Araz Əzimov: “İrəvan bu mesajı anlamalı və qəbul etməlidir”
“Biz heç vaxt Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ideyasını rədd etməmişik, lakin bu status azərbaycanlılar dinc şəraitdə regiona qayıtdıqdan sonra müzakirə oluna bilər”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və Dağlıq Qarabağda yaşayan ermənilər azərbaycanlılarla bir yerdə yaşamalı, onların birgə yaşayışı üçün muxtariyyət modeli işlənib hazırlanmalıdır.
Araz Əzimov bildirib ki, dünya ictimaiyyətinin bu məsələ ilə bağlı mövqeyi kifayət qədər aydındır: “Azərbaycanın ərazi bütövlüyünü təkcə Bakı ilə yaxın münasibətdə olan ölkələr, məsələn, İslam Əməkdaşlığı Təşkilatı dəstəkləmir, bu dəstək BMT TƏhlükəsizlik Şurasının qətnamələrində, NATO və Qoşulmamaq Hərəkatının sənədlərində öz əksini tapıb. Onların çıxış etdiyi prinsipial bəyanatlar fikrimcə, Ermənistana açıq mesaj olmalıdır, İrəvan bu mesajı anlamalı və qəbul etməlidir”.
Xarici işlər nazirinin müavini bildirib ki, münaqişənin nizamlanmasına dair danışıqlar 20 ildir davam edir, bu müddətdə həmsədrlər, diplomatlar dəyişib: “Lakin əsas problem odur ki, Ermənistan öz mövqeyinə yenidən yanaşmaq niyyəti nümayiş etdirmir. 2004-cü ildə başlamış yekun mərhələdə formalaşdırılmış anlayışlar var. Bu anlayışlar kifayət edir ki, biz artıq indi, vaxt itirmədən münaqişənin nizamlanmasının gündəlik iş qrafikini, yəni “Yol xəritəsi”ni tərtib edək. Bu qrafikdə həm erməni tərəfini, həm bizi narahat edən məsələlər öz əksini tapmalıdır. Heç kim kommunikasiyaların bərpası ideyasını rədd etmir, sadəcə bu, torpaqlar azad olunduqdan sonra mümkündür. Biz həmçinin Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ideyasını da rədd etməmişik, lakin status məsələsi yalnız azərbaycanlılar dinc şəraitdə regiona qayıtdıqdan sonra müzakirə oluna bilər”.
1316