Milli Məclisin spikerindən səfirlərə çağırış
11 sentyabr 2012 17:44 (UTC +04:00)

Milli Məclisin spikerindən səfirlərə çağırış

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ATƏT-ə üzv 19 ölkənin bu qurumdakı daimi nümayəndəsini qəbul edib. Lent.az-ın MM-in rəsmi saytına istinadən verdiyi məlumata görə, O. Əsədov Azərbaycanın regiondakı mühüm rolundan, əldə etdiyi siyasi, iqtisadi uğurlardan, Avropaya inteqrasiyasından, hüquqi, demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlardan, beynəlxalq qurumlarla səmərəli əməkdaşlığından danışıb. Sədr diqqətə çatdırıb ki, bu gün qloballaşan dünyada beynəlxalq təşkilatların rolu gündən-günə artır. Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə üzvdür və onların işində yaxından iştirak edir. Rəsmi Bakı ATƏT-in sülhün bərqərar olması, eləcə də demokratiya, insan hüquqları, ətraf mühit və iqtisadi inkişafla bağlı təşəbbüslərini alqışlayır və dəstəkləyir.
Azərbaycanın regiondakı aparıcı roluna toxunan O. Əsədov bildirib ki, ölkəmiz bu bölgədə həyata keçirilən irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də birbaşa iştirakçısıdır: “Cənubi Qafqaz regionunda istehsal olunan ümumi daxili məhsulun 80 faizə qədəri Azərbaycanın payına düşür. Lakin Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə törədir, eyni zamanda, həm region, həm də Avropa ölkələrinin təhlükəsizliyinə ciddi təhdiddir. Hesab edirik ki, bu problem həll olunmadan bölgədə sülhün və təhlükəsizliyin etibarlı təminatı mümkün deyil”.

Oqtay Əsədov səfirləri bu problemin ədalətli həllində, münaqişə nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpası məsələsində səylərini artırmağa çağırıb.

Qəbul üçün minnətdarlığını bildirən Norveçin ATƏT-dəki daimi nümayəndəsi Robert Kvil məlumat verib ki, səfərin əsas məqsədi region ölkələri ilə daha yaxından tanış olmaqdır. Qonaq qeyd edib ki, səfər çərçivəsində Ermənistanda və Azərbaycanda keçirdikləri görüşlər, əldə etdikləri məlumatlar onlarda bölgədəki vəziyyətlə bağlı dolğun təəssürat yaradacaq. Sonra görüşdə Azərbaycanın qərbə inteqrasiyası, ATƏT-lə əməkdaşlığı, qanunvericilik sahəsində təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143

Oxşar yazılar