Rus politoloq: “Ermənistanın bu hərəkəti axmaqlıqdır” – MÜSAHİBƏ
17 sentyabr 2012 12:55 (UTC +04:00)

Rus politoloq: “Ermənistanın bu hərəkəti axmaqlıqdır” – MÜSAHİBƏ

0
“Bütün Şimali Qafqazda son zamanlar terror hadisələrinin sayının sürətlə artması regionu böyük təhlükənin gözlədiyindən xəbər verir”

Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü, professor, tanınmış politoloq Aleksey Malaşenkonun APA-nın Moskva müxbirinə müsahibəsi


- Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfv olunması ilə bağlı Ermənistanın isterikasını necə şərh edərsiniz?

- Ramil Səfərovun ekstradisiya olunaraq azadlığa buraxılmasına Ermənistanın göstərdiyi reaksiya çox axmaq bir reaksiyadır. Ermənistan hakimiyyətinin bu məsələni belə qabartması özü bir axmaqlıqdır. Nəyə görə bu hadisədən belə bir fon yaratmaq lazımdır? Nəyə görə Macarıstanla diplomatik əlaqələr kəsilməlidir? Hesab edirəm ki, Ermənistanın apardığı xarici siyasət çox primitiv xarakter daşıyır. Ermənistan Azərbaycanı və Macarıstanı nədə isə günahlandırmaq istəyirsə, daha ciddi bəhanələr tapmalıdır.


- Bütün dünyada terrorla mübarizənin getdiyi bir dövrdə, düz bir həftə bundan qabaq erməni terror təşkilatı ASALA bütün dünya ictimaiyyətinin gözü qarşısında xaricdə yaşayan azərbaycanlıları açıq-aşkar terrorla hədələyib. Bunu necə şərh edərdiniz?

- Bu, terror təşkilatının əlinə düşmüş bir bəhanədir. Terrorçulara belə bəhanə vermək olmaz.


- Ramil Səfərov ətrafında baş verən hadisələrdən sonra Azərbaycan və Ermənistan arasında müharibənin başlanma ehtimalı nə qədərdir?

- Fikrimcə, müharibə olmayacaq. Çünki, bu müharibənin qalibi yoxdur. Xarici güclər də burada mühüm rol oynayır. Rusiya, ABŞ və Avropaya da kiminsə qalib gəlməsi lazım deyil. Əgər Dağlıq Qarabağda müharibə baş verərsə, bu, dünya ictimaiyyətinə böyük zərbə olacaq. Hal-hazırda danışıqlar prosesi dalana dirənib. Lakin problem əvvəl-axır sülh yolu ilə həll olunacaq. Bu problem üçün konsensus tapılacaq.


- Hər iki tərəfdən müharibə ritorikasının səslənməsini necə şərh edərdiniz?

- Hesab edirəm ki, hər iki tərəfdən müharibə ritorikasının səslənməsi daxili siyasətə hesablanıb.


- Son zamanlar Şimali Qafqazda baş verən hadisələri necə şərh edərdiniz? Sələfilərin bir birinin ardınca nüfuzlu din adamlarını qətlə yetirməsi regionda ənənəvi islamın zəifləməsinin göstəricisi deyilmi?

- Dağıstanın nüfuzlu din adamlarından biri, sufi şeyxi Səid Əfəndi Atsayevin öldürülməsi hadisəsi bir tərəfdən gözlənilən hadisə idi. Çünki Dağıstanda müxalifətdə olan islamçılar, yəni, sələfilər çoxdan bu istiqaməti - nüfuzlu dini liderləri məhv etməyi özlərinə məqsəd seçiblər. Sələfilərin bu aksiyaları bir neçə ildir davam edir. Onlar əvvəl nüfuzlu şeyxlərdən olan Abubakarovu, daha sonra Bastanovu öldürdülər. Bunlardan sonra isə keçən il Dağıstanın cənubunda nüfuz sahibi olan Siracuddin Xuriqski və Səid Əfəndi Çirkeyski öldürülüb. Hesab edirəm ki, sələfilərin bu aksiyaları davam edəcək. Lakin məndə belə bir sual yaranır. Baxın, Dağıstanın ən nüfuzlu dini adamlarından biri öldürülüb. Lakin onun öldürülməsinə elə bir ciddi reaksiya verilmədi. Bəli, onu dəfnində 100-150 min nəfər iştirak edirdi. Lakin çoxu onun qətlinə ciddi reaksiya veriləcəyini gözləyirdi. Gözləyirdilər ki, Şeyx Səid Əfəndinin qisası alınacaq. Lakin bu baş vermədi. Hələlik. Bildiyiniz kimi onun çoxlu sayda müridləri və tələbələri var. Onlar da Dağıstanda böyük nüfuza malikdirlər. Hesab edirəm ki, Şeyx Səid Əfəndinin müridlərinin özlərini hələlik sakit aparmasında dövlətin böyük rolu var. Burada başqa bir problem ortaya çıxır. Əgər sələfilərin bu hücumuna, aksiyalarına cavab verilmirsə, bu, onların əl-qolunu daha da açmağa imkan yaratmırmı?! Sələfilər fikirləşəcəklər ki, onların şeyxlərə qarşı terroru cavabsız qalır və onlardan hamı qorxur. Çox təəccüblüdür ki, regionda ənənəvi islama qarşı bu dərəcədə böyük terror törətmək cavabsız qalır. Sözsüz ki, sələfilər bu hadisələrə öz prizmasından baxacaqlar. Onlar Şimali Qafqazda hər şeyi edə biləcəklərini, böyük gücə malik olduqlarını düşünəcəklər. Bu, çox təhlükəlidir.


- Regiondakı hadisələrin gedişi hakimiyyətin apardığı siyasətdən asılı olacaq. Hakimiyyətin mövcud vəziyyəti necə idarə etdiyinin şahidi olacağıq. Hakimiyyət tərəfindən sələfilərlə ənənəvi islamçılar arasında dialoq qurulacaqmı? Bütün bunların yaxın müddətdə şahidi olacağıq. Ümumiyyətlə, təkcə Dağıstanda deyil, bütün Şimali Qafqazda son zamanlar terror hadisələrinin sayının sürətlə artması regionu böyük təhlükənin gözlədiyindən xəbər verir.


- Ekspertlərin fikrincə Dağıstanda müharibə artıq başlayıb və mövcud vəziyyət Rusiya dövlətinin idarəsindən çıxıb. Bu, nə dərəcədə doğrudur?

- Dağıstanda vətəndaş müharibəsi 10 ildən çoxdur davam edir. Lakin kimin nokauta düşdüyü bilinmir. Belə bir şübhə yaranır ki, federal hökumət bundan qorxaraq onlarla danışığa gedir. Dağıstanda vəziyyət heç də Kremlin dediyi kimi yaxşı deyil. Orada vəziyyət olduqca gərgindir. Federal strukturlarla yerli camaat arasında toqquşma gedir.


- Şimali Qafqazda baş verən hadisələri Tatarıstandakı hadisələrlə əlaqələndirmək olarmı?

- Tatarıstanda baş verən terror hadisəsi çoxları üçün gözlənilməz idi. Çünki, Tatarıstan Rusiyada dinlərarası dialoqun mövcud olduğunu regiondur. İkinci bir tərəfdən isə, radikal islam, yəni sələfilər bu regionda müəyyən bir çevrəni əhatə edir. Bir çox ekspertlər, hətta Tatarıstanın özündə belə fikirləşirdilər ki, terrorun miqyası getdikcə böyüyəcək. Çünki, bu hadisədən sonra Kazanda bir çox məscidlər sələfilərin idarəsi altına keçib. Bütün Tatarıstanda, hətta Volqaboyu regionun digər şəhərləri olan Saratovda, Ulyanovskda müsəlmanlar özlərinin beynəlxalq müsəlman cəmiyyətini formalaşdırıblar. Bu müsəlmanlar əsasən, Qafqaz və Mərkəzi Asiyadan gələnlərdir.
Cəmiyyətdə tatarlar da təmsil olunurlar. Bu cəmiyyət regionda radikal mövqedə dayanır. Yəni, Tatarıstanda sələfilər bu cəmiyyətin üzvləri olan müsəlmanlardır. Toqquşmalar da bu cəmiyyətin vasitəsi ilə həyata keçirilir. O ki, qaldı Tatarıstandakı hadisələrə Çeçenistan və Dağıstanın təsirinin olub-olmaması, bu təsir əlbəttə ki, mövcuddur. Lakin bu, formal xarakter daşıyır. Bəli, Doku Umarov artıq “İdil vialyəti”nin yaradıldığını elan edib. Aradabir Çeçenistandan və Dağıstandan kimsə gəlib burada təbliğat aparır. Lakin Tatarıstanın özündə həqiqətən də sələfizm ideyalarının yayılması sürətlə gedir. Son hadisələr onu göstərir ki, Tatarıstanda dini baxımdan vəziyyət bir daha əvvəlki kimi stabil olmayacaq. Çünki, buradakı sələfilər açıq-aşkar məscidlərdə Xilafət şüarları ilə çağırışlar edirlər. Son iki terror hadisəsi onların əl-qolunu açdı. Bu heç də yaxşı tendensiya deyil. Rusiyanın ürəyində, yəni Tatarıstanda belə bir tendensiyanın davam etməsi çox acınacaqlı nəticələrə gətirib çıxaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2159

Oxşar yazılar