Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasının şimal-qərb bölgəsində yarasa yeyən uşaqdan ötürülən virusa görə 50-dən çox insanın öldüyünü açıqlayıb. Hələlik diaqnozu qoyulmayan xəstəliyin ölüm göstəricisinin 12,49 faiz olduğu açıqlanıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasının şimal-qərbində 50-dən çox insanın naməlum xəstəlikdən dünyasını dəyişdiyini açıqlayıb. Bildirilib ki, xəstəliyin əlamətlərinin görünməsi ilə ölüm arasındakı müddət son dərəcə qısadır.
Bildirilib ki, epidemiya yanvarın 21-də başlayıb və ÜST-nin məlumatına görə, indiyədək 419 yoluxma halı qeydə alınıb. Məlum olub ki, bunlardan 53-ü ölümlə nəticələnib və xəstəlikdən ölüm nisbəti COVID-19-da 3,14 faizlə müqayisədə 12,49 faiz təşkil edib.
COVID-19-da olduğu kimi, bu xəstəliyin yarasalardan insanlara keçdiyi düşünülür. ÜST-nin Afrika ofisinin məlumatına görə, ilk hallar Boloko şəhərində aşkarlanıb. Uşağın yarasa əti yedikdən sonra 48 saat ərzində qızdırma əlamətləri ilə öldüyü bildirilir.
Əvvəlcə Ebola və ya Marburq kimi tanınmış hemorragik qızdırma xəstəliklərindən biri olduğu düşünülsə də, testlər bu xəstəliklərin neqativ olduğunu göstərib. Bəzi hallarda malyariyaya da bənzədilib. Vəhşi heyvanlardan insanlara keçən xəstəliklərlə bağlı narahatlıqların artdığı vaxtda, vəhşi heyvanların istehlakının belə xəstəliklərin yayılmasında təsirli ola biləcəyi bildirilir.