Amerika Yəhudi Komitəsi Azərbaycanla bağlı tədbir keçirib
14 sentyabr 2012 10:33 (UTC +04:00)

Amerika Yəhudi Komitəsi Azərbaycanla bağlı tədbir keçirib

Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, işçi nahar formatında keçirilən tədbirdə AYK-nin dəvəti ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edib.

Tədbirdə ABŞ-dakı yəhudi icmasının tanınmış nümayəndələri, diplomatlar, region üzrə ekspertlər və akademik dairələrin nümayəndələri, o cümlədən ABŞ-da səfərdə olan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədrinin müavini Sevinc Fətəliyeva tədbirdə iştirak edib. Müzakirələr zamanı Azərbaycanın regiondakı aparıcı mövqeyi, uğurlu xarici siyasəti və qazandığı nailiyyətlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Elin Süleymanov çıxışında ilk öncə AYK-nın Azərbaycana olan marağına görə öz məmnuniyyətini ifadə edib və bu yaxınlarda AYK-nin icraçı direktoru Devid Harrisin Azərbaycana uğurlu səfərini xatırladıb.

Elin Süleymanov Azərbaycanın çox həssas bir coğrafiyada sabitlik və inkişaf amili olduğunu bildirib. O, bu gün Azərbaycanın bütün regionun inkişafına töhfə vermək arzusunda və iqtidarında olduğunu söyləyib. Səfir əhalinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda qadınların ictimai həyatda mühüm rol oynadığını, cəmiyyətdə etnik və dini tolerantlığın bərqərar olduğunu vurğulayıb. Elin Süleymanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycanın bu prosesdə rolunun artırılmasına şəxsən diqqət göstərdiyini xüsusi qeyd edib. O, dünyəvi bir müsəlman ölkəsi olaraq Azərbaycanın təqdim etdiyi modelin Qərb dövlətləri, o cümlədən ABŞ tərəfindən dəstəklənməsinin vacib olduğunu bildirib. Azərbaycan-ABŞ münasibətlərindən bəhs edən Elin Süleymanov iki ölkə arasındakı strateji tərəfdaşlığın regional təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra nəhəng iqtisadi layihələrin reallaşması baxımından əhəmiyyətli olduğunu, hər iki ölkənin xalqlarının maraqlarına cavab verən ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini söyləyib.
Azərbaycan-İsrail münasibətlərinə toxunan Elin Süleymanov Azərbaycan və yəhudi xalqlarının tarixən dost xalqlar olduğunu, iki dövlət arasındakı hazırkı münasibətlərin bu möhkəm dostluğun ruhuna uyğun olduğunu dilə gətirib. Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə dinamik inkişaf edən əməkdaşlıq hər iki dövlətin maraqlarına cavab verir və bu əməkdaşlığın bundan sonra da davam etdirilməsi vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1381

Oxşar yazılar