Dərinin daha nəmli və parlaq görünməsinə kömək etdiyi bildirilən qar göbələyi son illər kosmetika sənayesinin ən çox maraq göstərdiyi təbii məhsullardan birinə çevrilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, elmi adı “Tremella fuciformis” olan qar göbələyi güclü nəmləndirici və antioksidant xüsusiyyətlərinə görə “təbii gənclik iksiri” adlandırılır. Ağ və şəffaf görünüşü ilə seçilən bu göbələk əsrlərdir Çin mətbəxində və ənənəvi Şərq təbabətində istifadə olunur.
Dərinin nəm ehtiyatını qoruyur
Qar göbələyinin tərkibində suyu özünə çəkərək saxlaya bilən polisaxaridlər mövcuddur. Bu maddələrin dərinin nəm baryerini dəstəklədiyi, quruluğun və dartılma hissinin azalmasına kömək etdiyi bildirilir.
Göbələkdən alınan ekstraktın təsiri çox vaxt hialuron turşusu ilə müqayisə olunur. Kiçik molekulyar quruluşa malik olması onun kosmetik məhsullarda nəmləndirici komponent kimi istifadəsinə imkan verir. Buna görə qar göbələyi ekstraktına kremlər, serumlar, maskalar və gözətrafı qulluq vasitələrinin tərkibində rast gəlinir.
Qırışların görünüşünü azalda bilər
Qar göbələyinin dərini birbaşa cavanlaşdırdığı və ya yaşlanmanı tamamilə dayandırdığı elmi şəkildə sübuta yetirilməyib. Bununla belə, yaxşı nəmləndirilmiş dəridə incə xətlər və yorğunluq əlamətləri daha az nəzərə çarpa bilər.
Məhsulun antioksidant xüsusiyyətlərinin dərini oksidləşdirici stressdən qorumağa, elastikliyini və daha dolğun görünüşünü dəstəkləməyə yardım edə biləcəyi qeyd olunur. Lakin bu nəticələr göbələyin insanı bioloji baxımdan cavanlaşdırması demək deyil.
Qar göbələyinin dəriyə mümkün təsirləri ilə bağlı daha geniş və uzunmüddətli klinik tədqiqatlara ehtiyac var. Mövcud məlumatlar onun əsas üstünlüyünün yaşlanmanı dayandırmaqdan daha çox, nəmləndirici və qoruyucu təsirlə bağlı olduğunu göstərir.
Mütəxəssislər göbələk tərkibli məhsulları istifadə etməzdən əvvəl dərinin kiçik hissəsində sınaq aparmağı tövsiyə edirlər. Göbələyə qarşı allergiyası olanların, hamilə və süd verən qadınların, həmçinin daimi dərman qəbul edən şəxslərin qida əlavələrindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi vacibdir.
Qar göbələyi kosmetik qulluq vasitəsi kimi faydalı ola bilsə də, günəşdən qorunma, sağlam qidalanma, kifayət qədər yuxu və düzgün dəri qulluğunu əvəz etmir.