Süni intellektə əsaslanan “ThermoFace” metodu sayəsində insanların üz temperaturlarını ölçməklə onların səhhətini və qocalma dərəcəsini müəyyən etmək mümkün olacaq.
Lent.az xəbər verir ki, həyatımızı hörümçək toru kimi əhatə edən süni intellekt texnologiyalarına bir yenisi də əlavə edilib.
Son zamanlar səhiyyə sektorunda geniş yayılan süni intellekt sistemləri üçün, sadəcə üzün skan edilməsi ilə xəstəliyin diaqnozunun qoyulması üçün üsul hazırlanıb.
Alimlər üzün müxtəlif nahiyələrində temperaturun dəyişməsi ilə xəstəliklər arasında əlaqəni aşkar etmək üçün süni intellektin dəstəyi ilə araşdırma aparıblar.
Tədqiqatçılar təxminən 2800 iştirakçının üzlərinin termal fotoşəkillərini çəkib və bu şəkillərdə 54 nöqtəni müəyyən ediblər.
Tədqiqat çərçivəsində termal məlumatlarla hazırlanan süni intellekt modeli müxtəlif bölgələrdəki temperaturlara baxaraq iştirakçıların bioloji yaşını müəyyən edib.
Böyük bir qrup tərəfindən aparılan araşdırmada yaşlandıqca burun və yanaqların daha soyuq olduğu müəyyən edilib.
“ThermoFace” adlanan bu üsul, metabolik xəstəlikləri olan insanların göz ətrafının daha isti olduğunu və daha sürətli termal yaşlanma göstərdiyini üzə çıxarıb.
İştirakçıların qan nümunələrini təhlil edən alimlər, göz və yanaq ətrafında temperaturun artmasının daha çox iltihabla əlaqəli olduğunu aşkarlayıb.
Beləliklə proqram vasitəsilə üzün müəyyən nöqtələrindəki temperatur vasitəsilə insanlara diaqnoz qoymaq mümkün olacaq.