Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksində
21 sentyabr 2012 19:27 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksində

Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, yeni kompleksdə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsi keçirilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində və müşavirədə iştirak ediblər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim edilib. Dövlət başçısı isə Akademiyanın yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

ADA-nın rektoru Hafiz Paşayev prezident İlham Əliyevə məlumat verib ki, xarici siyasət sahəsində uğurların əldə olunmasında ilk növbədə diplomatiyamızın xüsusi rolu var. Müstəqilliyimizin möhkəmləndirilməsi, dünya dövlətləri arasında Azərbaycanın ədalətli mövqeyinin təbliği və qorunması məhz diplomatların üzərinə düşən böyük və şərəfli vəzifədir. Gənc diplomatların hazırlanması və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin qorunub saxlanması istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri də ADA-dır.

Dövlət başçısının 2006-cı il 6 mart tarixli Fərmanı ilə təsis edilən ADA yarandığı gündən öz fəaliyyətində xüsusi ixtisaslı diplomat kadrların hazırlanmasını və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılmasını əsas prioritet kimi götürüb. Fəaliyyətə başladığı 2007-ci ildən bəri Akademiyada 400 gənc diplomat hazırlanıb. 2009-cu ildən bu təhsil ocağında tədris proqramının genişləndirilməsinə və “Beynəlxalq əlaqələr və diplomatiya” sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılıb. 2011-ci ildən etibarən isə “Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər” üzrə bakalavr ixtisasları yaradılıb. Bu ixtisaslar üzrə hazırda 250 tələbə təhsil alır. Akademiyanın 19 xarici ölkədən 35 tələbəsi də var.

Fəaliyyətinin ildən-ilə genişlənməsi və beynəlxalq əlaqələrinin əhəmiyyətli dərəcə artması ADA-nın yeni tədris korpusu ilə təmin olunması zərurəti yaradıb. Bununla əlaqədar prezident İlham Əliyevin Sərəncamı əsasında 2009-cu ildən paytaxtın Nərimanov rayonu ərazisində təhsil ocağının yeni tədris kompleksinin tikintisinə başlanılıb. Yeni tədris kompleksi ABŞ-ın EYP şirkətinin layihəsi əsasında xüsusi dizaynla yüksək standartlar səviyyəsində tikilib. Bu tədris ocağı dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub.

Kompleksin ərazisi ilə tanış olan dövlət başçısına bildirilib ki, burada dörd ayrı bina - biznes və beynəlxalq münasibətlər institutları, tələbə mərkəzi və kitabxana tikilib. Azərbaycanda ilk dəfə bu tədris kompleksinin havalandırma sistemi geotermal enerji ilə həyata keçirilir. Bu məqsədlə Akademiyanın ərazisində ayrıca geotermal enerji sistemi qurulub. Kompleksin ətrafında geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyevin Azərbaycan Diplomatik Akademiyasının mərkəzində ucaldılan abidəsinə baxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1798

Oxşar yazılar