15 sentyabr - Türkiyə-Azərbaycan Qardaşlıq Günü olsun!
13 sentyabr 2012 17:42 (UTC +04:00)

15 sentyabr - Türkiyə-Azərbaycan Qardaşlıq Günü olsun!

Türkiyə Böyük Millət Məclisinin üzvü, Konya millət vəkili Mustafa Kabakçı 15 sentyabrın Türkiyə-Azərbaycan Qardaşlıq Günü elan edilməsini təklif edib. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, 15 sentyabr - Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə açıqlama yayan Mustafa Kabakçı eyni zamanda Azərbaycanın paytaxtında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya abidə qoyulması məsələsini yenidən gündəliyə gətirib.

Millət vəkili Bakının düşmən işğalından azad edilməsi üçün böyük qəhrəmanlıq və komandanlıq nümunəsi göstərən Nuru Paşanın bu tarixdəki roluna diqqət çəkib: “Vətəndaşlarımızın böyük əksəriyyəti bilməsə də Türklərin ən az Çanaqqala dastanı və İstiqlal Müharibəsi qədər mühüm daha bir qələbəsi də var. Bu qələbə 1918-ci ildə erməni-rus dəstələrinə qarşı Bakıda qazanılıb. Zəfərin qəhrəmanlarından olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 20 mindən çox insanın qətlə yetirildiyi Bakının yardımına getdiyi zaman 27 yaşında idi. Vətən torpaqlarımızın atəş içərisində olduğu və paytaxtının işğal edildiyi bir dövrdə bir tərəfdən vətənimiz müdafiə edilir, bir tərəfdən də küllərindən yeni dövlət doğulurdu. Bu çətinliklərə baxmayaraq Osmanlı dövləti Azərbaycandakı zülmlərə laqeyd qalmadı. Nuru Paşanın komandanlığındakı Türk əsgərləri Azərbaycandakı qardaşlarımızın imdadına çatdı. Bu, bizim qardaşlığımızın tarixdəki ən gözəl nümunələrindən biridir”.

Bu gün Bakıda, Şamaxıda, İsmayıllıda, Göyçayda və Azərbaycanın bir çox başqa bölgələrində Nuru Paşanın qəhrəman əsgərlərinin adsız məzarlarının olduğunu qeyd edən Mustafa Kabakçı Azərbaycan xalqının bu qəhrəmanları ürəyində yaşatdığını bildirib: “15 sentyabrın qardaşlıq günü elan edilməsi və Nuru Paşaya Bakıda bir abidənin qoyulması bu sevginin də ifadəsi olacaq. İki ölkənin ən qısa müddətdə bu istiqamətdə lazımi addımları atacağına inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012

Oxşar yazılar