YAP Avropa Parlamentinə müraciət etdi
14 sentyabr 2012 16:18 (UTC +04:00)

YAP Avropa Parlamentinə müraciət etdi

Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin sentyabrın 13-də qəbul etdiyi “Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi” adlı sənədlə bağlı bu quruma müraciət ünvanlayıb.

Lent.az-ın Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətdə qeyd olunur ki, Avropa Parlamentinin qəbul etdiyi “Avropa Parlamentinin Azərbaycan haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi” adlı sənəddə yer alan müddəalar Yeni Azərbaycan Partiyası və Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıq və təəssüflə qarşılanıb.

Müraciətdə vurğulanır ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra həyata keçirdiyi daxili və xarici siyasət, aparılan demokratik-hüquqi islahatlar sayəsində Avropa dəyərlərinə sadiq qaldığını dəfələrlə nümayiş etdirib. Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak edir, “Euronest”in qurucu üzvüdür və təsadüfi deyil ki, beynəlxalq öhdəliklərə ardıcıl riayət edən ölkəmiz, məhz bu istiqamətdəki nüfuzu sayəsində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Sənəddə vurğulanır ki, Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiya olunmasında və əfv edilməsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq, “Məhkum olunmuş şəxslərin köçürülməsi haqqında Konvensiya”nın 12-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə istinad edib. Ramil Səfərov məsələsində əvvəldən sonadək bütün hüquqi prosedurlar tam dəqiqliklə yerinə yetirilib. Budapeşt məhkəməsinin 2004-cü ildə Ramil Səfərov haqqında qəbul etdiyi olduqca sərt qərarının (ömürlük həbs və yalnız 25 ildən sonra apellyasiya ilə bağlı müraciətin qəbul olunması) nədənsə humanizm prinsiplərini rəhbər tutan ümumavropa qurumları tərəfindən tam laqeydliklə qarşılanmasının təəssüf doğurduğu xatırlanan müraciətdə qeyd olunur ki, Avropada fəaliyyət göstərən və geniş imkanlara malik erməni lobbisinin təzyiqi altında verilmiş bu qərarda məhkumun vəziyyətinə təsir göstərən heç bir yüngülləşdirici hal demək olar ki, nəzərə alınmayıb.

Müraciətdə nəzərə çatdırılır ki, Ramil Səfərov Ermənistan silahlı birləşmələri tərəfindən işğala məruz qalan Azərbaycanın Cəbrayıl bölgəsində doğulub, qohumları və yaxınları öldürülmüş, ailəsi isə qaçqın vəziyyətinə düşüb. 2004-cü ildə Budapeştdə NATO-nun ingilis dili kurslarında təlim keçərkən də mütəmadi olaraq erməni zabiti Qurgen Markaryan tərəfindən təxribat xarakterli hərəkətlərə, təhqirlərə məruz qalıb və affekt vəziyyətində bu cinayəti törədib: “Təəssüf hissi ilə bildiririk ki, Avropa Parlamenti Ramil Səfərov məsələsi ilə əlaqədar Azərbaycan haqqında qətnaməsində hadisənin motivlərinə və törədilməsi şəraitinə, çıxarılan hökmün hüquq məntiqinə sığmayan dərəcədə sərt olmasına qətiyyən məhəl qoymayıb. Ramil Səfərov məsələsi əslində səbəb yox, nəticədir. Bu xoşa gəlməyən hadisəni Ermənistanın Azərbaycana təcavüzü, on minlərlə insanların həlak olması, ailələrin dağılması, bir milyon azərbaycanlıların etnik təmizləməyə məruz qalmasından ayrı təsəvvür etmək qeyri - mümkündür. Avropa parlamentarilərinin bir qrupunun qəbul etdiyi məlum qətnamədə göstərdiyinin əksinə olaraq, beynəlxalq hüquq indi yox, məhz o zaman pozulub və bu günə qədər vəziyyət dəyişməyib. Buna görə də əslində Qurgen Marqaryan Qarabağ münaqişəsinin qurbanıdır. Müəyyən mənada Ramil Səfərov da bu münaqişənin qurbanı sayıla bilər, çünki ömrünün 9 ilini həbsxanada keçirib”.

Yeni Azərbaycan Partiyası müraciətdə Avropa Parlamentinin rəhbərliyinin və qətnamənin qəbul olunmasına səs vermiş üzvlərinin diqqətinə çatdırıb ki, yuxarıda sadalanan vacib məqamların nəzərə alınmaması Avropanın bu nüfuzlu qurumunun qətnaməsini qeyri-obyektiv və qərəzli edir: “Belə bir qətnamə isə, əslində münaqişə bölgəsində gərginliyin azalmasına deyil, daha da artmasına xidmət göstərir. Nə qədər ki, beynəlxalq strukturlar davamlı olaraq insan tələfatına və böyük humanitar faciəyə səbəb olan münaqişənin ədalətli şəkildə həll edilməsi istiqamətində təsirli addımlar artmayacaq, hesab edirik ki, o vaxta qədər bölgədə baş verən faciədə onların da günah payı olacaq. Ramil Səfərov məsələsi ilə əlaqədar cəmiyyətin reaksiyası uzunsürən təcavüzə və onun gətirdiyi haqsızlıqlara etirazdan başqa bir şey deyildir. Eyni zamanda o da unudulmamalıdır ki, yaxın tarixdə dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş şəxsləri (ASALA terror təşkilatının üzvləri: Monte Melkonyan, Vazgen Sislyan, Varujan Karapetyan və s.) Ermənistana ekstradisiya edərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək heç bir beynəlxalq qınağa məruz qalmaması faktının özü əslində heyrət doğurur. Halbuki Ermənistan bu terrorçuları ekstradisiya etdikdən sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərərək onların vasitəsilə dinc əhaliyə divan tutub. 1992-ci ilin 26 fevralında azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı bu şəxslərin birbaşa iştirakı və təşkilatçılığı ilə baş verib. Lakin bu qanlı soyqırımını (613 ölü, o cümlədən 63 uşaq, 106 qadın, 70-i qoca olmaqla) törədənlər bu günə qədər cəzalarını almayıblar. Əksinə, Xocalı soyqırımının iştirakçıları törətdikləri amansız cinayətlər, azərbaycanlıların qətlləri üzərində Ermənistanda öz siyasi karyerasını qurublar. Cəmiyyətə pis nümunə, sizin qətnamədə qeyd edildiyi kimi, Ramil Səfərov məsələsi ilə deyil, ondan çox – çox qabaq, azərbaycanlıları qətlə yetirməklə karyera qurmaq faktları əsasında verilib”.

Yeni Azərbaycan Partiyasının müraciətində Azərbaycan cəmiyyətinin narahatlığı ifadə edilərək, Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə etiraz bildirilib: “YAP sənəddə əks olunan müddəaları qeyri obyektiv və qərəzli sayır, bölgədə gərginliyi artıra biləcəyindən narahatlığını ifadə edir və gələcəkdə parlamentarilərin həssas məsələlərlə əlaqədar qərarlar qəbul edərkən problemi daha ətraflı öyrənəcəyinə ümid bəsləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918

Oxşar yazılar