Baba Vəziroğlu: “Məni universitetdən qovdular, yaxşı elədilər...” - SÖHBƏT
16 mart 2011 15:35 (UTC +04:00)

Baba Vəziroğlu: “Məni universitetdən qovdular, yaxşı elədilər...” - SÖHBƏT

Qonaq: Baba Vəziroğlu
Qarşılayan: Günel Mövlud


Baba Vəziroğlunu qonaq çağırmağı hələ layihənin təzə-tər vaxtlarından düşünürdüm. Amma nəğməkar şair (bu ifadədən zəhləsi getdiyini bilirəm, elə ona görə yazıram) hər dəfə səhərlər yuxudan oyana bilməyəcəyini bəhanə gətirib, qonaqlıqdan yayınırdı. Axır ki, bir çox ictimailəşmiş şəxslər kimi, Baba müəllimi də fəal istifadəçisi olduğu “Facebook” şəbəkəsində yaxaladım. Maraqlıdı, telefondan fərqli olaraq, “Facebook”da insanlar daha məhrəm olur, zənglərimi başından eləyən Baba müəllim, bu sosial şəbəkədə tez təslim oldu və biz görüşün vaxtını dəqiqləşdirdik.

Biz səhər yeməyi yeməli idik, amma şairin yuxudan oyanmağı günortaya çəkdi. Etiraz eləmədim - insanlar yatandan sonra yaşamağa və yazmağa başlayan yazarlar üçün səhər yuxusunun nə olduğunu bilirəm. Vaxt öldürə-öldürə, asta-asta yaxınlaşıb, “Travelers Coffee”-nin qarşısına çatıb, qonağımın yaxınlıqda görüşəcəyimiz məkanı axtardığını görəndə dodaqaltı gülümsədim: hamının əli ilə qoymuş kimi tapdığı yeri tapmaq da şair tayfası üçün çətin məsələdi. Görüşüb, ikimiz də yaxamızdan hələ qopmayan soyuqdəyməni faciə kimi müzakirə edə-edə birlikdə içəri keçdik. (Şairin xəstəsi dünyada ən nataraz, ən zəhlətökən bir şeydi).

Yerimizi rahatlayar-rahatlamaz Baba müəllim məni yenə komaya saldı:

- Mən heç nə yeməyəcəm ha. Bir az bundan əvvəl eşşək boyda (əli ilə tikələrin iriliyini göstərir) ət tikələri yemişəm. Amma sən mənə baxma, sən ye, mən söhbətnən sənə yoldaşlıq eləyərəm...

Budu ha! Bu da şair...il uzunu gözləyirsən ki, bir səhər süfrəyə şair çağıracaqsan, iştahada da, söhbətdə də sənə yoldaş olacaq, axırı da belə. Ağlıma heç nə gəlmədiyindən, adama bir fincan quruca çay deyib, söhbətə başlayıram.

- Baba müəllim, son vaxtlar efirdə az-az görünürsüz...bir ara elə hansı kanalı açırdın, sizi göstərirdilər. Yarışmalarda, şoularda, verilişlərdə...

Gülür:

- Həəə, elə bir vaxtlar var idi. Sənə deyim ki, adamın elə bir vaxtı olur. Heç kimə “yox” deyə bilmirsən. Mənim də elə vaxtlarım vardı. Kim hara dəvət eləyirdisə, gedirdim, iştirak eləyirdim. Neyləyim, mən bir az utancaq adamam, başım də bu utancaqlıqdan çox çəkir. (gülə-gülə) məşhur, biabırçı bir məsəl var e, yaxşı ki, qadın deyiləm, yoxsa utancaqlıqdan adım ayağı sürüşkən çıxmışdı...

- Maraqlı bir şey də var. Mən sizi tanıyandan ancaq ya efirdə, ya məclislərdə, ya da tədbirlərdə görürəm. Soruşmaq ayıb deyilsə, bəs siz nə vaxt yazırsınız?

- Dostlarımın əksəriyyəti mənə bu sualı verir. Mənim dostlarımın əksəriyyəti də poeziyaya aidiyyatı olmayan adamlar, biznesmenlər, məmurlardı. Çoxu soruşur ki, biz Baba müəllimi ya efirdə görürük, ya tədbirlərdə, ya gözəl qızların əhatəsində...bəs, o nə vaxt yazır?! Hətta bəziləri deyir ki, o özü yazmır, kiməsə yazdırır.

- Bu dostlarınızın dedikləridi, bəs siz nə deyirsiniz? Yəni cavabınız nədir?

- Vallah, bilmirəm. Bunun formulu heç mənə də məlum deyil. Özüm də bilmirəm, nə vaxt yazıram. Özü də təkcə şeir, yazı məsələsində deyil bu asanlıq, rahatlıq. Elə şeylər var ki, insanlar onları əldə etməkdən ötrü min bir zəhmət çəkir, fırıldaqlara əl atır, həyatını həsr eləyir, o şeylərə mən çox asanlıqla nail olmuşam. Özüm də heç bilməmişəm, hardan, necə gəldi? Puldu, şöhrətdi, firavanlıqdı…

- Rafiq Tağının sizə ithaf elədiyi bir hekayə var. Maraqlı müşahidələri var sizinlə bağlı… “O öz məşhurluğunun hətta mənim çapımda belə artmasını istəmir”. Doğrudan, nə vaxtsa məşhurluğa belə münasibətiniz olub?

- Bu o vaxtlar idi ki, mən kinematoqrafçılar birliyində sıradan məmur, kargüzar həyatını yaşayırdım. Bilirsən, şöhrət məni çox tez tapmışdı. Əyalətdən gəlmiş cavan oğlan… Birdən-birə çox asanlıqla məşhur ola bilmişdim. Amma şöhrət, daim “səhnədə” olmaq da bir şey deyil axı. Buna əsəb davam gətirməz. Adam bir kənara çəkilmək, bir özü olmaq, məcazi mənada bir başını qaşımaq istəyir. Mənim şöhrətdən bezməyim sovetlərin parçalanmağı ilə eyni vaxtda düşdü. Köhnə getdi, yerinə təzə heç nə gəlmədi və gələcəksə də, bu gələcəyin nə olacağı məlum deyildi. Odur ki, mən bu qarmaqarışıqlıqdan istifadə eləyib, öz məmur otağıma çəkilərək, bayaq dediyim o kargüzar həyatını yaşayırdım. Əslində elə fikirləşirdim ki, elə ömrümün axırınacan bu sənədlərin, kağız-kuğuzun, məmur cızma-qarasının içində qocalıb gedəcəyəm. Rafiq Tağı ilə o dövrlərdə çox yaxın idik və sən deyən sətirlər o vaxtların müşahidələrinin nəticəsi idi.

- Sonra nə dəyişdi ki?

- Sonra qəfil zaman dəyişdi. Şöhrətin ikinci, daha ağır mərhələsi gəldi.

- Amma məncə, siz özünüz də təəssüflənirsiz ki, bu, daha yazıçı şöhrəti yox, “nəğməkar şair” şöhrəti idi…

Gülümsəyir:

- Şöhrətin növləri olmur axı. Şöhrət elə şöhrətdi.

- Sizə çoxmu lazım idi bu şöhrət?

- Bilirsən, bizim xalqın bir bədbəxtliyi var. Bizdə insan heç vaxt özü üçün yaşamır. Sən deyən kimi, mənim özümə qalsa, əlbəttə ki, bu şöhrət mənə lazım deyildi. Yaxınlarıma, doğulduğum kəndə, rayona, bir az ölkə sərhədlərindən kənara çıxsam, ölkəmə lazım idi. Və təbii ki, maddi məsələlər…

- Bu “yarıbiznes, yarışou ədəbiyyat” sizin yazıçılığınızı yemədi?

- Yooox. Bilirsən, mənim ədəbi zövqüm də, yazı texnikam da çoxdan formalaşıb. Bunlar elə şeylərdi ki, itirmək mümkün deyil. Mahnı mətnlərinə gəlincə, bu şeirlər mənim ədəbi zövqümü, nəsr texnikamı korlaya bilməz. Mənə mane ola bilməz ki, yaxşı mətnlə, ədəbiyyata dəxli olan mətnlə, dəxli olmayan mətni fərqləndirim.

- Bu yaxınlarda haradasa oxudum ki, mindən çox mahnı mətni yazmısınız…

Gülür:

- Həəəə…indinin söhbəti deyil ki, mən hələ sovet vaxtından ayda ən azı on mahnı mətni yazırdım. Pambıqçılar, kənd zəhmətkeşləri barədə o qədər mahnı sözləri yazmışam ki!

- İndi o mahnılara baxanda nə hiss eləyirsiniz?

- Əslində elə xoşuma gəlir ki! Bilirsən, o mətnləri yazanda daha səmimi idim, nəinki indi, bu təzə müğənnilər üçün yazdığım mahnı sözlərində. İndi yazdıqlarım peşəkarlıq, texnika məsələsidi, o vaxt isə daha çox hisslə, ürəkdən yazırdım.

- Doğrudan?!

- Əlbəttə! Niyə də səmimi olmamalı idim ki?! Onda elə vaxtlar idi ki, kənddən bir oğlan cırıq köynəklə şəhərə gəlirdi və bir neçə ildən sonra şəhərin sayılıb-seçilən kişilərindən biri olurdu. Gözümüzün qabağında baş verirdi bunlar. Hansı ölkəyə gedirdinsə, kürəyində böyük bir dövlətin, dünyanın altıda birini tutan ölkənin iri əlini hiss eləyirdin. Uzaqbaşı ölkən, tarixin, ədəbiyyatın barədə nəsə soruşanda, Mirzə Cəlili tanımayanda “Dostoyevski” deyirdin. Çünki o vaxt Dostoyevski də bizimki hesab olunurdu. Qaqarinin, Tereşkovanın adını verirdin, çünki hamısı bizimki idi. Amma indi? Buna görə də, o vaxtlar, o kənd zəhmətkeşlərini, pambıqçıları, sadə adamları tərənnüm elədiyim şeirlərdəki səmimiyyətim çox təbii idi.

- Onda gül kimi quruluşu niyə dağıdırdınız?

- Əşi, elə bizə nə olur, yaxşı olur! Biz də o quruluşu bir balaca iynələyə, hansı mətndəsə ona ilişə bilməyimizlə fəxr edirdik. Təsəvvür elə ki, məni dərslərə başısoyuq yanaşmağımın üstündə jurnalistika fakültəsindən qovdular. Yaxşı elədilər. Mən də getdim, bir il ərzində nə vardısa, oxudum, təzədən qəbul olundum jurnalistika fakültəsinə. Mən də yaxşı elədim. Sonra da bir dəfə qovulduğum üçün müddət hüququmu itirmişdim deyə, məni əsgər apardılar. Həmin ərəfədə də, hekayələrimi göndərmişdilər Qorki adına Ədəbiyyat İnstitutuna. Və bəyənib, qəbul eləmişdilər. Əsgərlikdən qayıdandan sonra gəldim burdakı universitetə dedim ki, mən heç sizin fakültəni bəyənib, oxumuram da. Bilirdim axı, bilirdim ki, Moskvada hekayələrimi qəbul eləyiblər. Kimim vardı ki?! Əyalətdən gəlmiş cavan oğlan idim də. İndi elə şeylər eləmək olar?!

- Deyirsiz ki, mahnı mətnləri yazıçılığınızı “yemədi”, amma neçə illərdi ki, ortaya nəsr də qoymamısınız…

- Düzdü, amma bu o demək deyil ki, mən heç nə yazmamışam. Sadəcə, neçə illər idi ki, oxucu yox idi. İndi baxıram ki, romanlar, kitablar çıxır, təqdimatlar keçirilir, ədəbi müzakirələr, proseslər gedir. Bu da sizin nəslin xidmətidi. Və indi-indi görürəm ki, oxucu da yaranmağa başlayıb. Bu oxucunu da siz qazanmısınız. Mən də fürsətdən istifadə eləyib, sizin qazandığınız bu oxucuya şərik olmaq fikrindəyəm, yəni bu yaxınlarda mən də nəsrimi ortaya çıxaracam.

- Bizim qazandığımız oxucuya şərik çıxırsınız, çıxın, amma Sizin oxucu qazanmaq şansınızı bizimkindən çox idi. Uzun illər efir əlinizdə idi, şoulara, verilişlərə çıxırdınız. Fürsətdən istifadə eləyib, o tamaşaçını oxucuya çevirə, buna cəhd edə bilərdiniz…

- Bayaq dedim axı, buna zaman lazım idi. İnsanlar özləri, təbii şəkildə ədəbiyyata qayıtmalı idilər. Başlarını seriallardan, şoulardan, meyxanadan qaldırıb, özlərinə sual verməli idilər ki, ay balam, axı ədəbiyyat deyilən bir şey də var, hanı, hardadı o? Bax, indi o dövrdü. İndi tamaşaçı həm də oxucu olmağa hazırdı. Düzdü, ortalıqda elə böyük rəqəm yoxdu, elə sən deyən böyük, həvəsli oxucu kütləsi yoxdu, amma oxumaq istəyən var.

- Özünüz necə oxucusunuz? Maraqlanırsınız son dövrlərin ədəbiyyatı ilə?

- Əlbəttə. İndi yazan gənclərin demək olar ki, hamısını oxuyuram. Yaxşıdı, hamısı nəsə yazmağa, ortaya nəsə qoymağa cəhd eləyir. Ola bilər ki, kiminsə yazdığı uğurlu alınmayıb, kiminsə yazdığı ürəyimiz istəyən səviyyədə deyil, amma belə həvəsin, entuziazmın olmağının elə özü də çox yaxşıdı. Sadəcə, heyfsiləndiyim bir şey var ki, sovet vaxtlarının bəzi ənənələri indi yoxdu. O vaxt biz bir-birimizə kitablar, müəlliflər məsləhət görürdük, kimsə bir kitabın adını çəkirdisə, mütləq gedib o kitabı tapıb, oxuyurduq. Amma indi elə şey yoxdu, ədəbiyyata yaxın ən yaxşı dostum Rafiq Tağıdı, bu neçə ildə hələ o mənə bir dənə də olsun, kitab məsləhət görməyib ki, onu oxu.

Bu arada Baba müəllimə zəng gəldi, onu artıq adət elədiyi “zəhərli” və “nemətli” məclislərdən birinə dəvət eləyirdilər. Baba müəllimin leksikonunda “zəhər” - siqaret, “nemət” - içkidi. Söhbətimizi yekunlaşdırıb, ayağa qalxdıq və qonağımdan ayrılandan sonra da bu yaxınlarda oxuculara ciddi nəsr təqdim etməyə hazırlaşan Baba müəllimin o əsərləri harda, nə vaxt yazdığı barədə uzun müddət düşündüm…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9641
avatar

Günel Mövlud

Oxşar yazılar