“Türkiyə Ermənistanı qudurdur...” - MÜSAHİBƏ
10 sentyabr 2012 14:08 (UTC +04:00)

“Türkiyə Ermənistanı qudurdur...” - MÜSAHİBƏ

Türkiyənin istefada olan diplomatı, “erməni məsələsi”nə dair bir çox kitabın müəllifi Bilal Şimşirin APA-ya müsahibəsi

- Ermənilərin Türkiyə və Azərbaycana qarşı terror siyasətinin köklərinə enə bilərikmi?

- 1878-ci il Berlin sazişinin 61-ci maddəsinə əsasən Avropa Osmanlı imperiyasındakı ermənilərə təhlükəsizlik təminatı tələb edirdi, bu səbəblə guya islahatlar aparılmalı idi. Əslində bu, Osmanlı İmperiyasını parçalamaq planının ilk addımlarından biri idi. Çünki o vaxt 6 vilayətimizdən “Qərbi Ermənistan” kimi bəhs edilməyə başlanmışdı. Bizim o vaxtkı vilayətlərimizin ərazisi çox geniş idi, təkcə Sivas vilayətinin ərazisi 60 min kvadrat kilometr idi ki, bu da indiki Belçika, Hollandiya və Lüksemburqun ərazisi qədərdir. 1878-ci il sazişinə görə, Rusiya Qarsı öz torpaqlarına qatmışdı, əgər Qarsı da hesablasaq, ermənilər bizdən 300 min kvadrat kilometr torpaq istəyirdilər. Ermənilərin o vaxt Osmanlıdan qoparıb özlərinə dövlət qurmaq istədiyi ərazi bugünkü
Türkiyə Cümhuriyyəti torpaqlarının təxminən 30%-ni təşkil edirdi. Ermənilərin bizdən qoparmaq istədiyi bölgələrimiz Sivas, Ərzurum, Van, Diyarbəkir, Bitlis və Elazığ vilayətləri idi. O vaxtdan Berlindən çıxan bu planın arxasında Qərb ölkələri və Rusiya dururdu. O vaxtlar Osmanlının qərbindəki 6 vilayətdə “islahatlar” tələb edirdilər və 1912-ci ildəki Balkan savaşından sonra Qərbdəki 6 vilayətimiz əldən çıxdı. İmperialistlərin metodu bundan ibarətdir: əvvəlcə ermənilərə və makedonlara istiqamət göstərirlər, bağlı olduqları ölkələrdən “islahat” tələb etmələrini istəyirlər, bunu həyata keçirmək üçün ermənilərə “Hınçak” və “Daşnak” təşkilatlarını qurdururlar, 1890-cı illərdə makedonlara da 2 banda qurdururlar. Erməni və makedon bandaları 1912-ci ilə qədər qan tökürlər. Bunu niyə deyirəm, həm Anadoluda, həm də Rumelində oynanan oyunun mahiyyəti budur, eyni oyunlar Türkiyəyə qarşı bu gün də davam edir. Biz bu ermənilərdən əlindən çox bəla gördük. Terror erməni toplumunun bir ənənəsidir. Bunu bütün ermənilərə aid etmək istəməzdim, ancaq onların bir damarı var, bu damar daim özünü göstərir, 100 il əvvəl də vardı, bu gün də var, sabah da ola bilər.

- Sizcə, bunun səbəbi nədir?

- Çünki ermənilər öz terrorçularını gələcək nəsillərə qəhrəman kimi təqdim edirlər, onların heykəllərini qoyub gələcək nəsilləri terrorçu kimi yetişməyə həvəsləndirirlər. Konkret örnək verim. Bizim Belqraddakı səfirimiz Qalib Balkarı 1983-də qətlə yetirən terrorçu Levonyanı və başqa bir terrorçunu serb polisi yaxaladı, ancaq ermənilər nə oyun qurdularsa, polis onları buraxmaq məcburiyyətində qaldı. İndi o Levonyan Yerevanda mağaza sahibidir. Bu adam bizim səfirimizi öldürən qatildir, Ermənistan dövləti isə protokolda ona yer verib, o, məktəbləri gəzərək şagirdlərə öz “qəhrəmanlıqlarından” danışır. Bunu görən məktəb uşaqları Levonyan kimi bir qatili özünə nümunə götürüb gələcəkdə terrorçu olmazmı? 1905-ci ildə İstanbulda ermənilər bizim padşaha qarşı sui-qəsd təşkil etmişdilər, onlar bəzəkli faytona minib 80 kliloluq bombanı partlatmışdılar, 27 adamımız ölmüşdü. Təəssüf ki, biz bunları unutduq, bunu Azərbaycan üçün demirəm. 1970-ci illərdə erməni terroru yenidən baş qaldırıb türk diplomatlarını hədəf almağa başlayanda bizim bəzi jurnalistlər o terror aksiyalarını ermənilərin yox, yunanların EOKA təşkilatının həyata keçirdiyini yazmışdılar. ASALA açıqlama yayırdı ki, türk diplomatlarını biz öldürdük, ancaq bizim bəzi jurnalistlər deyirdilər ki, yunanlar bunu diqqətləri əsas hədəfdən yayındırmaq üçün edirlər. Ermənilər Parisdəki səfirimiz İsmail Erezi qətlə yetirdikdən sonra bizim mətbuatın ağlı başına gəldi. Yaddaşımızdan heç nəyi silməməliyik, biz unutsaq da, düşmən heç nəyi unutmur.

- Azərbaycan torpaqlarının 20%-i 25 ildən bəri erməni işğalı altındadır, 1 milyon insanımız yerindən-yurdundan didərgin düşüb. Bu azmış kimi, ASALA terror təşkilatı indi də Azərbaycanın xaricdəki diplomatlarını təhdid etməyə başladı, bu barədə nə demək istərdiniz?

- Erməni terroru nəticəsində bizim 30-dan çox diplomatımız və onların ailə üzvü həyatını itirdi. O terrorçular əsasən Qərb ölkələrində fəaliyyət göstərirdilər. Qərbdə erməni terrorunun “uğurlu” olmasının əsas səbəbi onlara qarşı yumşaq davranılmasındadır. Əgər Qərbdə bir türk kimisə vursa, polis o dəqiqə tapır, ancaq nədənsə türk diplomatlarını şəhid edən erməniləri tapa bilmirdilər. Burda bir də “xristianlıq-müsəlmanlıq” məsələsi var, təəssüf ki, xristian Qərb xristian erməniləri müdafiə edir.
Bizim adamlarımız müstəqil Ermənistanın hər hansı diplomatına atəş açsaydı, dünya yerindən oynayardı. Diqqətli olmaq və ermənilərin terrorçu ənənələrini unutmamaq lazımdır. Onların terrorçu damarı həmişə meydana çıxacaq. Lozanna konfransında İsmət paşaya da sui-qəsd planı hazırlamışdılar, ancaq həyata keçirməyi bacara bilmədilər. Lozanna sülh danışıqlarında iştirak etmiş türk heyətinin üzvü Rza Nurun bir sözü var: “Sui-qəsd erməninin delikatesidir”.

- Türkiyə 1975-85-ci illər arasında erməni terroruna qarşı necə mübarizə apardı?

- Diplomatlarımız terrorun hədəfinə çevriləndə əvvəlcə çaşbaş qaldıq. İlk sui-qəsd 1973-cü ildə Los-Ancelesdəki baş konsulumuz Mehmet Baydarın vurulmasıdır, 22 oktyabr 1975-i ildə Vyanadakı, Parisdəki səfirlərimizi iş masalarının arxasında şəhid etdilər. Mən Hollandiyada səfirliyimizin müşaviri idim, səfirlərə zirehli maşın verilirdi, ancaq terrorçular səfirimizi yox, oğlunu öldürdülər. Mən diplomatiya tarixini araşdırdım, dünyanın bəzi yerlərində diplomatlara qarşı fərdi sui-qəsdlər olub, ancaq sistemli şəkildə bir ölkənin diplomatlarına 25 il fasiləsiz sui-qəsdləri sadəcə ermənilər həyata keçirib. Başqa heç bir millətdə bu cür terrorçuluq “qabiliyyəti” yoxdur, ona görə də bunu heç vaxt yaddan çıxarmamalıyıq. Ankarada bizim diplomat şəhidliyimiz yarandı. Bizim “Diplomat şəhidlər günü”müz vardı, hər il mayın əvvəlində məzarlıqda bir araya gələrək şəhid dostlarımızı xatırlayırdıq. İndiki hökumət yeni bir qanun çıxardı, ildə sadəcə 1 gün “Şəhidlər günü” olacağı qərarlaşdırıldı. Ankara bələdiyyəsindən mənə zəng etmişdilər ki, Kızılay metrosunun girişində şəhidlərin xatirəsinə foto-sərgi açacağıq, məndən fotoları istədilər, verdim. Ancaq sərgi açılanda gördüm ki, heç bir yerdə diplomatlarımızı erməni terrorçularının şəhid etməsinə dair bir kəlmə də yoxdur. Yaxşı, bu diplomatlarımızı kim şəhid etmişdi? Bu, mənə çox ağır gəldi, belə mübarizə olarmı? Bu diplomatlarımız harada şəhid olublar? Onları erməni terrorçularının şəhid etdiyini millətimizə çatdırmaq bizim ən önəmli işimiz olmalıdır. O sərgiyə xarici işlər nazirimiz də gəldi, çıxışında diplomatlarımızı erməni terrorçularının şəhid etdiyinə dair bir kəlmə də demədi. Biz bu cür edəndə elə bilirik ki, ermənilər bizimlə dost olacaq, ancaq anlamırıq ki, bu yolla erməniləri bizə qarşı daha azğın olmağa təşviq edirik. Atatürkün vaxtında bizim xarici siyasətimizin prinsipləri çox aydın və qəti idi: hər hansı bir ölkəylə diplomatik münasibət yaratmaq üçün əvvəlcə masanın arxasına keçib iki ölkə arasında olan problemləri aradan qaldırırdıq, sonra isə dostluq sazişi imzalayırdıq. Sovet İttifaqı dağılanda mən Türkiyə XİN-də o bölgələrə də baxan idarənin rəisi idim, tanıdığımız birinci ölkə Azərbaycan idi, Ermənistanı isə heç tanımadıq, əgər söhbət Ermənistanın tanınmasından getsəydi, mən tanınmağın şərtlərindən biri kimi Qalib Balkar kimi parlaq diplomatımızı şəhid etmiş Levonyanı Türkiyəyə vermək şərtini irəli sürərdim, ASALA terror təşkilatını ləğv etməsini və qətiyyətlə pisləməsini tələb edərdim. Sovet İttifaqı dağılandan sonra qonşularına hücum edən yeganə ölkə Ermənistandır. Türkiyə yumşaq hərəkət edərək, Ermənistanı daha da qudurdur.
Azərbaycan xaricdə yaxşı mübarizə aparır, sevindirici xəbərlər alıram. Hadisələr iç-içədir, düşmənimiz eynidir, xaricdəki səfirliklərimiz, ölkələrimiz arasında isə elm adamlarımız tamamilə birlikdə çalışmalıdırlar.

- ASALA terror təşkilatının Qərbdə cəzasız qalmasından danışdınız, bütün ölkələr onları cəzasız qoydu?

- İsveçrə cəzalandırdı, Yuqoslaviya terrorçuları yaxaladı, ancaq cəzalandıra bilmədi. Başqa ölkələr isə çox tolerant davranaraq erməni terrorçularını daha da qudurtdular. Osmanlı dönəmində terror aksiyaları həyata keçirmiş bir çox erməni də təəssüf ki, cəzasız qalıb. Ancaq cümhuriyyət dönəmində terror aksiyası həyata keçirmək istəyən ermənilərə lazımi cəzalar verilib. Ekmekçiyan adlı Livan ermənisi Ankara aeroportunda terror aksiyası həyata keçirdiyinə görə edam edildi. “Şəhid diplomatlarımız” adlı 2 cildlik kitabımda diplomatlarımızı şəhid edən erməni terrorçularının Avropada və Amerikada necə cəzasız qaldıqlarını yazmışam. Ermənilər dövlətsiz yaşadıqlarına görə, o ölkədə qurduqları kilsə, kiçik dərnək və komitələrin ətrafında toplaşa bilirlər, ASALA terroru göstərdi ki, bu işlərdə daha çox Livanın kasıb ermənilərindən istifadə edilir. XIX əsrin ikinci yarısından etibarən Amerika qitəsinə xeyli mühacir gedib. Biz dövlət qurucusu olan millətik, bayrağımız, torpağımız, əsgərimiz bizim üstün tərəflərimizdir, ermənilərdə isə bu cəhətlər yoxdur. Atatürkün bir sözü var, çox dərin düşünülmüş sözdür: “Əfəndilər! Şərqdə Trabzonu, cənubda Adananı istəyən “Böyük Ermənistan”dan əsər-əlamət qalmayıb. Ermənilər təbii olan sərhədlərinin içinə qoyulmuşlar”. Bu gün də Ermənistana demək lazımdır ki, sən təbii sərhədlərinin içinə çəkil, Azərbaycan torpaqlarının işğalından bir an əvvəl vaz keç. Azərbaycan xaricdəki təsir qüvvəsindən istifadə edərək Ermənistana daima “təbii sərhədləri”nə çəkilməsi üçün təzyiq göstərməlidir. Türkiyə torpaqlarının 20%-i işğal edilsə, bunu kim qəbul edə bilər? Azərbaycan da Ermənistanı müdafiə edən dövlətlərə bunu deməlidir. Digər tərəfdən, sizin jurnalistləriniz Ermənistanı dəstəkləyən ölkələrin idarəçilərinə sərt suallar verməyi adət-ənənə halına gətirməlidirlər. Ən böyük dövlətlərin başçılarına sizin jurnalistləriniz “Torpaqlarınızın 20%-i işğal altında olsaydı sizə necə təsir edərdi?”- sualını verməli, onların üzünü qızartmalıdırlar. Ermənilər yaşadıqları hər ölkə üçün baş bəlasıdırlar, ona görə də hər ölkə onlardan qurtulmağa çalışır. Tarixdə olduğu kimi, bu gün də ermənilərin Türkiyəyə qarşı torpaq tələbələrinin arxasında Qərbin onlardan xilas olub Türkiyənin Şərq vilayətlərinə göndərmə niyyəti də var.

- Bu tələblərin 2015-ci ilə doğru daha da kəskinləşəcəyini şübhəsiz, hamıdan yaxşı siz bilirsiniz.

- Ermənistanın təkcə Türkiyəyə və ya təkcə Azərbaycana qarşı hədəfi yoxdur - hədəfi müştərəkdir: Türkiyə və Azərbaycan. Ona görə də bütün məsələlərdə birgə mübarizə aparsaq, daha güclü olacağıq. Ermənilərin bizə qarşı törətdikləri cinayətləri obyektiv şəkildə araşdırıb dünyaya çatdırmaq üçün yeni nəsillər yetişdirməliyik. Mən 80 yaşına gəldim. “İngilis mənbələrində erməni məsələsi” (ingiliscə 4 cild), “Fransiz mənbələrində erməni məsələsi” (fransızca 4 cild), “Şəhid diplomatlarımız” (2 cild), “Erməni məsələsi” və s. kitabları yazdım. Bundan sonra əsas işimiz bu məsələlərə ömrünü həsr edib araşdıran gənclik yetişdirmək olmalıdır. Biz qüdrətli və çalışqan millətik, öhdəsindən gələ bilməyəcəyimiz heç bir iş yoxdur. Yetişdirəcəyimiz gəncliyin üzərinə çox böyük vəzifələr düşəcək, onlar obyektiv çalışmalarıyla dünya miqyasında həqiqətlərin qəbul edilməsinə nail olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4330

Oxşar yazılar