu, bizim gücümüzü daha da artırır, xaricdə yaşayan azərbaycanlıları öz Vətəninə daha da bağlayır. Bir tərəfdən, biz xaricdə yaşayan azərbaycanlılara daha da böyük dəstək göstəririk. Onlar da bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti vardır. Bizim üçün diaspor təşkilatlarının fəaliyyəti, xüsusilə Ermənistan-Azərbaycan məsələsi ilə bağlı çox önəmlidir. Bu istiqamət daim diqqət mərkəzində olmalıdır”.

Prezident xarci siyasətdə erməni lobbisi ilə mübarizənin önəmli yer tutduğunu vurğulayıb: “Səfirlərimiz dövlət orqanlarının nümayəndələri ilə sıx əlaqədə olmalıdırlar, çalışdıqları ölkələrin nazirlikləri ilə əlaqədə olmalıdırlar. Bununla bərabər, hesab edirəm ki, qeyri-hökumət təşkilatları ilə əlaqələr daha da fəal olmalıdır. Bu, yaddan çıxmamalıdır. Media ilə əlaqələr daha fəal qurulmalıdır. Çünki hələ ki, erməni lobbisinin təhriki ilə hərdənbir Azərbaycana qarşı əsassız ittihamlar səslənir. Biz bilirik bu, haradan qaynaqlanır. Əlbəttə ki, bu cür çirkin yazıların birinci mənbəyi erməni lobbisidir. Çünki erməni lobbisi, dünya erməniliyi Azərbaycanı bir nömrəli hədəf kimi seçib. Yəni, bu, reallıqdır, bu, belədir. Çünki başa düşürlər ki, onlar üçün bir nömrəli təhlükə məhz Azərbaycandır.

Bizim üçün də erməni lobbisi ən böyük düşməndir. Mən yenə də bildirmək istəyirəm ki, bunu deməkdən çəkinmirəm. Çünki bu, reallıqdır, bu, həqiqətdir. Onların, necə deyərlər, çirkli pulları bəzi siyasətçiləri, bəzi ictimai xadimləri bu qəbuledilməz yola təhrik edir. Biz bunlara qarşı daim mübarizə aparmalıyıq. İkinci, Azərbaycana qarşı yanlış məlumatlarla dolu yazıların səbəbi isə ölkəmizin müstəqil siyasətidir. Müstəqil siyasət heç də hər kəsin xoşuna gəlmir. Biz qarşıya vəzifə qoymuşuq ki, müstəqil siyasəti gücləndirək, Azərbaycan xalqının maraqlarını təmin edək. Bəzi hallarda bizi hansısa məsələyə, yönəltmək, hansısa məsələdə mövqeyimizi yumşaltmaq naminə müəyyən dairələr bizə qarşı kampaniya şəklində hücumlar edirlər. Biz bunu “Eurovision” ərəfəsində də, ondan əvvəlki dövrdə də görmüşük. Ancaq həqiqət ondan ibarətdir ki, bu kampaniyaların heç bir təsiri yoxdur. Azərbaycan dövlətinin iradəsinə, siyasətinə heç kim kənardan təsir edə bilməz. Bizim müstəqillik tariximiz bunu artıq dəfələrlə göstərmişdir. Bütün bu səylər əbəsdir. Onların heç birinin bizim siyasətimizə təsiri olmayacaqdır. Ancaq bununla bərabər, əlbəttə ki, bu dairələr ölkəmiz haqqında müsbət imicə ləkə vurmaq istəyirlər. Ona görə səfirlərimiz, səfirliklərin nümayəndələri daim bu mətbu orqanları ilə əlaqədə olmalıdır, onların yanlış siyasətini onlara bildirməlidir. Bəzi hallarda bilməyərəkdən belə yazılar dərc edilir. Yəni, xarici media ilə münasibətlər daha da fəal olmalıdır və ölkə haqqında daha da dolğun məlumat verilməlidir - Azərbaycan necə inkişaf edir, Azərbaycanda iqtisadi, sosial məsələlər necə həll olunur, azadlıqlar necə təmin edilir.

Çünki bəzi hallarda mənim də qəbuluma gələn xarici qonaqlar da, mən onlara izah edəndə təəccüb edirlər ki, Azərbaycanda azad internet var?! Heç də hər bir ölkədə azad internet yoxdur. İndi məsəl üçün, bəzi ölkələr interneti məhdudlaşdırmaq, yaxud da ki, senzura tətbiq etmək haqqında fikirləşirlər. Bizdə azad internet var. İndi bizdə internetdən istifadə edənlərin sayı 65 faizə çatıb. Yəni, mətbuatı necə məhdudlaşdıra bilərik ki, bizdə internet azaddır və istifadəçilərin sayı artır. Bizdə bütün media azaddır. Sərbəst toplaşmaq azadlığı tam təmin edilir. Hər bir siyasi qüvvə getsin müəyyən edilmiş yerlərdə öz tədbirlərini keçirsin. Yaxın keçmişdə belə hadisələr olubdur. Sadəcə olaraq bu tədbirlərə heç kim gəlmir. Onun üçün bəzi siyasi qüvvələr Fəvvarələr meydanında, yaxud da ki, başqa mərkəzi yerlərdə bu nümayişləri keçirmək istəyirlər ki, hər hansı bir kanal gəlsin bunu çəksin və göstərsin. Biz bunu da bilirik.
Ona görə bütün azadlıqlar var. Yəni, vicdan azadlığı. Bəzi ölkələr Azərbaycandan ibrət götürməlidir. O ölkələr ki, islamofobiya meyillərini süni şəkildə gücləndirirlər, gəlsinlər bizdən öyrənsinlər, dinlərarası münasibətlər necə qurulmalıdır. Biz bunu təcrübə naminə etmirik. Bu, bizim həyat tərzimizdir. Amma belə olmalıdır. Bizdə necədirsə, bax, belə olmalıdır. Dini, milli zəmində heç vaxt nəinki qarşıdurma, heç bir anlaşılmazlıq da ola bilməz. Biz buna imkan vermərik. Ona görə vicdan azadlığı tam şəkildə təmin edilibdir. Siyasi fəaliyyətlə bağlı heç bir məhdudiyyət yoxdur.

Azərbaycanda azad cəmiyyət var. Azərbaycana gələn xarici nümayəndələr, əgər qərəzsizdirlərsə bunu görürlər. Bu həqiqətlər ölkələrin ictimaiyyətinə çatdırılmalıdır ki, Azərbaycan haqqında dolğun məlumat verilsin. Hesab edirəm ki, bu istiqamətdə hələ görüləsi işlər çoxdur”.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin kifayət qədər açıq şəkildə yürüdüldüyünü bildirib: “Beynəlxalq təşkilatlarda üzvlüyümüzə və fəaliyyətimizə gəldikdə, bu sahədə də ictimaiyyət üçün açıq olmayan heç bir məqam yoxdur. Biz üzv olduğumuz bütün təşkilatlarda fəal iştirak edirik, maraqlarımızı qoruyuruq və götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz ola bilməz. Bu, aksiomdur. Çünki əgər o təşkilatın üzvü deyiliksə, biz hansısa öhdəliyi necə götürə bilərik?! Heç bir təşkilat, heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt qoya bilməz. Çünki bu, qəbuledilməzdir. Biz bunu qəbul etmirik. İkitərəfli təmaslarda mən şəxsən öz fikirlərimi çox açıq şəkildə ifadə edirəm ki, bizə ancaq bərabərhüquqlu yanaşma yaraşır. Çünki başqa cür ola bilməz. Biz heç kimin qabağında gözükölgəli deyilik. Heç kimdən asılı deyilik. Heç kimdən yardım istəmirik. Onsuz da bilirik ki, heç kim bizə yardım etməyəcək. Çünki yardım lazım olan zaman kimsə gəlib bizə arxa durdu?! Yox. Bizim iqtisadiyyatımız çökəndə, Ermənistan torpaqlarımızı zəbt edəndə, bir milyona yaxın azərbaycanlını sürgün edəndə kimsə gəlib bizə kömək etdi?! Heç kim. Ona görə belə illüziyalar məndə yoxdur, çoxdan yoxdur. Belə olan halda ölkələrlə və beynəlxalq təşkilatlarla bərabərhüquqlu yanaşmanın tərəfdarıyıq. Biz beynəlxalq təşkilatlara könüllü şəkildə üzv oluruq. Əgər görsək ki, maraqlarımız orada tapdalanır, yaxud da ki, Azərbaycana qarşı qərəzli mövqe sərgilənir, könüllü şəkildə də oradan çıxa bilərik. Biz bu qərəzli mövqeni dəfələrlə görmüşük. Mən şəxsən görmüşəm. Mən bu qərəzli mövqenin, ikili yox, üçlü, bəlkə beşli standartların şahidiyəm. Heç nə dəyişməyib. Yəni 2000-ci illərin əvvəlindən bu günə qədər bu məsələ ilə bağlı heç nə dəyişməyib. Sadəcə olaraq Azərbaycan dəyişib”.

Prezidentin sözlərinə görə, Azərbaycana təzyiq və şantaj etmək mümkün deyil: “Qara yaxmaq, böhtan yaymaq olar, ancaq bunlar bizə yapışmır. Çünki reallıq, həqiqət tam başqadır. Reallıq ondan ibarətdir ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir. Götürün, bütün bizim iqtisadi göstəricilərimizi. Sadəcə olaraq, onların bir səhifəsi deməyə kifayətdir ki, biz sosial sahədə nəyə nail olmuşuq. Pensiyalar əmək haqlarının 40 faizini təşkil edir. Bu, Avropa İttifaqının kriteriyalarıdır. Biz buna nail olmuşuq. Bir çox təhlilçi bunu bəlkə də bilmir. Davos İqtisadi Forumunun hesablamalarında ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 46-cı yerdədir, MDB məkanında birincidir. Ondan sonra “Doing Business” proqramında qabaqcıl yerlərdəyik. Böhran zamanı bütün Avropa ölkələrinin iqtisadiyyatlarının kredit reytinqləri aşağı salınır, bizim kredit reytinqimiz isə artır. “Standard & Poor’s”, “Fitch”, “Moody’s” - bunlardan yuxarı kredit agentlikləri yoxdur. Üçü də bizim reytinqimizi qaldırıbdır. Yəni, bunu neftin hesabına etmişik?!
Çünki əvvəllər paxıllar, bədxahlar, uğurlarımıza ləkə vurmaq istəyənlər deyirdilər ki, Azərbaycanın nefti var, ona görə inkişaf edir. Bizdən on dəfə çox nefti olan ölkələr var. Orada vəziyyət necədir? Onların reytinqləri niyə düşür? Orada niyə sosial partlayışlar baş verir? Söhbət neftdən getmir. Söhbət düzgün iqtisadi və siyasi istiqamətlərin seçilməsindən, eyni zamanda, xalqla iqtidar arasında olan birlikdən gedir. Çünki bu olmasa onda heç bir islahat mümkün deyil.
Ona görə, biz iqtisadi sahədə sözümüzü dünyada demişik. Biz yoxsulluğu neçə dəfə azalda bilmişik. Yadımdadır, hələ mən Dövlət Neft Şirkətində çalışdığım dövrdə, təzə-təzə xarici şirkətlərlə kontraktlarımız bağlananda bəzi təhlilçilər deyirdilər ki, Azərbaycanı “Holland sindromu” gözləyir, iqtisadiyyat birtərəfli olacaq, batacaq, neft qurtarandan sonra çökəcək. Nə oldu? İndi yoxsulluq 49 faizdən səkkiz ildə 7 faizə düşüb. Əgər bu, doğrudan belə idi isə heç vaxt belə olmazdı, iqtisadiyyat üç dəfə artmazdı. Mən bunları sadalamaqla, sadəcə, demək istəyirəm ki, biz müstəqil siyasət aparmağa qadirik, bunu edirik. Hətta ən çətin dövrdə, iqtisadiyyatımız ağır vəziyyətdə olan dövrdə biz yolumuzdan dönməmişik, qaldı ki, indi. Azərbaycan regionda lider ölkədir. Cənubu Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycan iqtisadiyyatıdır. Bizim enerji diplomatiyamız vardır. Bu barədə mən hələ ki, bir şey deməmişəm. Amma bu da diplomatik vasitədir və biz bu vasitədən istifadə edirik.
Bizim coğrafi vəziyyətimiz əlverişlidir. Ancaq infrastruktur olmadan coğrafi vəziyyət heç nə deməkdir. Biz infrastruktur yaradırıq. Bizim təşəbbüsümüzlə Asiyanı Avropa ilə birləşdirən dəmir yolu yaradılır. İndi hələ vaxtı gəlməyib ki, mən bir çox məsələləri açım, vaxt gələcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolunu reallaşdırmaq istəyəndə biz nə qədər böyük təzyiqlərlə üzləşmişdik. Bölgə ölkələrindən nə qədər təzyiqlər göstərilmişdi ki, amandır, bunu etmək olmaz. Bunu etsəniz Ermənistan batacaqdır, yəni, Ermənistanın blokadası, təcridi məsələsi tamamilə təmin ediləcəkdir. Amma buna baxmayaraq, bizi bunu etmişik. Amma indi bu yoldan nəinki biz, vaxtı ilə onun əleyhinə gedənlər də istifadə etmək istəyirlər. Əgər, o vaxt biz zəiflik göstərsəydik, yaxud da ki, kiminsə xoşuna gəlmək üçün bu təşəbbüsdən kənara çəkilsəydik, bunlar olmayacaqdı. Təzyiqlər də, sifarişli yazılar da, ləkələmə kampaniyaları da oldu, amma biz nəticə etibarı ilə Azərbaycan xalqının, dövlətinin maraqlarını təmin etdik. Ona görə coğrafi vəziyyətimiz elədir ki, bizim razılığımız olmadan bu bölgədə heç bir nəqliyyat layihəsi mümkün deyildir. Bölgədə isə, xüsusilə Əfqanıstanla bağlı məsələ ilə əlaqədar nəqliyyat məsələləri yeni müstəvidə öz həllini tapacaqdır. Burada Azərbaycanın rolu getdikcə artmaqdadır.
Enerji diplomatiyamıza gəldikdə, bu gün deyə bilərəm ki, Avropa İttifaqına üzv olan bəzi ölkələrin enerji balansında Azərbaycan neftinin payı 35-40 faizə yaxındır. Azərbaycan qazı Avropa məkanında gözlənilir və biz bu istiqamətdə işləri aparırıq. Bəlkə də 10 il ərzində müzakirə mövzusu olan bəzi Avropa layihələrinin iflasa uğraması bizi vadar etdi ki, öz layihəmizi ortaya qoyaq. Biz qısa müddət ərzində TANAP layihəsini, təşəbbüsünü irəli sürdük. Bütün hazırlıq işlərini gördük. Türkiyə ilə bütün sənədlər imzalandı. Bu gün TANAP layihəsinə qoşulmaq istəyənlərin sayı artır. Avropa ölkələri bu layihəyə rəsmi olaraq dəstək verir. Əgər biz bu layihəni ortaya qoymasaydıq indi nə olacaqdı? Bunun adını da biz qoyduq, marşrutunu da biz seçdik. Əsas maliyyə yükünü də öz üzərimizə götürürük. Hazırda bizim orada 80 faiz payımız vardır. Ancaq bizə müraciətlər gəlir ki, o paydan bir az tərəfdaş kampaniyalara verək. Mən bunu istisna etmirəm. Yəni, yenə Azərbaycan öz təşəbbüsünü göstərdi və bu, bizə nə verəcək?
Bu, bizə imkan verəcək ki, 100 il bundan sonrakı dövrdə də Azərbaycan etibarlı enerji təminatçısı olsun. Ən azı yüz il. Bu, nə deməkdir, bəlkə də bu auditoriyada deməyə ehtiyac yoxdur. Bizim gücümüz artacaq. Maliyyə gücümüz, siyasi gücümüz, təsiretmə imkanlarımız genişlənəcək və bizimlə daha da çox hesablaşacaqlar.

Bu gün Azərbaycanda iqtisadi, siyasi sahələrdə, xarici siyasətlə bağlı elə vəziyyət yaranıb ki, bəzi hallarda mənə deyirlər, bəlkə bir az yavaşlayaq. Çünki bu, Bakının, digər şəhərlərimizin gözəlliyi bəzilərini qıcıqlandırır. Bəlkə də burada məntiq var, qıcıqlandırmamaq. Ancaq mən özümdə fikirləşirəm, görün vəziyyət nəyə gətirib çıxarıb ki, Azərbaycan indi o qədər inkişaf edib ki, bizə deyirlər bir az yavaşlayın, çünki siz çox sürətlə gedəndə başqa ölkələrdə buna qısqanclıqla yanaşırlar.

Amma biz bir addım da yavaşlaya bilmərik. Biz irəliyə getməliyik. Çünki həllini gözləyən məsələlər çoxdur. Dünya dinamik şəkildə inkişaf edir və hətta bir ay, bir həftə də gözləmək olmaz. Biz xarici siyasətdə, iqtisadi sahədə, texnologiyalar sahəsində hadisələri qabaqlamalıyıq. Bizim istedadlı kadrlarımız, maliyyə resurslarımız və gələcəyə baxışımız var. Biz irəliyə gedəcəyik, istədiyimizə nail olacağıq. Əminəm ki, suverenliyimizi bərpa edəcəyik və bir gün gələcək Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009

Oxşar yazılar