@ işarəsi  1536-cı ildən mövcuddur - internetdən əvvəl nə üçün  istifadə olunub?
26 may 2026 19:07 (UTC +04:00)

@ işarəsi 1536-cı ildən mövcuddur - internetdən əvvəl nə üçün istifadə olunub?

0

Bu gün elektron poçt və sosial şəbəkələrlə əlaqələndirilən “@” işarəsi əslində rəqəmsal dövrdən xeyli əvvəl yaranıb və əvvəl tam fərqli məna daşıyıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu simvolun ilk sənədləşdirilmiş istifadəsi 1536-cı ilə aiddir. Lakin bəzi tədqiqatçılar onun daha qədim dövrlərdə də mövcud ola biləcəyini istisna etmirlər.

Ən geniş yayılmış versiyaya görə, “@” işarəsi latın dilində yazan katiblərin istifadə etdiyi qısaltmadan yaranıb. Hesab edilir ki, bu simvol latın dilində “ad” (yəni “-a, -ə, doğru”) sözünün stilizə olunmuş formasıdır. Zamanla “a” hərfi “d” hərfinin qarmaqlı formasına birləşərək indiki görünüşünü alıb.

Maraqlı faktlardan biri də odur ki, bu işarəyə 1345-ci ilə aid bolqar dilində bir mətnin tərcüməsində rast gəlinib. Orada “Amin” sözündə bir dəfə “A” hərfi əvəzinə istifadə olunub. Lakin bu istifadə təkrarlanmadığı üçün səbəbi hələ də məlum deyil.

Digər bir versiyaya görə, fransız katiblər “@” işarəsini “à” sözünün dekorativ forması kimi işlədiblər. Amma bu fikri təsdiqləyən güclü sübutlar azdır.

2000-ci ildə Giorgio Stabile tərəfindən tapılan sənəd bu simvolun tarixini daha aydın göstərib. Sapienza Universiteti professoru olan alim 4 may 1536-cı ilə aid bir florensiyalı tacirin məktubunda “@” işarəsini aşkar edib.

Həmin sənəddə bu işarə kommersiya məqsədilə, yəni “vahid qiymətə” mənasında istifadə olunub. Məsələn, müəyyən miqdarda zeytun yağının konkret qiymətə satıldığını göstərirdi.

Sonrakı dövrlərdə də, xüsusilə XIX əsrdə, bu simvol mühasibat sənədlərində geniş istifadə olunub. Ticarətçilər və mühasiblər onu “bir vahid üçün qiymət” mənasında yazırdılar. Məhz buna görə “@” işarəsi yazı maşınlarının klaviaturasına da daxil edilib.

“@” işarəsi əsl populyarlığını 1971-ci ildə qazandı. Amerikalı mühəndis Ray Tomlinson ARPANET üçün ilk elektron poçt proqramını hazırlayarkən bu simvolu istifadə edib.

Onun məqsədi istifadəçi adı ilə server adını ayıran nadir və qarışıqlıq yaratmayan bir işarə seçmək idi. Digər variantlar olsa da, “@” həm az istifadə olunduğu, həm də məntiqli göründüyü üçün seçildi. Bu qərar simvolu rəqəmsal dövrün ən tanınan işarələrindən birinə çevirdi.

Maraqlıdır ki, “@” müxtəlif ölkələrdə fərqli adlarla tanınır. Məsələn, bəzi dillərdə “meymun quyruğu”, digərlərində “fil xortumu”, “ilbiz” və ya “şturdel” kimi adlandırılır.

Beləliklə, əsrlər boyu fərqli məqsədlərlə istifadə olunan bu sadə simvol bu gün qlobal ünsiyyətin ayrılmaz hissəsinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar