“Ermənistanın Tovuz istiqamətində sərhəddə törətdiyi təxribatlar məqsədyönlü xarakter daşıyır. Biz mənfur bir düşmənlə üz-üzəyik. Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək, həm də diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir”.
Lent.az-ın məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Q. Həsənquliyev bildirib ki, Paşinyan xalq arasında dayaqlarını sürətlə itirdiyindən bu təxribatı sanksiyalaşdıra bilər: “Bu təxribat böyük miqyaslı döyüşlərə başlamazdan əvvəl Ordumuzun döyüş qabiliyyətini yoxlamaq üçün kəşfiyyat xarakterli əməliyyat da ola bilər. Amma kimin tərəfindən və hansı məqsədlə törədilməsindən asılı olmayaraq, Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir. Ümid edirəm Azərbaycan hökuməti torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarlar qəbul etməyin vaxtının çatdığının fərqindədir”.
Deputat şəhidlərin ailə üzvlərinə və Azərbaycan xalqına başsağlığı verib, yaralılara şəfa diləyib.