Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı şəhid Samir Əlizadə oğlu Hüseynov haqqındadır.
Samir Hüseynov 15 noyabr 1994-cü ildə Lerik rayonunun Vov kəndində anadan olub. Orta təhsilini 2001-ci ildən şəhid Rakif Babayev adına Vov kənd 9 illik natamam orta məktəbində alıb.
Məktəbi bitirdikdən sonra 2013-cü ilin yanvar ayında hərbi xidmətə yollanır. Gəncədə yerləşən “N” saylı hərbi hissədə xidmət edir. 2014-cü ilin iyul ayında hərbi xidmətini başa vurur. 2016-cı ildə könüllü olaraq yenidən hərbi sahəyə qayıtmış və Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq işləməyə başlayır.
Samir Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşur. 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində Ermənistan Ordusunun xeyli zabitini məhv edərək qeyri-bərabər döyüşdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Dağlar qoyununda...
Kəndə çatan kimi ilk istəyim Samirin məzarını ziyarət etmək olur. Təpənin ən yüksək nöqtəsində dəfn olunmuşdu Samir. Vaxtilə bu dağların, təpələrin üzərində oynayan, qaçan, əylənən o cəsur oğlan indi elə bu təpələrin qoynunda uyuyurdu. Müşayiətçimiz, yaxınlıqdakı kənd sakini Kamil dayı şəhidin atasının evinin məzarlıqdan o qədər də uzaqda olmadığını bildirir. Təzədən maşına əyləşib əyri, dolanbac yollardan keçib Samirgilin evinə yönəlirik. Həyət qapısının üzərində dalğalanan üçrəngli bayraq düz ünvana gəldiyimizdən xəbər verir.
Qapıda bizi gözlərindən hüzn və kədər yağan şəhid atası qarşılayır. Ürəyi sözlə dolu, dili dərddən qıfıllanmış, sinəsi yaralı minlərlə şəhid atasından biri...
Bayırda qoyulan masanın ətrafına toplaşırıq. Kamil dayı, mən və Əlizadə bəy. Ona oğlu ilə bağlı ilk sualımı verirəm:
- Samir necə uşaq idi?
- Samir evin sonbeşiyi olub. Doqquzuncu sinifdən sonra məktəbə getmədi, idmanla məşğul olmağa başladı. İdmana çox böyük həvəsi vardı, elə gücə-gündüz məşq edirdi. Hərbi xidmətini edib qayıdandan sonra bir müddət Dərbənddə qardaşlarının yanında işlədi. Amma sonra gəldi evə, dedi, ata, mən hərb sahəsinə gedirəm. Orda da onu yoxlamışdılar, boy-buxunu, idmançı olmağı hərbçi olmağına imkan verirdi. Həmin ərəfədə aprel döyüşləri başlamışdı. Samir bu döyüşlərə qatılmaq istəsə də, aparmadılar. Dedilər, hələ yenisən
Samir çox sadə, sakit, təmiz ürəkli uşaq olub. Mənim yoldaşım xərçəng xəstəsi idi, on ildir rəhmətə gedib. Onda Samir doqquzuncu sinifdə oxuyurdu. Anasından sonra biz Samirlə ikimiz bu evdə iki il tək yaşadıq. Ev işlərinin hamısını ata-bala ikimiz edirdik. Onda Samir dinlə maraqlanmağa, namaz qılmağa başladı. Sonralar müharibədə olanda da eşidirdim ki, namazından qalmır.
Anasızlıq
- Biz çox da rahat həyat yaşamamışıq. Kömürçülüklə, təsərrüfatla dolanmışam. Amma çətin də olsa, mehriban ailə olmuşuq.
Vov kəndində insanların dolanışığı təbiətdən çıxdığı üçün adamlar demək olar ki, beşcə dəqiqə sakit dayanmırlar. Uşaqlar hələ balacalıqdan kənd həyatına alışır, əkin, biçinlə, maldarlıqla məşğul olur. Amma Samir yetkinlik yaşına çatanda idmana həvəslənir, sonradan bu həvəs onu hərb sahəsinə yönəldir. Dağların üzərində dayanıb ətrafı seyr edəndə inana bilmirəm ki, məhz bu dağların arasından çıxan uşaqlar inad edərək, könüllü olaraq vətən uğrunda müharibəyə gedir və şəhid olurlar. Qardaşı Rəhim Samiri xatırlayır:
- Qardaşımla çox gözəl günlərimiz olub. Hərbidən evə gələndə, mütləq məni də özü ilə götürüb rayona aparardı. Mehriban, ürəyiaçıq oğlan idi. O, həqiqətən də mərd oğul olub. Birgə keçirdiyimiz günlər heç vaxt yadımdan çıxmayacaq. Şəhərə, qonaqlıqlara onunla birlikdə gedirdik. Hətta anamdan sonra biz evin yeməklərini də özümüz bişirirdik. Bəzən yeməyimizi də bir tavadan yeyirdik. Mən onu heç vaxt unutmaram, unuda bilmərəm. Samir həmişə mənim qəlbimdədir. İndi biz onun haqqında nə qədər danışsaq da, kifayət etməz. Fəxr edirəm ki, mənim elə bir qardaşım olub. Ruhu şad olsun.
Əlizadə bəy deyir ki, Samirin ən böyük arzularından biri Bakıda aldığı torpaq sahəsində ev tikdirib qardaşları və atası ilə birgə ora köçmək olub. Hətta tez-tez atasına deyirmiş ki, - ata, evim olan kimi səni öz yanıma aparacam, mənimlə yaşayarsan. Əlizadə bəyin sözlərinə görə Samir ürəyindəki bu arzularla sonuncu dəfə ötən ilin yayında evlərinə gəlir.
- Ot biçdi vaxtı idi. Evə gəldi, o biri oğlanlarım Dərbənddə idilər, pandemiyaya görə, gələ bilmirdilər. Samir dedi, ata, mən icazə alıb gələcəm. On beş günlük gəldi, ot biçimində mənə kömək elədi. Evdə qaldı, kəndi, qohumları gəzib dolandı və getdi.
Arzu
- Müharibə başlananda, sizə xəbər vermişdi?
- Hə, sentyabrın 26-da mənə zəng vurub dedi ki, ata bizi aparırlar. Amma hara aparıldıqlarını demədi. O, deməyəndən sonra mən də heç nə soruşmadım. Elə danışırdı ki, elə bil müharibəyə yox, toya gedir. Samir əmin idi ki, qələbə xəbəri ilə qayıdacaq. Ölümündən sonra yoldaşları bura gəldi, deyirdilər ki, o, qorxmadan, çəkinmədən özünü odun içinə atır, ən təhlükəli yerlərdən keçib, yolu bizə göstərirdi. Hər gün mənimlə danışırdı, hər dəfə də özünü yox, məni düşünürdü, deyirdi özündən muğayat ol.
Müharibə zamanı Samir cəbhədə ən çox düşmən əsgəri məhv edənlərdən olur.
- Bir dəfə mənə zəng vuranda dedi, ata, ermənilər, Xocalı faciəsində bizim nə qədər insanımızı qırmışdısa, biz onların üç qat əvəzini çıxdıq.
- Samir sizin yadınızda ən çox hansı xüsusiyyəti ilə qalıb?
- Anasının sağlığında kənddə toy olanda, Samir “semiçka”, qarğıdalı dənələri alar, anasına verərdi. Anası da onu tavada qovurardı. Samir həmin qovurğaları aparıb qonşu kəndlərdə olan toylarda satırdı. Adamlar onun o qədər çox istəyirdilər ki, “semiçka”nı, qarğıdalını hamı ondan alardı. Qazandığı pulla həm özünə paltar alırdı, həm də mənə verərdi. Pulu sevirdi, həm də qazanmağı bacarırdı.
Sevgi...
- Sevdiyi qız vardı?
- Vardı. Bizim kənddən deyildi. Qız Bərdədə yaşayırdı. Onunla bir il olardı tanış olmuşdular, telefonla danışırdılar, birgə şəkilləri də vardı. Şəhid olandan sonra qız bizə zəng vurub nə qədər ağlamışdı. Elə istəyirdi ki, onun qəbrini gəlib görsün. Sonra eşitdim qız xəstələnib, atası onu xəstəxanaya aparıb. Samir də mənə yox, qardaşına demişdi ki, iyirmi min pul yığıb. Müharibədən sonra gəlib kənddəki evimizi də düzəldəcək, Bakıda da ev tikəcək. Sonra da toy etmək istəyirmiş. O, maaşını yığıb saxlamışdı. Xərcləmirdi. Nə içki içməzdi, nə siqaret çəkməzdi, ona görə də qənaət edib pulunu saxlaya bilirdi. Arzuları belə idi.
- Hiss edirəm ki, sizə çox bağlı olub.
- Elədir. Məni çox istəyirdi, bağlı idi (Kövrəlir). O biri uşaqlar da mənim balalarım idi, amma Samiri başqa cür istəyirdim. Mənim heç vaxt ağlıma gəlməzdi ki, o, şəhid olacaq. Heç o, da buna inanmazdı. Amma top mərmisinə, özü də başqa əsgəri qoruyarkən şəhid oldu.
Qoymayın ölüm...
Bələdçimiz Samirgilin qonşusu Kamil dayı söhbətə qoşulur:
- Samirin xəbəri hamımız məyus etdi. Gözümüzün qarşısında böyümüşdü. O, böyründən yaralanmışdı. Bizə dedilər ki, Samiri döyüş bölgəsindən çıxarandan iki saat sonra qanaxmadan dünyasını dəyişib. Yaralı olarkən deyib ki, məni qoymayın burda ölüm, evimizə aparın.
Samir şəhid olandan sonra onun ailəsinə xəbər verirlər. Ancaq əvvəlcə xəbəri kənd camaatı və yerli icra orqanları bilir. Əlizadə ataya kimsə ürək edib bu xəbəri çatdıra bilmir. Yaxın qohumlarından birinin vasitəsi ilə Əlizadə bəyə xəbər göndərilir ki, Samir yaralanıb. Şəhid atası xatırlayır:
- Mənə deyəndə ki, o, yaralanıb, inanmadım. Dedim, yaralansa, özü zəng vurar, mənə deyər. Oğlum şəhid olub. Onda qohumum ağladı, dedi, hə, oğlun şəhid olub.
Samir Şuşaya ilk girən döyüşçülərdən, Şuşanı alanlardan biri idi. Qələbə elan olunanda da şəhid olub. Yanında olan yoldaşları deyirdilər ki, top mərmisi onun yanında partlayandan sonra Samir klinik ölüm keçirib. Hamı elə bilib ki, artıq Samir öldü. Necə olubsa birdən ayılıb və qayıdıb deyib ki, mənim ayaqlarıma nə olub. Sonra başqa sözlər danışıb, sayıqlayıb. Axırda deyib deyəsən, mən anama qovuşmaq istəyirəm.
Həmin ərəfədə Samirin qardaşları Dərbənddə olur. Oğlunun tabutunu el-obası ilə birgə qarşılayan ata bu xəbəri digər oğlu Rəhimə dəfn günü deyə bilir. Rəhim danışmaqda çətinlik çəksə də danışır:
- Samirlə ən son danışığım sentyabrın 25-də oldu. Ondan sonra internetlə əlaqəmiz itdi. Mən Dağıstanda idim. Noyabr 8-də Samir şəhid olur, 9-da zəng vurdum kəndə mənə demədilər. Çox çək-çevirdən sonra yarlı olduğunu bildirdilər. Atama zəng vurdum, atam dedi ki, Samir şəhid olub. O, sözü eşidəndən sonra ağlım başımda olmayıb. Heç nə gözümə görünmürdü həmin gün. Ayın 10-da mən təyyarə ilə Bakıya, ordan da kəndə gəldim. Mən gələndə o, artıq dəfn olunmuşdu, möhkəm yağış yağırdı. Kənddə olduğum müddətdə onun qəbrinin üstünə o qədər getmişdim ki, sayını itirmişdim. Gecəni güclə yola verirdim, səhər açılan kimi qaçırdım onun qəbrinin üstünə. Bəzən gecəyə qədər orda qalırdım.
Noyabrın 10-da Samir böyüdüyü evə gətirilir. Vida mərasimi keçirilir, Şuşa yüksəklikləri uğrunda canından keçən Samir öz kəndlərinin yüksəkliklərində dəfn olunun. Atası fəxrlə xatırlayır:
- Son dəfə oğlumun üzünü açıb baxdım, elə bil yatmışdı, gül, çiçək ətri gəlirdi. Amma gördüm ki, balam tabuta yerləşmir. O qədər pəhləvan uçaq idi ki, onu tabut götürməzdi. Əllərinin çarpazlayıb sinəsinə qoymuşdular.
Bayaq dediyim kimi balalarımın hamısını çox istəyirəm. Amma Samiri əvəz etməz heç kim. Samir başqa idi. Məni çox istəyirdi, hamıdan çox sevirdi. Onun bu sevgisi, istəyi qəbirə qədər mənimlə olacaq. Bircə təsəllim var ki, qanı yerdə qalmadı. Qarabağ azad olundu. Vətən uğrunda getdi, Vətən sağ olsun!