Qüdrət Həsənquliyev: “Müsavat və AXCP-nin qərarı məni sevindirir” - MÜSAHİBƏ - FOTO
19 sentyabr 2012 15:00 (UTC +04:00)

Qüdrət Həsənquliyev: “Müsavat və AXCP-nin qərarı məni sevindirir” - MÜSAHİBƏ - FOTO

- Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinə Yeni Azərbaycan Partiyasının etiraz təşəbbüsünə ölkədəki əksər siyasi partiyaların qoşulmasına münasibətiniz necədir?

- Mən bunu çox müsbət bir addım kimi qiymətləndirirəm. Hesab edirəm ki, parlamentdən kənar müxalifətin də həmin sənədin imzalanmasına dəvət olunması normal bir hadisədir. Əlbəttə, istərdim ki, parlamentdən kənarda olan digər partiyaların nümayəndələri də dəvət olunaydılar – məsələn, KXCP, Aydınlar Partiyası və s. Ancaq YAP hansı partiyaları dəvət etmişdisə, onlar da gəldi və müraciət sənədini imzaladı. Təbi ki, Ramil Səfərov məsələsi bir fərdlə bağlı məsələ deyil. Bu, Azərbaycana olan münasibətdir. Bu, həm erməni diasporunun gücünün, həm də Avropa Parlamentinin nə dərəcədə ədalətsiz, kənar təzyiqlərə davam gətirə bilməyən bir qurum olmasının göstəricisi idi. O baxımdan, bu ikili standartlar məsələsinə vahid mövqedən münasibət bildirilməsi vacib idi. Bunu Avropa Parlamentinin həm də Qarabağ məsələsinə münasibətinin göstəricisi kimi qiymətləndirmək lazımdır. Avropa Parlamentinin işğalçı bir dövlətə heç bir sanksiya tətbiq etməməsi, hətta onlardan işğal altındakı torpaqların azad olunmasını tələb etmədiyi halda Azərbaycana münasibətdə bu cür mövqe sərgiləməsi, sözsüz ki, Azərbaycan xalqını, dövlətini, ictimaiyyətini narahat etməli idi. Ona görə də müraciətin imzalanması başa düşüləndir.

- Milli Məclisdə təmsil olunan partiyalardan Ümid Partiyası etiraz sənədinə qoşulmadı. Bunu necə qarşıladınız?

- Sözün doğrusu, bu sənədə qoşulmamağa bir əsas görmürəm. Mən bilən, Ümid Partiyası əvvəllər Ramil Səfərovun ekstradisiyası və əfv olunmasını dəstəkləmişdi. Sənədə qoşulmaması bu partiyanın öz qərarıdır. Burada görünür, fərqlənmək fikri əsas götürülüb və bu, həmin partiyanın bir taktiki addımıdır.

- Eldar Namazov AXCP və Müsavat Partiyasının YAP-ın təşəbbüsü ilə hazırlanan sənədə qoşulmasını tənqid edib. O deyib ki, hətta Avropa Parlamentindən daha sərt mövqe göstərən təşkilatlar oldu (BMT, Avropa Şurası və s.) və bu qurumlara etiraz məktubu göndərilmədiyi halda Avropa Parlamentinə məktub göndərilməsinin başqa səbəbləri var…

- Məsələ burasındadır ki, Avropa Parlamentindən başqa digər qurumların nümayəndələrinin açıqlamaları olsa da, hansısa təşkilat konkret sənəd, qətnamə qəbul etmədi. Qərara etiraz etmək zəruri idi. Eldar Namazovu və digər bəzilərini qıcıqlandıran odur ki, niyə YAP-la birgə imzalanan sənədin altına imza atılıb? Əslində bu yanaşma yanlış yanaşmadır. Əlbəttə, hər bir partiya ayrı-ayrılıqda da öz bəyanatını verə bilərdi. Amma hakim partiya belə bir təşəbbüsdə bulunubsa, mövqelər üst-üstə düşürsə, bundan imtina etməyə əsas görmürəm. Bir qrup insan o sənədi imzalamış parlamentdən kənar partiyaları həm də özünə rəqib görür. İstər Ümid Partiyası, istər Eldar Namazov olsun... Ümid Partiyasına qarşı vaxtilə – İctimai Palata yaradılan ərəfədə - həmin partiyalar tərəfindən necə kəskin kampaniya aparıldığının şahidi olmuşuq. Eldar Namazov özü isə siyasi partiya yaratmasa da, hər halda siyasi iddiaları olan bir şəxsdir və bunu gizlətmir. Bu baxımdan, onlar birbaşa və dolayısı ilə bu məqamdan istifadə edib digər iki radikal partiyanı – AXCP və Müsavatı sanki gözdən salmış olacaqları görüntüsü yaradırlar. Amma ümummilli məsələlərdə belə şey keçmir.

- Sənəd imzalanmasına AXCP və Müsavat Partiyasında narazılıq olmasına münasibətiniz necədir?

- AXCP-dəki narazılığın başqa səbəbi var. Ramil Səfərovun əfv olunmasını bütün xalq böyük ruh yüksəkliyi ilə qarşıladı. Bu eyforik vəziyyətdə Əli Kərimli yaranmış durumdan faydalanmaq fikrinə düşdü. O özü də hamı ilə bərabər bu addımı alqışladı. Sonradan bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı etiraz bəyanatları səsləndirdi. Bu zaman Əli Kərimli birdən-birə başladı həmin beynəlxalq təşkilatların mövqeyindən çıxış etməyə ki, Azərbaycan hökuməti Ramil Səfərovu bu qədər tez azadlığa buraxmaqla səhvə yol verdi. Bunu İctimai Palatanın iclasında dedi. Bildirdi ki, guya Ramil Səfərov məhkəmələrlə azadlığa çıxmalı idi. Bunu Rəsul Quliyev də dedi. Amma bunu deyənlər yanılırlar. Çünki o halda da beynəlxalq birlik Azərbaycanın addımına etiraz edəcəkdi, Azərbaycan dövlətlərarası razılaşmanı pozmaqda ittiham olunacaqdı. AXCP-də YAP-ın təşəbbüsü ilə ortaya çıxan sənədin imzalanmasına ona görə birmənalı münasibət olmadı ki, sənəddən iki gün əvvəl Əli Kərimli bu çıxışı eləmişdi. YAP tərəfindən dəvət olunduqdan sonra isə bunu özünə şərəf bilib sənədi imzaladılar. Bu isə sözsüz ki, partiyanın müəyyən üzvləri tərəfindən birmənalı qarşılanmadı. Əlbəttə, AXCP-də Əli Kərimli və ona yaxın adamlar tərəfindən aparılmış təbliğat nəticəsində insanlar Razi Nurullayevin xoşbəxt sifətini görəndə istər-istəməz içəridə neqativ təəssüratlar yaradacaqdı, reaksiyalar doğuracaqdı. Hesab edirəm ki, Elnur Astanbəylinin də açıqlaması yəqin ki, həmin o xoşbəxt görüntülərdən sonra yaranmış emosional vəziyyətdə verilmiş bir münasibət idi. Ancaq hesab edirəm ki, hər iki partiya doğru qərar qəbul etdi və bəyan etdilər ki, artıq konstruktiv müxalifətçilik yolunu seçiblər. Bu da məni sevindirir. Çünki mən daim onları konstruktiv olmağa səsləmişəm. Reallıqlar mütləq nəzərə alınmalıdır.

- Tədbirin YAP-ın qərargahında keçirilməsi də müzakirələrə yol açdı...

- Bu da prinsipial məsələ deyil. Bəzən bizim siyasətçilər çox xırda detallara varırlar. Bəzən məsələnin mahiyyəti qalır qıraqda, başqa şeydən danışırlar. O tədbirin təşkilatçısı YAP idi, özünün də yaxşı ofisi var, orada da keçirdilər. Tədbirin harada keçirilməsi əhəmiyyətsizdir, əsas oradakı sənədə imza atılmasıdır.

- İranda ermənilər Ramil Səfərovun şəkillərini yandırdı. Xocalı soyqırımı ilə bağlı tədbir keçirilməsinə imkan verilməməsi fonunda bu faktı necə qiymətləndirirsiniz?

- Tək İranda yox, Rusiyanın dövlət televiziyasında da bu məsələ işıqlandırılarkən faktlar təhrif olundu. Jirinovki isə erməni tərəfini azərbaycanlılardan qisas almağa çağırdı... Hamı bilir ki, Jirinovski Rusiyada rəsmi hakimiyyətin təlxəyidir. Bir az da başdan xarab, səfeh, qeyri-ciddi adamdır. Bu faktlar Rusiya və İranın Ermənistanın yanında olmasının nümayişidir. Əslində, Qarabağ problemini indiyə qədər həll edə bilməməyimizin də kökündə o dayanır ki, qonşu dövlətlər güclü, bütöv Azərbaycanın qurulmasında, yaşamasında maraqlı deyillər. Avropa isə həm bu məsələdə Rusiya ilə üz-üzə gəlmək istəmir, həm də qorxur ki, müharibə başlasa, enerji dəhlizi olaraq Azərbaycan onlar üçün itirilə bilər. Həm də erməni diasporu çox güclü faktordur.

Ramil Səfərovun azad olunması Azərbaycanın çox böyük uğuru idi. Bu zərbədən özünü itirən isə erməni diasporu və Ermənistan hakimiyyəti idi. Hansı ki, müxtəlif bəyanatlar verməyə başladılar. Ancaq Avropa Parlamentinin qətnaməsi və ABŞ prezidentinin bir nəfərin azad olunmasına reaksiya verməsi göstərir ki, erməni lobbisi çox güclüdür. Ramil Səfərov məsələsi iki mənada önəmlidir. Birincisi, Azərbaycan insanı başa düşür ki, o da nəyəsə qadirdir. İkincisi, biz düşmənimizin də nəyə qadir olduğunu gördük. Deməli, biz siyasətimizi düzgün qurmalıyıq. Siyasətimiz boş hay-küy üzərində yox, bu reallıqlar üzərində qurulmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1472

Oxşar yazılar