Müsavat Partiyası Nigar Yaqublu ilə bağlı bəyanat verdi
12 sentyabr 2012 17:00 (UTC +04:00)

Müsavat Partiyası Nigar Yaqublu ilə bağlı bəyanat verdi

Müsavat Partiyasının Mətbuat və İnformasiya Müavinliyindən Lent.az-ı verilən məlumata görə, bəyanatda qeyd edilir ki, sentyabrın 11-də Daxili İşlər Nazirliyi avqustun 25-də Bakı-Şamaxı yolunda baş vermiş avtomobil qəzası haqqında rəsmi məlumat yayıb.

Həmin avtomobil qəzasında Müsavat Partiyası üzvü Aydın Acalovu itirib. Müsavat Partiyasının bəyanatında vurğulanır ki, istintaq orqanı hərtərəfli araşdırma və təhqiqat aparmadan avtomobil qəzasının törədilməsində Müsavat Partiyasının başqa bir üzvünü – Nigar Yaqublunu günahkar sayır: “Dünən Abşeron rayon məhkəməsi Nigar Yaqublu haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib. Bu, təkcə humanizm prinsiplərinə zidd bir qərar deyil, həm də az ağır cinayətlər törədildikdə həbs qətimkan tədbirinin seçilməsi praktikasının məhdudlaşdırılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Avropa Konvensiyasına uyğun qəbul etdiyi qərarına da ziddir. Üstəlik, Baş Prokurorun da belə hallarda həbs qətimkan tədbirinin seçilməsindən az istifadə olunması ilə bağlı xüsusi göstərişi var. Bu hadisə də qəsdən edilmiş cinayət yox, təsadüf ucbatından baş vermiş yol-qəza hadisəsidir”.

Müsavat Partiyası hesab edir ki, Nigar Yaqublu həbsə alınmadan da hadisə ilə bağlı istintaq hərəkətləri aparmaq olar və bu istintaqın obyektiv, qərəzsiz və ədalətli aparılacağı təqdirdə şübhəsiz, onun təqsirsizliyi sübut olunacaq. Müsavat Partiyası əmin olduğunu bildirir ki, ölkə rəhbərliyi, hüquq-mühafizə orqanları qanunçuluğu, ictimai rəyi, Nigar Yaqublunun gəncliyini nəzərə alaraq Abşeron rayon məhkəməsinin yanlış qərarının dəyişdirilməsi, gənc qızın dərhal azadlığa buraxılması yönündə təxirəsalınmaz və təsirli tədbirlər görəcək.

Bu gün bir qrup ictimai fəal qadın da Baş Prokurordan Nigar Yaqublu barədə istintaq müddətində iki aylıq həbs qətimkan tədbirinin ləğvini təmin etməyi xahiş edib. Müraciət müəllifləri istintaq müddətində Nigar Yaqublu ölkədən çıxmayacağına, istintaqın bütün çağırışlarında iştirak edəcəyinə təminat verdiklərini bildirirlər.

Qeyd edək ki, Nigar Yaqublu Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617

Oxşar yazılar